VERGİDƏ VƏ GÖMRÜKDƏ İŞ ADAMLARINI NECƏ "SINDIRIRLAR" ?- Kimi ağzını tikir, kimi də nazirə "atam" deyir
Razılıq verməyib, etiraz edəndə hədə-qorxu işə düşür - “yoxlama barədə qərar açacağıq, mallarının gömrük sənədlərindən tutmuş dövriyyənə qədər hər şeyi yoxlayacağıq, lazım olsa cinayət işi açacağıq”...
Azərbaycanda ən iri iş adamlarından biri olan Hacı İbrahim tərəfindən haqqı tapdalandıgı iddia olunan Elşad Məmmədov 355000 manatının batırılmasına qarşı bütün çabalarının nəticəsiz qalması üzündən ağzını tikməklə etiraz etməyə məcbur olub. Konkret olaraq, bu hadisənin detallarını və tərəflərin hansının haqlı olub-olmadığı məsələsi hüquqi həllini tapmasa da, ümumilikdə Azərbaycandakı orta və kiçik ranqlı iş adamları üçün simvoıik xarakter daşıyır. Təbii ki, Hacı İbrahim səviyyəsində hakimiyyətdə dayaqları olan iri iş adamları daha fərqli vəziyyətdədirlər və belə problemlərin əksəriyyəti məhkəmələr tərəfindən məhz onun kimilərin xeyrinə həll olunur.
Hacı İbrahim kimi iş adamlarının Ziya Məmmədova yox, yetim – yesirə gücü çatır
Ancaq məsələn, bir müddət öncə Hacı İbrahim dənizdə salmağa çalışdığı şəhərciyə torpaq daşınmasında problemlə üzləşmişdi. Problemi kim yaratmışdı – hörmətli nəqliyyat naziri Ziya Məmmədov cənabları. Belə ki, guya həmin maşınlar asfalt örtüyünə ziyan vururdu. Həmin vaxt müsahibə verən Hacı İbrahim çox məsum şəkildə bildirmişdi ki, axı bu maşınlar heç asfalt yola çıxmır və ümid edir ki, hörmətli nazir bu qadağanı aradan qaldıracaq. Bilmirik həmin söhbətin axırı nə oldu, yəqin ki ”həll olunub”, ancaq demək istədiyimiz odur ki, Ziya Məmmədov kimisinin qarşısında bir cür, sahibsiz birinin qarşısında isə başqa cür davranmaq nə bir imkanlı iş adamına, nə də sadə Allah bəndəsinə yaraşmaz.
İş adamı nazirə “atam” deyirsə...
Amma bilmirik obyektləri əlindən alınan metro ticarətçiləri Tagı Əhmədova “atam” deyir, yoxsa yox. Böyük ehtimalla nəsə başqa şey deyirlər. Yeri gəlmişkən, məmur-sahibkar münasibətlərinin daha bir eybəcər təzahürü – məhkəmə hakiminin adından metrodakı ticarət obyektlərindən pul yıgılıb. Bəli, ticarət nöqtələri əlindən alınan sahibkarlar iddia edir ki, onlardan qeyri-qanuni haqq tələb edənlər və alanlar Tağı Əhmədovun hakim işləyən oğlu Rauf Əhmədovun adından danışıblar. Kimsə iddia edə bilərmi ki, bundan metropoliten rəisinin xəbəri olmayıb? Mümkün deyil. Deməli, yazıq sahibkara haqq qoyanlar sırasına məhkəmə-hüquq sistemi də qoşulub. Özü də hansısa mübahisəli məsələni məhkəmədə onun xeyrinə həll etmək yox, sadəcə ailə biznesinə çevrilən metro ticarətinə görə haqq yığmaq üçün. Bu “qəhrəmanların” siyahısına Hacıbala Abutalıbovu da qatmaq olar. Bu günə qədər onu məhkəməyə verən sahibkarların sayı hesabı yoxdur. Nə faydası? Paytaxt meri kimi yüksək və strateji postunun sahibi Hacıbala Abutalıbov olan ölkənin hakimlərindən nə gözləyəsən?
Ancaq yenə də, bütün bunlar sahibkarlara tutulan total divanın yalnız görünən və ictimailəşən hissəsidir...
Mərd idi, verği qova-qova namərd etdi
Sahibkarların dəyəri yol kənarındakı agaclar qədər də deyil?
Bir hökumət öz sahibkarına bu qədər qənim kəsilərmi? Ölkə başçısı dəfələrlə sahibkarların dayağı olduğunu deyib. Ancaq reallıqda məmurlar sahibkarları doğma-ögeyə bölürlər. Doğmalar doğrudan da qohum əqrabaları və qoyulmuş “haqqı” vaxtlı-vaxtında çatdıranlar, ögeylər isə hakim klana uzaqdan-yaxından əlaqəsi olmayan və zəhməti ilə dolanmağa və başqalarını da dolandırmağa çalışanlardır. Yəni doğrudanmı hökumətdəkilər anlamırlar ki, hər bir hətta ən kiçik dükanı olan sahibkar dövləti böyük yükdən azad edir. Çünki, özü ilə bərabər kimə və kimlərəsə maaş, qazanc verir , işsizliyi yalançı rəqəmlərdə yox, reallıqda aradan qaldırır. Bu insanları incitmək deyil, onlara xidmət etmək elə dövlətə xidmət etmək deyilmi? Əgər bunu başa düşmürlərsə, yaxud sahibkarlarla birbaşa ünsiyyətdə olan qurumların başına yalnız varlanmaq və onları cəzalandırmağı məqsəd bilənlər gətirilirsə, deməli ağzı tikilən və tikdirilən sahibkarlarımız hələ çox olacaq...
Yeri gəlmişkən, bir müddət əvvəl Agdaş-Qəbələ yolunun genişləndirilməsi layihəsinə baxan prezident Ziya Məmmədova irad tutdu , buna qətiyyən razı olmadıgını dedi və qdağa qoydu. Çünki, bu zaman çoxlu sayda ağac məhv ediləcəkdi, şumlanacaqdı. Dedi “yaxşı ki, mən gəldim və bu layihəni gördüm...” Ancaq ola bilsin ölkə başçısı bilmir ki, Ziya Məmmədovla yanaşı sahibkarlarla birbaşa və dolayısı münasibətdə olan digər bir çox nazir və iri ranqlı məmurlar nəinki ağacları, onlar insanları, insanların min əziyyətlə qurub-yaratdıqları ışləri, obyektləri, deməli dolayısıyla da taleləri məhv edir, şumlayıb keçir və heç “uf” da etmir... Ağac nədir ki?
CƏLAL
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.