Cəmil Həsənli onun plakatını cıran gənci bağışladı

"Mənim o gəncdən heç bir şikayətim yoxdur, hakimiyyəti həmin gənci azadlığa buraxmağa çağırıram"

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və dostlarının həbsi cəmiyyətdə qınaqla qarşılandı. Gənclərin, xüsusilə Türkel Kərimlinin həbsi AXCP sədri Əli Kərimlinin siyasi fəaliyyətilə əlaqələndirildi, hakimiyyətin ona qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirildi.

Yada salaq ki, polis Türkel Kərimli və dostları prezidentliyə namizədlərin təşviqat plakatlarını cırmaq adı ilə saxlayıb. Lakin sonradan onlara polisə müqavimət ittihamı irəli sürülüb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Türkel Kərimli 25, dostları Coşqun Salahov 30, Ülvi Nuriyev isə 20 sutka müddətinə azadlıqdan məhrum edilib.

Bu olayın ictimaiyyət tərəfindən pislənilməsi hakimiyyəti "balans"ı gözləməyə məcbur etdi. Sentyabrın 27-də Bakı sakini 30 yaşlı Şahin Rzayev Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin plakatını cırmaqda ittiham edilərək Nərimanov rayon Məhkəməsinin qərarı ilə 25 sutka azadlıqdan məhrum edildi. Lakin bu hadisə elə ilk gündən hakimiyyətin oyunu kimi dəyərləndirildi. Yəni, iqtidar bununla belə rəy yaratmağa çalışır ki, Türkel Kərimlinin həbsi hansısa qərəzdən irəli gəlmir.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli də bu hadisəni iqtidarın oyunu kimi qəbul edir və Şahin Rzayevdən heç bir şikayətinin olmadığını bildirir. O, bu barədə "Azadlıq"a açıqlamasında deyib: "Mənim o gəncdən heç bir şikayətim yoxdur. Əgər o mənim təşviqat plakatımı cırıbsa belə, mən onu bağışlayıram və hakimiyyəti həmin gənci azadlığa buraxmağa çağırıram".(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar