"Akif Muradverdiyevlə yasda görüşdük..." - Eldar Namazov

"Mən 2005-ci ildən sonra nə dövlət adamları ilə, nə də siyasətlə məşğul olan iqtidar, yaxud müxalifət nümayəndəsi ilə görüşmüşəm. 2010-cu ildən sonra hərdənbir yas mərasimlərində keçmiş həmkarım Eldar Namazovla görüşərdik. Onun da söhbətlərində, danışıqlarında ölkə başçısına qarşı kiçicik də olsa narazı bir söz eşitməmişəm. Ola bilsin ki, hakimiyyət dairələrində kimdənsə narazılıq olub. Bu o demək deyil ki, belə görüşlərdə hər hansı bir çirkin niyyət olub".

Teleqraf.com-un məlumatına görə, bunu prezidentin sabiq işlər müdiri, məhbus Akif Muradverdiyev “Media forum” saytına müsahibəsində bildirib.

Akif Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi bu il fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı.

Politoloq Eldar Namazov Teleqraf.com-a açıqlamasında bildirdi ki, həqiqətən də iki il öncə A.Muradverdiyevlə görüşüb: "Bilirsiniz ki, bizim ailəyə iki dəfə yas düşdü. Əvvəlcə anamı, sonra bacım oğlunu itirdik. Yas mərasimlərinə çoxlu adamlar gəlirdi, mənə başsağlığı verirdilər. Onlardan biri də Akif Muradverdiyev idi. Akif müəllimlə mən 6 il bir yerdə - Prezident Administrasiyasında işləmişik. Mən prezidentin katibi idim, o isə işlər idarəsinin müdüri. Hər gün bir-birimizi görürdük, salamlaşırdıq. Bu mənada onun mənim ailəmdə baş verən hüzr mərasiminə gəlməsi normaldır. Orada heç bir siyasi söhbət olmadı. Dedi ki, övladları işsizdir. Bir oğlu xaricdədir. Mən də oğlumdan danışdım. Ümumi söhbətlər etdik. Görün, hansı vəziyyət yaranıb ki, biz indi hətta yas mərasimlərindəki söhbətlərimizlə bağlı hesabat verməli oluruq. Mən bu gün Avropa Şurasının baş katibi Torbyörn Yaqlandla görüşdə də bu kimi məsələlərə toxundum".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar