“Müqavimət olmasa, Putin Kiyevə kimi gedəcək” – XƏBƏRDARLIQ

“Əgər ukraynalılar Krımda müqavimət göstərsəydilər, hər şey tamamilə başqa cür ola bilərdi”

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov Latviyanın “Delfi.lt” informasiya portalına maraqlı müsahibə verib.

Boris Nemtsov Rusiyanın birinci prezidenti Boris Yeltsin zamanı Nijniy Novgorod vilayətinin qubernatoru (1991-1997-ci illər),Yanacaq və Energetika Naziri (1997) və Baş Nazirin birinci müavini (1997-1998) vəzifələrində çalışıb. Fizika-riyaziyyat elmləri namizədidir. Boris Nemtsov Rusiya prezident Vladimir Putinin kəskin tənqidçisi kimi tanınır.

Bu müsahibəsində də Putini hədəfə götürən Nemtsov, onun Ukrayna siyasətini təhlil edərək maraqlı arqumentlərlə ifşa edib.

AzPolitika.info qısa ixtisarla müsahibənin tərcüməsini təqdim edir.

- Nə üçün Putin Krımda dayanmadı? Bundan sonra hadisələr necə davam edəcək?

- İrəlidə nəyin baş verə biləcəyini qiymətləndirmək üçün məqsədin nədən ibarət olmasını anlamaq lazımdır. Putinin məqsədi hakimiyyət və pulun saxlanılmasıdır. Krımın ilhaq edilməsi Putin hakimiyyətini gücləndirdimi? Cavab belədir ki, bəli. Əminəm ki, ona olan dəstək 80%-ə qədər yüksəldi. Taktiki baxımdan o, qalib gəldi. Ancaq bu bəllidir ki, Putin strateji tərəfdən uduzdu. İnsanları aldadırlar. Heç kim Krıma dincəlməyə getməyəcək, ölkədə qiymətlər qalxacaq, sanksiyalar üzündən iqtisadiyyat aşağı düşəcək. Ancaq o, taktiki düşünür. Görəndə ki, imperiya olmaq təblığatı ilə uyuşdurulmuş başlar fərəh və coşqu hissi keçirir, onda qərara aldı ki, bu məsələni gündəmin əsas mövzusuna çevirsin. Təbii ki, söhbət rusların müdafiəsindən getmir. Əgər o, rusları müdafiə etmək istəsəydi, Türkmənistana yollanardı, ona görə ki, orada rusları sıxışdırırlar, mənzillərindən çıxarıb qovurlar. Lakin bunlar onu maraqlandırmır. Donbasdakı ruslara heç kim dəyib toxunmur. Luqansk və Krımda da həmçının. Burada məqsəd ayrıdır. Məqsəd Ukrayna və Qərbdən düşmən obrazı yaratmaqdır. Bununla da Putin ictimaiyyəti öz ətrafında birləşdirmək istəyir.

- Bəs nə üçün məhz Ukrayna qurban kimi seçilib?

- Ona görə ki, ukraynalılar prezidenti devirdilər. Necə ola bilər ki, xalq öz prezidentini devirir? Putin məsələni özünə lahiyələndirir. Əgər ukraynalılar Kiyevdə Yanukoviçi devirdilərsə, bəs onda Moskvada məni - böyük Putini nəyə görə aşıra bilmirlər? Bu cür hakimiyyət devrilməsinin mümkün olmamasını göstərməkdən ötrü, ona Ukraynada xaos yaratmaq gərəkdir ki, barmağını tuşlayaraq deyə bilsin ki, onlar prezidenti devirdilər və indi baxın görün necə yaşayırlar. Başqa səbəb isə biznesdir. İndi özünü respublika elan etmiş Donbasın maliyyə səhmləri onun oliqarxlarına keçəcək. Rinat Axmedovun əlindən alacaqlar və özləri qazanacaqlar.

- Bəs yekunda nə olacaq?

- Hər şey ukraynalılardan asılıdır. Əgər ukraynalılar müqavimət göstərməsələr, o, bütün ölkəni zəbt edəcək.

- Doğrudanmı, o, bu cür hərəkət edə bilər?

- Əgər müqavimət olmasa, onda bəli. Bir güllə atılmadan Krım alındı. Ukraynanın yeni prezidenti iqtisadi reformalara başlamasa, normal döyüş qabiliyyətinə malik ordu qurmasa, xüsusi xidmət yaratmasa, onda...

- Axı bu çoxlu zaman alacaq?

- Bəli, əgər bunlar edilməsə o, Kiyevə kimi gedəcək. Ona nə mane olur ki? Qərb yayğın bir skeleroz halındadır. Onlar heç cür konsentrasiya oluna bilmirlər. Ukraynalılar müqavimət göstərmir. Daha əla, Kiyev rusların ana şəhəridir. Kiyevdə həmçinin Peçora Lavrası var.

- Krımın zəbt edilməsi ilə əlqədar necə davranmaq məsələsində Putinin tərəddüd etməsi haqqındakı informasiyanı necə qiymətləndirirsiniz. Onda şübhə yaradacaq hansı səbəb olub?

- Olarmı mən öz versiyamı söyləyim? Əgər ukraynalılar Krımda müqavimət göstərsəydilər, hər şey tamamilə başqa cür ola bilərdi. Putin qurbanlar vermək bahasına müharıbə istəmir. Ona görə ki, qurbanlarla müşahidə olunan müharibə populyarlığı kəskin aşağı salır. İraq müharibəsini yadınıza salın. Əvvəl hamı coşqu içərisində idi, sonra Buşa nifrət etməyə başladılar. Ona görə ki, qurbanlar verilirdi, tabutlar yollanırdı. Elə bunu da Putin əla başa düşür.

- O görur ki, praktikada hər şey əladır və deməli bu ruhda da davam etmək olar?

- Elədir ki, var. Müqavimət yoxdursa irəliyə doğru hərəkət etmək olar.

- Rus siyasi eltası belə hesab edir ki, ukraynalılar və belaruslar ayrı -ayrı xalqlar deyillər. Ona görə də onların baxçasında çox rahat şəkildə ağalıq etmək olar. Bu həqiqətdirmi?

- Rusiyadakı siyasi elita müxtəlifdir. Putin əsasən pravoslavlarla vuruşur. Siz bunu hiss etməmisinizmi? Gürcülərlə, ukrayınlarla. Mən bunu ağlıma yerləşdirə bilmirəm, ancaq o, faktiki olaraq qonşu pravoslavlarla vuruşur. Belə çıxır ki, növbədə belarurslardır. Prinsip etibarı ilə rus ideyasına baxsaq, onda Belarus növbəti qurbandır. Amma iş ondadır ki, Lukaşenko çox hiyləgərdir. O orduya və xüsusi xidmət orqanlarına böyük pullar sərf edir. Lukaşenko müqavimət göstərəcək. Onunla adekvat olaraq tamamilə nə edəcəklərini heç də düşünə bilmirlər. O ki qaldı onların bir-birlərinə nifrət bəsləməsinə, buna heç bir şübhə yoxdur. Mən bunu bilirəm.

- Əsl həqiqətdə Putinin ideologiyası necədir? Bəziləri deyir ki, Putin Aleksandr Duqinin baxışlarının izi ilə gedir. Litovlu ekspert Majeyks bildirir ki, Putin Surkova qulaq asaraq, hakimiyyət vertikalı qurur və qərbə qarşı düşmən münasibətinə söykənən ideyalar sistemi ilə ənənəvi dəyərlər müdafiə edilir. Doğrudanmı belədir?

- Onların ideologiyası hakimiyyət və puldur. Onlar dərin mənada mənəviyyatsız insanlardırlar, başqa ideologiyaları yoxdur və Rusiyanı bütün ətrafı ilə mübahisəli bir vəziyyətə gətiriblər. Ukrayna xalqının timsalında düşmən qazanıblar. Onlar hələlik əsəbi şəkildə qıcıqlanıb diksinən Lukaşenko və Belarus xalqını qazanıblar. Belaruslar fikirləşirlər ki, növbəti qurban onlar olacaqlar. Əsəbi Pribaltika qazanıblar. Nazarbayev və qazaxlar da diksinirlər. Duqin kimilər qardaşlıqdan çox danışa bilərlər. Ancaq siyasi praktika belədir ki, Rusiyanın ətrafı tamamilə düşmənlərlə doludur. Kimlər BMT BAŞ Assambleyasında Rusiyanın Ukraynadakı hərəkətlərinə səs verdi? ŞimaliKoreya, Zimbabve, Belarus, Ermənistan, Venesuela. Hətta onun müttəfiqləri olan İran və Qazaxıstan səs vermədi. Bax budur onun müttəfiqləri. Mən hesab edirəm ki, hər hansısa qardaşlıq barəsində boşboğazlıq bir şeydir, siyasi praktika isə tamamən ayrı bir şeydir. Dostluq əvəzinə nifrət və düşmənçilik qazanılıb.

- Mənim Rusiya tərəfindən işgal edilən Krıma getmiş bir neçə moskvalı ilə söhbət etmək imkanım olub. Onlar deyirlər ki, adamlar həqiqətən də sevinirlər ki, Rusiyanın tərkibinə qatılıblar. Bəlkə onlar üçün həqiqətən də yaxşıdır?

- Mənə məlumdur ki, Krımdakıların əksəriyyəti Donbas və Luqanskdan fərqli olaraq Rusiyaya birləşmək istəyiblər. Belə düşünürəm ki, Meksikada yaşayanlar da Amerikaya birləşməyin tərəfdarıdırlar. Əgər oranın vətəndaşlarına siz Amerikadakı kimi əmək haqqı almaq və Amerikadakı kimi yaşamaq istəyirsinizmi sualı ilə müraciət edib, referendum keşirilsə, onda meksikalıların əksəriyyəti ABŞ-a birləşməyin lehinə səs verəcək. Ancaq bu o demək deyil ki, Amerika Meksikanı özünə birləşdirməlidir.

İş ondadır ki, nüvə silahının yayılmaması haqqında müqavilə və öhdəlik var. Nüvə təhlükəsizliyi var. Putin Krımı birləşdirərək faktiki olaraq nüvə silahı ilə əlaqədar Ukraynanın nüvə silahı saxlamaması statusuna aid 1994-cü il Budapeşt memorandumunu pozub. Bu memoranduma görə nüvə silahından imtina edən Ukraynanın ərazi bütövlüyünə Rusiya təminat vermışdi. O bunu pozub. O, Ukrayna ilə Rusiya arasında 1997-ci ildə bağlanmış dostluq və əməkdaşlıq müqaviləsini də pozub. Həmin müqaviləyə əsasən, Sevastopolda Qara Dəniz flotunun yerləşdirilməsinin əvəzinə Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat vermışdı. O qərara alib ki, dünya qaydasını, nüvə qaydasını partlatsın. Bu isə onun ətrafda dəhşət və anlaşılmaz düşmənşilik yatatmaq istəyindən irəli gəlir.

Krımla bağlı eyforiya tez ötüb gedəcək. Aydın olur ki, Krımda dincələnlərin 70 faizi ukraynalılardır və indi onlar oraya getməyəcəklər. Rusları Krıma getməyə məcbur etmək asan məsələ deyil. Bir il bunu onları məcbur edə bilərlər, amma sonra problemlər çıxacaq. Ona görə ki, ruslar Soçiyə və Türkiyəyə gedirlər. Moskvadan pul körükləməklə bəlkə nələrsə dəyişər. Siz söz saldığınız həmin adamların əhval–ruhiyyəsi 6-9 aydan sonra kəskin şəkildə dəyişiləcək.

- Rusiyanın Ukraynadakı hərəkətlərini bütün dünya birliyi qınadığı bir vaxtda mənim əksəriyyət ruslara verdiyim suala onlar “nə üçün amerikanlara olar, bizə yox”, cavabı verdilər. Siz onlara nə deyərdiniz?

- Əvvəla Kosovonı heç yana birləşdirmədilər. Kosovo ilə əlaqədar Birləşmış Milllətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarı vardır ki, onu vətəndaş Putin özü də müdafiə edib. Ona görə də Kosovonu nümunə göstərmək həyasızcasına təhrifdir. Sonra iddia edirlər ki, amerikanlar Krıma girmək istəyiblər. Bu yalandır, onların belə bir şey istəməsi haqqında bircə fakt belə yoxdur. Konstitutsiyasına görə Ukraynanın ümumiyyətlə bloklara qoşulmamaq statusu vardır və prinsipə görə kimsə həmin ölkəyə girə bilməz.

Hansısa yalançı təbilğat maşını işləyir. Bu vasitələrlə xalqı axmaqlaşdırırlar. Çox təəssüf ki, adamlar onun yalanlarına inanmağa meyillidir. Bu ruslara münasibətdə informasiya müharibəsi yox, informasiya terrorudur. Putin rus adamının beynini “yeyib”. O, onu dəyişib. Kosovo, faşistlər və benderovçularla mübarizə barəsində Putinin yalanlarının implantasiyası gedir. Ümumiyyətlə isə bu intellektual terrordur.

Onlar Odessa haqqında deyirlər ki, bu vətəndaş qarşıdurmasının və müharibənin real nümunəsidir. Əslinə isə bu təxribatın, diversantların göndərilməsinin və bir qrup insanın digərlərinə qarışı qoyulması üçün informasiya təsirinin bariz nümunəsidir. Bu yaramaz əvvəlcə adamların bir-birinə nifrət etməsini təşkil edir və sonra isə deyir ki, necə də dəhşətdir. Nəyə görə yalan danışırlar ki, orada faşist-benderlərdir, xuntadır və hakimiyyət legitim deyil? Bunlar hamışı yalandır. İnsanları bir-biriləriylə toqquşdurmaq yaramazlıq və miskinlikdir. Sonra isə deyirlər ki, bəs faşistlər insanları oda verir.Putin xalqlar arasında nifrətin qızışdırılmasının birbaşa cavabdehidir.

- Sizin sanksiyalara münasibətiniz necədir?

- Mən bir ölkə kimi Rusiya əleyhinə olan sanksiyalara qarşıyam və personal sanksiyaların tərəfdarıyam. Hesab edirəm ki, Putinin milyardlar qazanmış oliqarxlarına qarşı sanksiyalar daha doğru olardı. Çox təəssüf ki, belə sanksiyalar tətbiq olunmur. Avropa bu cür sanksiyalar tətbiq etməyib, amma Amerika isə edib. Avropalılar qorxdular. Yalanı təbilğ edən jurnalistlərə qarşı sanksiya isə doğru addımdır. Krımın anneksiyasına görə gizli fərmanla medal alan jurnalistlər, jurnalist deyil. Bu şəxslərin hamısı jurnalist peşəsini satan və Putin cəbhəsinin döyüşçüləridir. Onlar nifrəti qızışdıranlardır.

Bu tamamilə komediyadır. Formal jurnalist hesab edilənlərə gizli fərmanla orden və medal verirlər. Putin onları casus-diversant və informasiya döyüşçüləri hesab edir. O onlara jurnalist kimi yanaşmır. Onlara tapşırıq verirlər ki, mənfur şeylər yazsınlar, beyinləri yusunlar,yalan desinlər. Belələri beyinlərə benzin tökür.

- Litva haqqında danışaq. DELFİ-yə verdiyiniz bu yaxınlardakı müsahibənizdə NATO üzvü olduğu üçün Litvanın Rusiya tərəfindən hərbi təhlükəyə məruz qalmayacağını bildirmisiniz. Keçən həftə Litva Müdafiə Naziri Rusiyadan nota alıb ki, Rusiya birtərəfli qaydada 2001-ci ildə Litva ilə bağlanmış qarşılıqlı inam və təhlükəsizliyin gücləndirilməsi müqaviləsini dayandırır.

- Litva ilə əlaqədər NATO nizamnaməsinin beşinci bəndi keçərlidir. Litvaya hücum etmək Amerikaya hücum deməkdir. Putin bütün Baltik ölkələrini Amerikanın casusu və düşmən hesab edir. Litvaya qarşı aqressiya Amerika ilə müharibə anlamına gəlir. O bu müharibəyə hazır deyil.

- Sizin siyasi fəaliyyətinizə toxunmaq istərdik. Putin rejiminin şərtləri daxilində sizin missiya necədir? Çətin ki, Siz nəyi isə dəyişə biləsiniz. Həm dəki Siz ən populyar və komfortlu mövqe seçməmisiniz.

- Yaxşı sualdır. Krımdan sonra Rusiya başqa bir ölkədir. Rusiya avtoritar olmaqdan çıxıb, indi bu ölkə diktaturaya dönüb. Əgər mən əvvəl siyasi müxalifət idimsə, indi mən artıq siyasi dissidentəm. Hətta seçkilərin imitasiya olunması da məhv edilib. Bu da dünənki Rusiyanı buğünkündən fərqləndirən cəhətdir. Mənim missiyam müqəddəs şəkildə ömrüm boyu inandığm ideyanı dissident, publisist kimi irəliyə sürməkdən ibarətdir. İkinci missiya hüquq müdafiəçisi fəaliyyətidir. Üçüncü missiya protest etməkdir. Son Putin qanununa görə mənim partiyam seçkilərdə iştirak etmək imkanından məhrum olunub. Formal olaraq partiya mövcuddur, lakin seçkilərdə iştirak edə bilmir.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar