“Yoxsa mən hansısa bir erməni daşnakı ilə görüşmüşəm?” - Akif Muradverdiyev

Xəbər verdiyimiz kimi, prezidentin sabiq işlər müdiri, məhbus Akif Muradverdiyev “Media forum” saytının suallarını cavablandırıb. Müsahibənin sonuncu bölümünü oxucuların diqqətinə çatdırırıq.

Akif Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi bu il fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı.

- Sizcə, MTN rəhbərliyi dövlət başçısına həbs olunacağınız barədə əvvəlcədən məlumat vermişdimi?

- Şübhə yoxdur ki, həbsimlə bağlı ölkə başçısına deyilib. Ancaq şübhə etmirəm ki, o qədər şər-böhtan dolu məlumat veriblər ki, prezident onlara inanıb. Mənim hava limanında saxlanıb həbs olunmağımda MTN əməkdaşlarının heç bir təqsiri yoxdur. Sadəcə, cənab prezident şər qüvvələrin dediklərinə inanıb.

- Vəzifədə işləyən insanın heç də hamı ilə münasibətləri normal olmur, maraqlar toqquşur, intriqalar yaranır. Vəzifədə işləyəndə münasibətlərinizin pis olduğu qüvvələrin sizin həbsinizdə iştirakı varmı?

- Mən 12 il prezidentin işlər müdiri vəzifəsində işləmişəm. Prezidentin işlər müdiri yalnız dövlət başçısına tabedir. Belə olan halda mənim kiminlə incikliyim, intriqam, yaxud toqquşan maraqlarım ola bilərdi? Prezidentin təyin etdiyi səlahiyyət sahibləri ilə qarşılıqlı hörmətlə işləmişəm. Elə işləmişəm ki, qarşılıqlı münasibətə xələl gəlməsin. Mənə qarşı qisasçılıq münasibəti Prezident Administrasiyasındakı keçmiş həmkarlarımdan qaynaqlanmayıb. Onlarla münasibətim qısqanclığa səbəb olmayıb.

- Yazıçı Rüstəm İbrahimbəyov müsahibələrinin birində qeyd edib ki, 2013-cü ilin əvvəllərində Bakıdan Moskvaya qayıdarkən təyyarədə sizi görüb, Moskvaya birlikdə getmisiniz. Sonra isə Rüstəm İbrahimbəyov öz avtomobili ilə sizi gedəcəyiniz ünvana aparıb. Belə bir hal olubmu?

- Rüstəm İbrahimbəyovun müsahibəsini oxumamışam. Çünki mətbuatı izləmək imkanım azdır. Ancaq Rüstəm İbrahimbəyovla bağlı məndən nə isə soruşursunuzsa, bunları deyə bilərəm. Həqiqətən mən Moskvaya gedirdim. Biletim “ekonomklas”a idi. Rüstəm İbrahimbəyovu təyyarənin salonunda görmədim. Onu pasport yoxlamasından keçəndə gördüm. Yaxınlaşdım, salam verdim. Məni tanımadı. Onunla olan bir nəfər mənim kim olduğumu deyəndən sonra yenidən salamlaşdıq. Mən elektrik qatarı ilə Kiyev vağzalına, oradan da Ukraynaya - Truskovetsə gedəcəkdim. O, məni məcbur etdi ki, gəlin, sizi maşınla şəhərə aparım. Nə qədər desəm də, mümkün olmadı. Çünki mən ona əziyyət vermək istəmirdim. Yollar tıxac idi. Çox qalın qar yağmışdı.

Kiyev vağzalına gəlib çatmağımız 2 saatdan çox çəkdi. Xeyli söhbət etdik. Kiyev vağzalına çatandan sonra üzbəüzdəki “Avropa” ticarət mərkəzinin birinci mərtəbəsində çay içdik. Yenə ordan-burdan söhbət etdik. Vəziyyətimlə maraqlandı. Prezidentlə münasibətimi soruşdu. Son vaxtlar görüşüb-görüşmədiyimlə maraqlandı. Dedim prezidentə olan hörmət və ehtiramıma 2005-ci ildəki həbsim qətiyyən təsir etməyib. Mənim də ona Ziyalılar Forumu ilə bağlı bəzi suallarım oldu. Mən son hadisələrə qədər elə bilirdim ki, Rüstəm İbrahimbəyov çox az ziyalılarımızdan biridir, bəlkə də birincisidir. Prezident İlham Əliyev tərəfindən hörmətlə qarşılanır. Mən özüm onunla tanış olmamışam. İlk dəfə mən onun “Komsomolskaya pravda” qəzetində 1980-ci ildə yazdığı “Soxrani mne moy talisman” məqaləsini oxuyanda, özünü tanımasam da, müstəqil fikrinə görə ona dərin hörmətim yaranmışdı.

Maqsud və Rüstəm İbrahimbəyovlar Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində əbədiyaşar ziyalılardır. Elə hesab edək ki, mən hər gün Rüstəm İbrahimbəyovla görüşmüşəm. Bu bəyəm cinayətdir? Yoxsa mən hansısa bir erməni daşnakı ilə görüşmüşəm? Bir soruşardılar ki, Rüstəm İbrahimbəyovla görüşəndə nədən danışırdınız? Bəlkə mənim ona bir müsbət təsirim olduğunu deyərdim. İndi zəmanədəndir, nədəndir, bilmirəm, Rüstəm İbrahimbəyovla görüşən düşmən olur, Maqsud İbrahimbəyovla görüşən dost? Mənim kiminlə görüşməyimdən asılı olmayaraq, başıma açılan bu məhrumiyyətlərə baxmayaraq Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan hakimiyyətinə münasibətim dəyişməzdir. Azərbaycan Respublikasının prezidenti bu dövlətin simvoludur. Onu sevib hörmət etmək hər bir vətəndaşın borcudur.

- Həbsxanada insan çoxmu dəyişir? Həbs həyata baxışınıza, ideyalarınıza çoxmu təsir edir?

- Bilirsiniz, mən dünyaya göz açan gündən özümü islah olunmuş insan kimi dərk etmişəm. Çünki həyatda nəyə nail olmuşamsa, öz zəhmətimin sayəsində əldə etmişəm. Mən heç vaxt dəbdəbəli həyat yaşamamışam. Məni dəyişdirə biləcək yeganə bir qüvvə qalır. O da ölümdür. O da yarandığım gündən mənimlə yatır, mənimlə oyanır. Hər an, hər dəqiqə onun girovundan qurtara bilərəm. O ki qaldı ideyaya, onu da qəlbimdən və baxışlarımdan ata bilmərəm.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, övladlarınız işsizdir. İndi necə, iş tapa biliblərmi?

- Mənim Moskvaya son dəfə - 2013-cü il iyunun 20-də, tutulduğum gün getməyimdə məqsədim ancaq və ancaq oğlumun iş məsələsi ilə bağlı idi. Baş verənlər isə sizə məlumdur.

Yəqin ki, hələ bilikləri çatmadığından onları işə qəbul etmirlər. Xaricdə təhsil almaq o demək deyil ki, artıq sən yetkin kadrsan. Həyatın əziyyətini görmək mənim də, övladlarımın da payına düşüb. Təqsirkar isə mən özüməm.

- Mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayıb. Bununla bağlı geniş əfv sərəncamı imzalanacağı gözlənilir. Əfv üçün müraciət etmisinizmi? Əfvə düşəcəyinizə ümid edirsinizmi?

- Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədr olması tarixi bir missiyadır. Mən bu münasibətlə Azərbaycan xalqını, cənab prezidenti ürəkdən təbrik edirəm. Şübhə etmirəm ki, bu müddətdə Azərbaycan dövləti, onun siyasi hakimiyyəti Avropa dəyərlərinə öz töhfəsini verəcək. Bu hadisə xalqımızın Avropa ailəsində nüfuzunu artıracaq.

O ki qaldı bu hadisə ilə əlaqədar əfv sərəncamının imzalanması məsələsinə, mən bunu növbəti dəfə ölkə prezidentinin öz vətəndaşlarına göstərəcəyi humanistlik kimi qiymətləndirirəm. Mən cənab prezidentə etdiyim müraciətlərdə istər dövlətimizə, istərsə də ölkə prezidentinə olan dəyişməz münasibətimi hər dəfə yazmışam. Bir daha məni unutmayan informasiya vasitələrinə, qəzetlərin yaradıcı kollektivlərinə öz təşəkkürümü bildirirəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar