Səməd Seyidovun tam, hərtərəfli və harmonik inkişafı

“Əli və Nino” kitab satışı mağazalarının birinin girişinə böyük bir dəmir səbət qoyublar. Həmin səbətin içindəki kitabların qiyməti 1 manatdır. Bunlar o kitablardır ki, onların tutduğu yer artıq mağaza sahibini də bezdirib. Həmin səbətin içərisində Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovun nəfis dərc olunmuş “Fenomenologiya tvorçestvo” kitabını da gördüm. Qiyməti baha olduğu (1 manat) üçün kitabı ala bilmədim.

Hələ bir neçə ay əvvəl yazmışdım ki, fenomenologiyanın əlifbasını bilməyən Seyidov bu mövzuda kitab yaza bilməz. Fikrim təsdiqini tapdı. Diqqət edin, Seyidovun rəhbərlik etdiyi Dillər Universitetində 6 mindən çox tələbə təhsil alır. Kitabın tirajı isə cəmi 500 ədəddir. Tələbələr rektorun kitabını almırlar. Özü də ucuzlaşmış kitabını...

Səməd Seyidovun bundan əvvəlki kitabının adı “Psixologiya menecmenta” idi. Kitab mağazalarının birində bu kitabın üstünü o qədər toz basmışdı ki, hörmətli müəllifin adı və soyadı belə oxunmurdu.

Yəqin ki, hörmətli tələbələr onun necə alim olduğunu və yazdığı kitabların mənasızlığını bildikləri üçün bu kitablara 1 manat belə qıymırlar. Səməd müəllimin sistemsiz təfəkkürü onun Gültəkin Hacıbəyliyə həsr etdiyi məqaləsində özünü bir daha göstərir. O yazır: “Bütün pedaqoji, araşdırmaçı və diplomatik fəaliyyətim boyunca mən insanın davranışının onun həyat və fəaliyyətinə necə təsir göstərdiyini və yönləndirdiyini müşahidə etmişəm. Təsadüfi deyil ki, psixologiya elmində şəxsiyyətin öz dəyərlər sistemilə birlikdə tam, hərtərəfli və harmonik inkişafı məsələsinə xüsusi diqqət yetirilir. Əsl şəxsiyyət ömrünün sonuna qədər bu dəyərlər sisteminə sadiq qalır və heç bir siyasi və ya sosial konyuktura, ictimai təlatümlər, ətrafının dəyişməsi onun dəyanətini sarsıda bilmir... Yəqin razılaşarsınız ki, söhbət ölkənin siyasi gələcəyindən gedəndə öz xalqının taleyindən yana narahat olan hər kəs öz çıxışlarında ən azı səmimi, düşüncələrində isə saf olmalıdır. Xalqa üz tutan, onun taleyi ilə məşğul olmaq istəyən hər kəs bunlarsız iflasa məhkumdur. Məncə, oxucu artıq hiss etdi ki, burada söhbət Rüstəm Ibrahimbəyovla Gültəkin Hacıbəylidən gedir”.

Elə burada adamın yadına Baş Prokurorluğun Dillər Universitetindəki yoxlamalar haqqında bəyanatı düşür: “Təftiş dövründə universitetin maddi məsul şəxsləri tərəfindən müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına və vəzifə maaşlarına əlavələr düzgün hesablanmayıb, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əməkhaqqı ödənilib. Təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əməkhaqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israfetmə yolu ilə talanıb. Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərilə bağlı külli miqdarda dövlət vəsaiti mənimsənilib”.

Respublika Prokurorluğu Hesablama Palatasının apardığı yoxlamadan sonra Azərbaycan Dillər Universitetində baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlayıb.

Bütün bu biabırçılıqlardan sonra istefa verməli olan bir şəxs psixologiya elminin paradiqmalarından özü də bilmədən istifadə etməklə, ləyaqətli insanlar haqqında yazı yazır. Görəsən, Səməd Seyidov bir psixoloq kimi öz davranışı və əməllərinin həyat və fəaliyyətinə necə təsir göstərdiyini müşahidə edibmi? Vaxtilə sayılıb seçilən Dillər Universiteti ixtisası bu ali məktəbə qətiyyən uyğun gəlməyən psixoloqun idarəçiliyi altında bataqlığa yuvarlanıb. Çox uzağa getmək lazım deyil: bu ali məktəbə daxil olan tələbələrin topladıqlara ballara, regionçuluğa, qohumbazlığa, idarəetmənin iflic vəziyyətə düşməsinə və korrupsiyaya diqqət etmək kifayətdir.

Seyidovun davranışları elmi və diplomatik fəaliyyətinə psixologiya elmi çərçivəsində baxdıqda, qətiyyətlə demək olar ki, o, öz dəyərlər sistemi ilə birlikdə tam, hərtərəfli və harmonik inkişaf etməyib. Burada kəskin ziqzaqlar var. Və psixologiya elmi bunları izah etməkdə gücsüzdür. Çox düşündükdən sonra belə qənaətə gəldim ki, bütün bunların izahını Nobel mükafatı laureatı Andre Cidin “Saxta pulkəsənlər” romanında tapmaq olar.

O ki qaldı qadınlar arasındakı münasibətlərin kişi tərəfindən cəmiyyətə ötürülməsinə, bax, bu Seyidov yaradıcılığının fenomenologiyasıdır.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar