Bu gün Gülər Əhmədovanın məhkəməsi başlayır

Prosesi maksimum qeyri-şəffaf keçirməyə çalışacaqlar

Bu gün həbsdə olan sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işinə baxılacaq. Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Yeni Müsavat” yazır  ki, sabiq deputat məhkəməsinin qapalı keçirilməsi üçün çalışır. Onun məqsədi törətdiyi rüşvət əməlinin, habelə mərhum Sevinc Babayevanın ölkədən çıxarılması olayı təfərrüatlarının ictimaiyyətdən gizli saxlanmasıdır. İlkin versiyalara görə, məhkəmənin hazırlıq iclasında G.Əhmədovanın vəkili Əfsər Talıbov bununla bağlı vəsatət qaldıracaq.

Amma ekspertlər hesab edir ki, hüquqi baxımdan G.Əhmədovanın məhkəməsinin qapalı keçirilməsi yolverilməzdir. Hüquqşünas Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, CPM-in 199 və 200-cü maddələrində bu məsələlər öz həllini tapıb: “Həmin maddələrin müddəalarına görə, dövlət sirri, kommersiya, ailə və şəxsi sirlə bağlı məsələlərlə bağlı məhkəmə iclasının qapalı keçirilməsi ilə əlaqədar məhkəmənin hazırlıq iclasında qərar qəbul edilə bilər. Yetkinlik yaşına çatmayanların işləri ilə bağlı zərurət yaranarsa, CPM-in maddələrinə görə, prosesin qapalı keçirilməsi ilə bağlı qərar verilə bilər. Yaxud məhkəmənin ayrı-ayrı iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar verilə bilər. Məsələn, hansısa iclasda dövlət sirrinin yayılması ilə bağlı məsələ olarsa, həmin prosesin qapalı keçirilməsi ilə bağlı qərar verilməsi mümkündür”.

Əldə etdiyimiz məlumata görə, G.Əhmədovanın tələbi və hakimiyyətin də razılığı ilə prosesin maksimum qapalı keçirilməsinə çalışacaqlar. Belə ki, sabiq deputat bütün proseslərdə şəxsən iştirak edəcək. Amma jurnalistlərin zala buraxılmaması üçün ciddi səylər olacaq.

Prosesdə G.Əhmədovanı bir vəkil - Əfsər Talıbov müdafiə edəcək. Sabiq deputat digər vəkilləri Eldar Qədimi və Raqif Mustafayevlə yollarını ayırıb.

İlkin məhkəmədən isə qeyri-adi nələrsə gözləməyə dəymir. Çünki hazırlıq iclasında bir qayda olaraq növbəti məhkəmənin vaxtı müəyyənləşdirilir. Ən yaxşı halda vəkili G.Əhmədovanın həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldıra bilər. Bunun xaricində heç nə gözlənilmir.

Bundan başqa, media nümayəndələrinin G.Əhmədovanın ailə üzvləri ilə danışmaq imkanları da yaranacaq. Onlar bu işlə bağlı son aylar çox xəsisliklə danışırlar.

Hər nə qədər G.Əhmədova ABU-nun sabiq rektoru Elşad Abdullayevdən dələduzluq yolu ilə 1 milyon ABŞ dolları almaqda ittiham edilsə də, bu iş üzrə sabiq rektor zərərçəkən kimi tanınmayıb. Ona görə də onun nümayəndəsinə nə istintaq materialları ilə tanışlığa imkan verilir, nə də məhkəmədə hüquqi tərəf kimi iştirakına.

“Gülərqeyt qalmaqalı”ndakı əsas fiqurlardan olan, ötən ilin dekabrında dünyasını dəyişən Sevinc Babayeva ilə bağlı məsələ də məhkəmənin əsas predmetlərindən biri olacaq. S.Babayevanın oğlu Ayxan Məmmədov daha öncə bizə açıqlamasında bildirib ki, G.Əhmədovanın məhkəməsindən çox şey gözləyir. Onun sözlərinə görə, burada əsas məsələ onun anasını o biri dünyaya göndərən sabiq millət vəkilinin cəzalandırılmasıdır.

Bu arada Gülər Əhmədovadan məhkəmədə hakimiyyət əleyhinə şok açıqlamalar gözləyənlər isə xəyal qırıqlığına uğrayacaq. Belə ki, sabiq deputat oğlunun əsgərlikdə (faktiki girovluqda) olduğunun fərqində olduğu üçün hakimiyyətin ziyanına hər hansı açıqlama verməyəcək. Amma hakimiyyət üçün seçkiöncəsi belə bir prosesin başlanması xeyirdir. Bununla da Əliyev hakimiyyəti “korrupsiyaya qarşı mübarizədə” necə fəal olduqlarını sübut etməyə çalışacaqlar.

(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar