“Bakı kəndlərinin problemləri yerli icra başcıları, oliqarxlarla bağlıdır”-Mirkazım Seyidov

“Problemlərin səbəbkarı kimi yalnız Abşeron rayon İcra Hakimiyyətini, o cümlədən Zakir Fərəcovu göstərmək kimlərinsə marağındadır”

"Heç kim Bakı kəndlərində Heydər Əliyev Fondunun adından sahibkarlardan pul yığa bilməz"

Saytımızda Bakı kəndlərinin problemlərinə həsr olunan yazılar ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Son illər həm ölkə prezidenti İlham Əliyevin, həm də Heyder Əliyev Fondunun rəhbəri, ərazinin deputatı olan Mehriban xanım Əliyevanın xüsusi diqqətinə baxmayaraq, Bakıətrafı kənd və qəsəbələrin hələ də ciddi problemlərlə qarşılaşması, burada yaşayan insanların həyat səviyyəsində müsbətə doğru əhəmiyyətli bir dəyişikliyin olmaması müəyyən suallar ortaya çıxarır. Bu proqramların icrası üçün dövlət büdcəsindən küllü miqdarda vəsait ayrılsa da, Bakı kənd və qəsəbələrində yaşayanların həyat səviyyəsinin ağir olaraq qalması haqlı narazılıqlar yaradır.

Qeyd edək ki, Heyder Əliyev Fondunun təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən son 10 ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul edilmişdir. Onlardan 2-sinin - “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın içrası artıq başa çatdırılmışdır. 17 yanvar 2014-cü ildə isə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” prezident tərəfindən qəbul olunmuşdur.

Başa çatdırılan və yeni qəbul olunan Dövlət Proqramlarının əsas məqsədləri sırasında Bakıətrafı kənd və qəsəbələrdə yol və nəqliyyat infrastrukturunun, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması ilə yanaşı sahibkarlığın inkişafı istiqamətində yeni iş yerlərinin, müəssisələrin açılması, həmçinin əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi xüsusi olaraq qeyd edilir.

Obyektivlik naminə qeyd edək ki, bu proqramlar çərçivəsində müəyyən işlər görülüb. Bakıətrafı kənd və qəsəbələrdə yol və nəqliyyat infrastrukturunun, həmçinin kommunal və sosial xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmaşı, təhsil və səhiyyə ocaqlarının yenidən qurulması və sair istiqamətlərdə xeyli işlər həyata keçirilib. Ancaq buna baxmayaraq, ekoloji problemlərin həllindən, əhalinin məşğulluğunun təmin olunmasından və həyat səviyyəsinin yüksəldilməsindən danışmaq mümkün deyil. Kənd və qəsəbələrdə insanların narazılığı da əsasən məhz bu məsələlərlə bağlıdır.

Qeyd edək ki, bu problemlərlə bağlı Bakıətrafı kənd və qəsəbələrdə yaşayan insanlar etiraz aksiyaları da təşkil etmək istəyiblər. Ancaq müxtəlif nüfuzlu şəxslərin, kənd ağsaqqallarının müdaxiləsi nəticəsində hadisələrin böyüməsinə imkan verilməyib. Türkan qəsəbəsində araşdırma apararkən öyrəndik ki, prezident seçkiləri öncəsi bir qrup insan tərəfindən Bakı kəndlərindən paytaxta - Prezident Administrasiyasına yürüş də təşkil olunubmuş. Ancaq ictimai-siyasi xadim kimi Bakı kəndlərində böyük nüfuzu olan Mirkazım Seyidovun ağsaqqallarla görüşərək apardığı danışıqlardan sonra bu aksiyanın qarşısı alınıb. Bu baxımdan Türkan qəsəbəsinin problemləri ilə bağlı yazını hazırlayarkən Mirkazım Seyidovla görüşüb söhbət etmək istədik. Ancaq köməkçisi onun Azərbaycanda olmadığını dedi. Bir-neçə gün öncə isə onunla əlaqə saxlayıb danışa bildik.

Söhbətin məzmununa keçməzdən öncə qeyd edək ki, 2 ölkənin - həm Rusiyanın, həm də Azərbaycanın dövlət mükafatları ilə təltif olunmuş Mirkazım Seyidov əslən Naxçıvandan olsa da, uzun illər Novosibirskidə yaşayıb, fəaliyyət göstərib. Bu baxımdan ilk sualımız da onun hansı səbəblərdən Bakı kəndlərində nüfuzlu bir şəxs kimi qəbul edilməsi ilə bağlı oldu.

- Öncə məni axtardığınız üçün sizə və saytınıza təşəkkürümü bildirirəm. Burda olmadığımdan sizinlə bir müddət sonra danışa bildim. Sualınıza gəlincə isə, bildirim ki, ictimai-siyasi fəaliyyətimlə bağlı 2008-ci ildə və ondan sonrakı müddətdə Bakı kəndlərində çoxsaylı və geniş miqyaslı görüşlərim olub. Hansı ki, bu görüşlərdə biz dövlətçiliyimizin qorunması, inkişafı üçün ancaq Heydər Əliyev kursunun davamlılığının zəruriliyini təbliğ etmişik. Respublikada siyasi sabitliyin qorunması naminə müxtəlif xarıci və daxili pozucu qüvvələrin Bakı kəndlərindən istifadə etməsinin qarşısını almaq üçün biz də baçardığımız qədər bu istiqamətdə çalışmışıq. Xüsusən 2008-ci ildə prezident seçkiləri ərəfəsində Bakı kənd və qəsəbələrindəki bütün nüfuzlu şəxslərlə, ağsaqqallarla görüşüb söhbətlər aparmışıq, coxsaylı görüşlər keçirərək insanların problemlərini öyrənmişik. Bu problemlərin qısa müddətdə həlli üçün dövlət qurumları qarşısında məsələlər qaldırmışıq və əksər hallarda buna nail olmuşuq. Bu baxımdan təvazökarlıqdan bir qədər uzaq olsa da, deyim ki, Bakı kənd və qəsəbələrində Mirkazım Seyidovu da bir ictimai xadim kimi eşidirlər. Biz də onların etimadını doğrultmağa, əlimdən gəldiyi qədər problemlərinə yardımçı olmağa çalışırıq.

- Problemlərdən söz düşmükən, Türkan qəsəbəsində olarkən bizə bildirdilər ki, prezident seçkiləri öncəsi camaatın yürüş keçirməsinin qarşısı şəxsən sizin tərəfinizdən alınıb. Etirazlar nə ilə bağlı idi və Siz niyə bunun qarşısını aldınız?

- Həqiqətən 2012-ci ilin noyabrında Türkanda və dıgər kəndlərdə belə bir hadisə olmuşdu. Mən o zaman Türkan, Zirə və digər kəndlərin ağsaqqalları, ziyalıları ilə birlikdə bu narazılıqları aradan qaldırmaq istiqamətində görüşlər keçirmişik. Bu narazılıqların səbəbi barədə danışmazdan öncə qeyd edim ki, mən sizin saytınızda Bakı kəndlərinin problemləri ilə bağlı gedən yazılarla tanış olmuşam. Həmin yazılardan belə görürəm ki, siz bu problemləri daha çox Abşeron icra hakimiyyəti ilə bağlayırsız. Ola bilsin ki, sizi bu istiqamətdə məlumatlandırırlar. Ancaq əslində belə deyil. Həqiqətən sizin qaldırdığınız problemlər müyyən dərəcədə mövcuddur.

Hansı ki, siz bir media orqanı olaraq bu məsələləri bir qədər dramatikləşdirsiniz. Ancaq əvvala, bu problemlərin əksəriyyəti Abşeron icra hakimiyyəti, o cümlədən icra başçısi Zakir Fərəcovla bağlı deyil. İkincisi də, qaldırılan problemlərin həlli ilə bağlı son illər böyük işlər görülüb ki, bu haqda yazmırsınız. Ücüncüsü, bəzən problemlərlə yaxından tanış olarkən bəlli olur ki, bu məsələlərdə dövlət qurumları, icra hakimiyyəti deyil, elə şikayət edənlərin özləri təqsirkardır. Sizin qeyd etdiyiniz Türkan və digər kəndlərdə baş verən etirazlar zamanı şəxsən mən bunun şahidi oldum. Etirazların baş vermə səbəbi sizin yazılarınızda da qeyd olunan daş karxanalarının fəaliyyətindəki nöqsanlarla bağlı idi. O zaman narazılığın səbəbi kimi daş karxanasında işləyən bəzi sahibkarlara Abşeron rayonunun icra başçısı Zakir Fərəcovun maneələr yaratması, torpaqlarını alması göstərildi. Narazlıq edənlərin başında da sizin yazılarda Zakir Fərəcovun adamı kimi adı hallanan Xaləddin Yarıyev dayanırdı. Mən Türkan ağsaqallarının, ziyalıların xahişi ilə bu məsələlərlə bağlı Abşeron İcra Hakimiyyətində oldum. O zaman mənə bəlli oldu ki, əslində məsələ tamamilə başqa cürdür. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti daş karxanalarında nizam-intizm yaratmaq, qanunsuz fəaliyyət göstərənlərin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirib. Bu isə bəzi şəxslərin, o cümlədən Xaləddin Yarıyevin maraqlarına cavab vermədiyindən, onlar camaatı səhv məlumatlandırmaqla etiraz aksiyalarına təhrik edirdilər. Mənə təqdim etdikləri sənədlərdən məlum oldu ki, X.Yarıyev 1992-ci ildə daş karxanasi üçün 5 hektar yer götürsə də, 50 hektara yaxın ərazini zəbt edib. Hətta Zakir Fərəcov onunla bağlı cinayət işi qaldırmaq üçün prokurorluğa müraciət etmişdı. Ancaq bu gün də eyni şəkildə fəaliyyətini davam etdirir. Bundan əlavə, bəzi sahibkarlar torpaqların rekultivizasiyasını həyata keçirmədiyi, hətta bəzi yol-tikinti şirkətinə satdığı üçün Zakir Fərəcov onların fəaliyyətlərinin dayandırılmasına göstəriş vermişdi. Məhz bundan sonra torpaqların satılması dayandırldı. Mənə bildirildi ki, icra hakimiyyətində 10-12 nəfərdən ibarət xüsusi komissiya fəaliyət göstərir. Sənədi düz olan və düzəldən heç kimə problem yaradılmırdı. Yəni, o zaman da belə iddia edirdilər ki, guya Abşeron rayon İcra Hakimiyyəti tərəfindən insanların torpaqları zorla əlindən alınır. Ancaq məsələni araşdırdıqda məlum oldu ki, məsələ tamamilə əksinədir. Narazılığın başında duran X.Yarıyev özü başqasının torpağını zəbt etdiyi halda, şantajla məqsədlərini həyata keçirməyə çalışırdı. Mən də bunu ağsaqqallara, camaata çatdırdım, beləcə heç nədən baş qaldıran narazılıq da həllini tapdı.

- Siz Bakı kənd və qəsəbələrində çoxsaylı görüşlər keçirmisiniz. Yəqin ki, camaatın problemləri ilə tanışsınız. Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları həyata keçirilməsinə baxmayaraq, bu problemlərin hələ də öz ciddiliyini qoruması nə ilə bağlıdır? Bir çoxları bunu torpaqların Abşeron rayon İcra Hakimiyyətinin balansında olması və satılması ilə bağlayırlar…

- Mən sizə qəti şəkildə bildirirəm ki, Bakıətrafı kənd və qəsəbələrdə mövcud olan sosial-iqtisadi problemlər Abşeron rayon İcra Hakimiyyəti, Zakir Fərəcovla deyil, birbaşa yerli icra hakimiyyətləri, bəzi dövlət qurumları və hətta oliqarx nazirlərlə bağlıdır. Bilirsiniz, mənin nə Zakir Fərəcovu, nə də başqa birini müdafiə etmək fikrim yoxdu. Ancaq sizin yazılarda bütün problemlərin Fərəcovla bağlanılmasını da doğru yanaşma saymıram. Tutaq ki, yazırsınız ki, Bakı kəndlərində camaat tərəvəzçiliklə məşğul ola bilmir və bunu da həmin torpaqların satılması ilə bağlayırsınız. Ancaq camaatın tərəvəzçiliklə məşğul ola bilməməsinin səbəbləri başqadır. Əvvala qazın qiyməti qaldırıldığından və sərt nəzarət tətbiq olunduğundan artıq “parniklərdə” tərəvəz yetişdirmək əvvəlki kimi sərfəli deyil. İkincisi ölkədən məhsul çıxarmaq, gətirmək monopoliyada olduğundan camaat yetişdirdiyi məhsulu nə xaricə çıxara bilir, nə da daxili bazarda istədiyi qiymətə sata bilir. Adi bir fakt: kəndlərdə göy-göyərtinin qiyməti 2 qəpikdir, bazarda 15-20 qəpik. Bazarları monopoliyaya alanlar imkan vermir ki, camaat göy-göyərtini aparıb 10 qəpikdən satsın. Buna Fərəcov neynəsin? Hara baxır Kənd Təsərrüfatı Nazirliyi? Araşdırsanız görərsiniz ki, vaxtilə tərəvəz əkilən torpaqların çoxunda yenə tərəvəz yetişdirilir. Ancaq icarədar bu dəfə yerli camaat deyil, məmurlardır. Çünki onlar yetişdirdiyi tərəvəzi istədiyi qiymətə, istədiyi yerdə sata bilir.

Başqa bir problem kimi, bağların, yaşıllıqların dağıdılmasını göstərirsiniz. Əlbəttə, cənab prezidentin də qeyd etdiyi kimi, heç kimə güzəşt olmalı deyil. Ancaq bu məsələdə də yalnız Abşeron İcra Hakimiyyətini, o cümlədən Fərəcovu günahlandırmanızı düzgün hesab etmirəm. Hamımız bilirik ki, yaşıllıqlara nəzarət Ekologiya Nazirliyi tərəfindən həyata keçirilir. Bu nazirliyin, onun yerli şöbələrinin icazəsi olmadan bir ağac da kəsilə bilməz. Sizin yazılarda 100 hektarlarla bağların məhv edilməsindən söhbət açılır. Bəs hara baxır Ekologiya Nazirliyi? Bu faktlarla bağlı cinayət işi açılıbmı? Mən sizə deyim ki, bəzi halarda Abşeron İcra Hakimiyyətinə qarşı narazılıq məhz onların bu yaşıllıqları qorumaq cəhdi ilə bağlı yaranır. Hətta mən deyərdim ki, Bakı rayonlarının icra hakimiyyətləri tərəfindən qəsdən yaradılır. Mən müəyyən qədər Bakı kənd və qəsəbələrində olduğumdan bu məsələləri bilirəm. Yerli icra hakimiyyətlərinə, hüquq-mühafizə orqanlarına, ayrı-ayrı vəzifəli şəxslərə bağlı sahibkarlar gecə ilə yaşıllıqlara girir, ağacları məhv edirlər. Abşeron İcra Hakimiyyəti nə vaxtsa bu faktdan xəbər tutub, müvafiq rayonun hüquq-mühafizə orqanlarına müraciət etdikdə isə, heç bir tədbir görülmür və məsələ ört-basdır olunur. Yuxarıda qeyd etdiyim Yarıyev Xaləddinlə bağlı fakt buna əyani misaldır. Zirədəki badamlığı məhv edənlər də bəzi sahibkarlardır. Sonradan məsələ açığa çıxanda da, günahkar kimi Abşeronu göstərirlər. Görünür, bu da kimlərinsə marağındadır. Tam səmimi deyirəm ki, Abşeronda bağların məhv olunmasına Zakir Fərəcovdan xeyli əvvəldən başlanıb. Bu gün Bakı rayonlarında 20 ilə yaxındır icra başçısı olanlar var. Onların bu məsələ ilə bağlı bircə dəfə səsini qaldırdığınızı eşitmisiniz? Cünki problemlərin bir çoxu məhz onlarla bağlıdır. Bu adamlar rayonda camaatın məşğulluğu, həyat səviyyəsini yüksəltmək üçün heç bir iş görmür, problem ortaya çıxan kimi də Abşeron rayon İcra Hakimiyyətini günahlandırırlar.

- Baki kəndlərində əsas şikayətlərdən biri də sahibkarlardan qeyri-qanuni pul yığılması ilə bağlıdır. Hətta bu məsələdə Heydər Əliyev Fondunun adından da istifadə olunduğu bildirilir. Bu cür məlumatlarla siz də rastlaşırsınızmı?

- Bunu da mən təxribat hesab edirəm. Heç kim Bakı kəndlərində Heydər Əliyev Fondunun adından sahibkarlardan pul yığa bilməz. Ən azı ona görə ki, Fondun prezidenti, ərazidən millət vəkili olan Mehriban xanım Əliyeva tez-tez Bakı kəndlərini gəzir, müxtəlif təbəqədən olan insanlarla görüşür, onların dərdlərini dinləyir. Belə bir məsələ olsaydı çoxdan xəbər tutub, tədbir görərdi. Bilirsiniz ki, Mehriban xanımın təşəbbüsü ilə Bakı kəndlərində böyük layihələr həyata keçirilir. Xalq arasında onun böyük hörməti var. Ona görə də, bəlkə də kimlərsə bu cür əsassız məlumatlarla onun nüfuzuna kölgə salmaq istəyir. Ancaq bacara bilməzlər. Cünkı xalqı aldatmaq olmaz. Lakin bu o demək deyil ki, mən sahibkarlardan ümumiyyətlə pul yığılmadığını iddia edirəm. Mən də bilirəm ki, belə hallar var. Ancaq inzibati ərazisinə başqa rayonlara aid Bakının kənd və qəsəbələrindəkı sahibkarlardan Abşeron İcra Hakimiyyətinin pul yığmasını inandırıcı saymıram. Özünüz düşünün, inzibati baxımdan başqa ərazidə olan sahibkardan icra hakimiyyəti necə pul yığa bilər? Nə hüquq-mühafizə orqanları ona tabedir, nə vergisi, nə də başqa qurumu ki, təzyiq etsin. Ancaq ona aid ərazidə iş qurmaq üçün sənəd aldığı zaman ola bilər ki, bu da bir dəfə mümkündür. Ancaq siz qeyd edirsiniz ki, sahibkarlar onlardan ildə bir neçə dəfə pul yığıldığını bildirirlər. Bu isə o deməkdir ki, ya rayonların müvafiq qurumları sahibkarlardan yığdığı pulu Abşeron İcra Hakimiyyətinin adıyla bağlayır, ya da maraqlı adamlar belə təqdim edirlər. Bəzən işdən çıxarılan, icra başcısı ilə problemi olan insanlar da mətbuata qəsdən yalan məlumatlar verib, ortalığı qarışdırmağa çalışırlar. Bəzən də sahibkarlar onlara qarşı qanuni tələbləri rüşvət kimi qələmə verirlər. Məsələn, elə 2012-ci ilin ortaları Zaikir Fərəcovun tapşırığı ilə Bakı kəndlərində torpaq fondunun mühafizəsi ilə əlaqədar komissiya yaradılmışdı. Bu komissiya daş karxanalarında torpaqların rekultivasiyasına nəzarət edir, sahibkarlardan mişar daşı çıxardıqdan sonra ərazini əvvəlki halına qaytarılmasını tələb edirdilər. Təbii ki, sahibkar buna görə pul xərcləməlidir. Bəziləri bunu başa düşür, əməl edirdi. Bəziləri isə bunu sahibkarlardan rüşvət tələbi kimi qələmə veridi. Yəni, bu çür hallar da olur. Lakin bütün bunlar o demək deyil ki, mən Abşeron İcra Hakimiyyətinin sahibkarlardan ümumiyətlə pul toplamadığını iddia edirəm. Ola bilsin onlar da yığır. Ancaq bunu öz ərazisi daxilində edə bilər, Bakı kəndlərindən yox. Onu da qeyd edim ki, rayonun sosial-iqtisadi inkişafı üçün icra hakimiyyətlərinin yerli iş adamlarından dəstək istəməsi təbiidir. Dünyanın hər yerində bu mövcuddur. Hətta Rusiyada icra hakimiyyətlərinin nəzdində rayonun sosial-iqtisadi inkişafına dəstək fondları fəaliyyət göstərir. Mən Novosibirskidə şəhər soveti deputatının icra hakimiyyətində səlahiiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmişəm. Ona görə də, bu məsələləri bilirəm. Rusiyada təhsil, səhiyyə müəssisələrinin inkişafına yardım edən sahibkarlara müəyyən vergi güzəştləri edilir. Bu da sahibkarların rayonun inkişafında iştirakına şərait yaradır, həm də icra hakimiyyətlərinin maliyyə imkanlarını artırır. Təssüf ki, Azərbaycanda belə fondlar olmadığından sahibkarların icra hakimiyyətlərinə rayonun inkişafı üçün könüllü dəstəyi belə rüşvət kimi qəbul edilir. Həm də bu pullar qeyri-rəsmi ödəndiyindən təyinatı üzrə xərclənməsi də sual doğurur. Ona görə də, mən təklif edərdim ki, Rusiyada olduğu kimi, Azərbaycanda da icra hakimiyyətlərinin nəzdində rayonun sosial-iqtisadi inkişafına dəstək fondları yaradılsın. Bununla həm könüllülük əsasında toplanan pullar rəsmiləşdirilər, həm də həmin vəsaitin xərclənməsinə ictimai nəzarət olar. Bu da bütün naqisliklərin aradan qalxmasına, əlavə söz-söhbətin yaranmamasına səbəb olar.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar