BİR HƏBSİN PƏRDƏARXASI - Akif Muradverdiyev kiminlə görüşə görə həbs edilib?

Prezident Aparatının sabiq işlər müdiri həbsinin əsl səbəblərini açıqlamaqda özü də çətinlik çəkir

Hakimiyyətdəki “ermənistanlı” klanın heç də ən sonuncu və ən zəif təmsilçisi olmayan Akif Muradverdiyev son müsahibəsi ilə onunla bağlı cəmiyyətdə formalaşan qənaəti bir qədər də dolaşdırdı. Birinci həbsi müəmmalı şəkildə Əli İnsanovla əlaqələndirilən sabiq yüksək ranqlı məmur azad olunandan bir müddət sonra hələ də detalları qaranlıq qalan başqa bir şəraitdə həbsə atıldı. Qaçaqmalçılıqda günahlandırılan bu şəxsin şərləndiyini iddia etməsində qeyri-adi bir şey yoxdur və inandırıcıdır. Lakin ad çəkmədən kiminləsə görüşdüyünə görə həbs olunduğunu deməsi və vaxtında bunun düz olmadağını kimlərinsə ona söyləməli olduğunu (!) bildirməsi, bir qədər qeyri-ciddi situasiya yaradır.

Allah hamının qapısını açsın, ancaq məhbəsdə olan və suçluluğunun isbatı şübhə doğuran bir şəxsin kimlərinsə qarşısında günahsızlığını sübut etmək üçün ad çəkmədən, eyhamla nələrisə dövriyyəyə buraxması, yumşaq desək, əcaib bir mənzərə yaradır. Hamı düşünür ki, son müsahibəsində A.Muradverdiyev həbsinin əsl səbəbini Eldar Namazovla və Rüstəm İbrahimbəyovla görüşünə bağlayır. Ola bilər. Eldar Namazov da deyir ki, onunla sadəcə yas mərasimində görüşüb və aralarında heç bir siyasi söhbət olmayıb. Doğrusu, A.Muradverdiyevin istər vəzifədə olduğu, istərsə də sonrakı dövrdə hansısa siyası yüklü çıxışını xatırlamaqda çətinlik çəkirik. Onun adı olsa-olsa saray daxili çəkişmələrdə hallanıb. Sadəcə, sıravi oxucunun başa düşməyə çalışdığı şey odur ki, A.Muradverdiyev doğrudanmı E.Namazovla yasda görüşdüyünə görə həbs olunub?

Eldar Namazovun görüşdüyü hər kəs tutulubmu?

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, E.Namazovun, yaxud Rüstəm İbrahimbəyovun görüşüb söhbətləşdiyi adamlar arasında hakimiyyətdə daha yüksək postlar tutmuş və hazırda da tutan bir çox şəxslər var. Məsələn, bir çox media qurumlarının hakimiyyətin ən öndə gedən rəqibləri sırasına daxil etdiyi E.Namazov, 2013-cü ilin iyununda ABŞ səfirliyində keçirilən tədbirlərin birində mərhum prezident Heydər Əliyevin qızı Sevil Əliyevanın keçmiş həyat yoldaşı Mahmud Məmmədquliyevlə görüşüb və xeyli söhbət edib. Bu görüş obyektivlərə də tuş gəlib. Bundan cəmi iki həftə sonra Akif Muradverdiyev həbs edildi. Həmin görüşdə söhbətin nədən getdiyini deyə bilmərik, bəlkə də balıq tutmaqdan danışıblar. Ancaq bu görüş faktdır və onların hər halda siyasi gündəmlə baglı nəyisə müzakirə etməsi istisna deyil. Nəzərə alsaq ki, Mahmud Məmmədquliyev həm də xarici işlər nazirinin müavinidir, məsələ daha da böyüyür. Bilirsiz ki, indiki hakimiyyət özünə yaranacaq hər hansı təhlükə ilə bağlı kürəkən-filan tanıyan deyil. Və istənilən şəxsi cəzalandıra bilər. Deməli, E.Namazov- M.Məmmədquliyev görüşündə təhlükəli bir şey olmayıb. Həm də axı E.Namazovun özünün hansısa total təqibə məruz qaldıgı barədə nəsə söyləmək bir qədər çətindir. Rüstəm İbrahimbəyov yoxdur, deməli E.Namazov da yoxdur, hələlik. Daha doğrusu, ən azı yeni İbrahimbəyov peyda olana qədər yoxdur. Yaxşı, belə olan halda, A.Muradverdiyevin sadəcə E.Namazovla görüşə görə həbs olunmasını iddia etmək biraz inandırıcı görünmür. Ancaq unutmayaq ki, o yalnız E.Namazovla deyil, Abbas Abbasovla, Telman İsmayılovla da görüşüb (hətta Rüstəm İbrahimbəyovla da) və dediyinə görə sadəcə işsiz qalan övladlarına iş tapmaqda köməklik istəyib. Yəni ortada daha iri “balıqlar” var...

Ola bilər və biz buna görə kimisə qınamaq fikrində deyilik. Ancaq görəsən doğrudandamı belədir? Əgər yox, belə deyilsə hörmətli A.Muradverdiyev 12 il çalışdıgı mühitin reallıqlarından nəticə çıxararaq, kiminlə görüşdüyünün, nədən danışdığının və bunun hansı fəsadlarının ola biləcəyinin fərqində olmalı idi. Və ən azından belə eybəcər bir mühitin yaranmasında oynadıgı az-çox rola görə özünü də qınamalı idi...

Bu mövzuya nə qədər aidiyyatı olduğunu deyə bilmərik, amma istər-istəməz mərhum Rafael Allahverdiyevin səhv etmiriksə, Nabranda artıq hakimiyyətin gözündən salındığı vaxtlarda bir qadınla dincəldiyi istirahət zonasında A.Muradverdiyevi gördüyünü və o məsələnin yuxarılara çatdırılmasında da məhz həmin vaxt vəzifədə olan Muradverdiyevdən şübhələndiyini deməsi yada düşdü... Ölənlərə rəhmət, qlanlara isə qapılarının açılmasını arzu etməkdən başqa deyəcək bir söz yoxdur!

CƏLAL

“Azpolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar