Prezident Əbülfəz Elçibəyi düşünərkən…

Dərc olunub: 21/02/2017 - 20:47

ebulhesen1Əbülhəsən Abbasov

Mütaliəni sevən və gündəlik mətbutla mütəmadi tanış olan rəhmətlik anam tez-tez mənə müraciətlə dərdli-dərdli deyərdi: “Ay oğul, bu Elçibəydən nə istəyirlər? O, yaxşı adamdı, xalqın içindən çıxıb, xalqla nəfəs alan, xalq üçün çalışan adamdı. Qoymurlar işləsin, belə olmaz axı! Mülayim adam görəndə başına çıxarlar? Belə nankorluq olar?”.  

Elçibəy dünyasını dəyişəndən sonra da anam onunla bağlı dolaşan xoşagəlməz söz-söhbətlərə acıyar, etiraz edərdi: “Vaxtsız-vədəsiz o dünyaya göndərdilər, indi nə istəyirlər, bilmirəm?”.

Duyumuna, intellektinə, dünyagörüşünə həmişə heyran olduğum, insanlara adekvat qiymət vermək bacarığına qibtə etdiyim anamın Elçibəyə göstərdiyi münasibət, əlbəttə ki, mənə təsirsiz ötüşmürdü. Ümumiyyətlə, oxuduğum kitablardan çox, mənim daxili aləmimin, əqidə və təfəkkürümün formalaşmasında ata-anamın təsiri böyük olub. Yeri gəlmişkən, atamın da tövsiyələrindən birini səsləndirmək istərdim. O deyərdi: “Oğul, hər şeydə nöqsan axtarmağa, addımbaşı deyinməyə, inildəməyə vərdiş etmə, qaşıyıb qan çıxartmağa çalışma, ilk növbədə, yaxşı olanı, işıqlı tərəfləri görməyi və dəyərli adamlardan öyrənməyi bacar. Adam içini zəhərlə doldurmaz! İçi kinli, zəhərli adam nə özünə, nə də ətrafına, cəmiyyətə xeyir verə bilməz. İrad tutmağa, məsləhət verib yol göstərməyə yalnız böyük adamların haqqı çatır”.

Artıq atam da, anam da, Elçibəy kimi, əbədiyyətə qovuşublar. Allahdan hər birinə rəhmət diləyirəm. Qəbirləri nurla dolsun!

Vaxtaşırı mərhum prezident Əbülfəz Elçibəylə bağlı internet saytlarında, dövrü mətbuatda gedən yazılar və müsahibələrlə, səslənən fikirlərlə tanışlıqdan sonra özümə borc bildim ki, laqeyd qalmayım və müəyyən məsələlərə, bacardığım qədər, aydınlıq gətirim. Xüsusən son vaxtlar Elçibəylə əlaqədar ictimaiyyətə ötürülən fikirlər məni çox narahat etdi. İstər onun tərəfdarlarının, istərsə də əleyhdarlarının fikirlərinin təhlili onu göstərir ki, bu tarixi şəxsiyyətin kimliyi, onun ideya-siyasi, mənəvi-mədəni töhfəsinin, geostrateji baxışlarının yeri və rolu, xeyli illər keçsə də, xüsusi tədqiqat predmeti olaraq öyrənilməyib və bir sıra mühüm məsələlərə aydınlıq gətirilməyib. Ortalıqda danılmaz bir boşluq var ki, onun ildən-ilə gələcəyə ötürülməsi bizə başucalığı gətirmir – nə fərdi, nə də ümumi mənada.

elcibey-5

Başucalığı bir tərəfə, boşluğun doldurulmaması və bəlli zərurətin ödənilməməsi bizim bir xalq və millət olaraq gələcəyimizə dair baxışlarımıza xələl gətirir, məqsədyönlülüyü və ona müqabil birgə hərəkətimizi mümkünsüz edir. Gələcəyə körpü salan baxışların qeyri-müəyyənliyi, tərəddüdlü olması yalnız hədəf-istiqamətin qərarsızlığına dəlalət etmir, “dövlət necə olmalı və nə üçün yaşamalı?”, “cəmiyyətin simasını, fəaliyyət dinamikasını müəyyənləçdirən meqatrend nədən ibarət olmalı?” kimi sualları da cavabsız qoyur. Səthi düşüncədən irəli gələn və asan başa gələn “demokratiyaya, bazar iqtisadiyyatına doğru gedirik!” kimi deklarativ şuarlar bu suallara cavab deyil, milli taleni həll edən problemin üstünü malalamaqdır, vaxt və enerji itkisidir.

Bu halda, yəni, gələcəyə dair xalq tərəfindən dəstəklənən müfəssəl baxış, ideya və prinsiplər sistemi olmadıqda, cəmiyyətin və xalqın olan-qalan energetikası da havaya sovrulur, tükənir. Üstəlik də, əgər uzun müddət cəmiyyətin idarə olunmasında məhdud dövlət təfəkkürlü, eqosentrik təbiətli şəxslər çoxluq təşkil edirlərsə, tənəzzül və kollaps qaçılmazdır. SSRİ-nin aqibəti buna əyani sübutdur. Gələcəyə istiqamətlənmiş müfəssəl baxışİdeal deməkdir. O yoxdursa, səfərbəredici enerji, güc, daxili xəlitə ola bilməz.

Hər bir xalq özünü aləmə adekvat surətda təqdim etmək istəyirsə, ilk növbədə, öz-özünü, o cümlədən, tarixi şəxsiyyətlərini dərindən öyrənməli və bilməlidir. Və burada qədərindən çox qartımış, sümükləşmiş, daxili birliyi və həmrəyliyi pozan, ziyandan başqa heç bir xeyir gətirməyən iqtidar-müxalifət dixotomiyasından, əksliklər nisbətinin anormallığından çıxış edərək aktuallığı göz qabağında olan milli məsələlərə münasibət sərgiləmək qətiyyən düzgün iş deyil. Öz tarixi şəxsiyyətlərimizə münasibətdə ağıllı, rasional yanaşmanın, sağlam mövqedən çıxış etmənin qarşısını da erməni separatçıları almırlar ki!

Yox, nadanlığı, qərəzi, aqressiyanı, şərəfsizliyi, satqınlığı, bir sözlə, hər növ səfehliyi, qeyri-insaniliyi sosiumda artıran və birbaşa cəhənnəmə aparan bu əyri yol erməni separatçılarından çox, bizim öz “mutilşik”lərimizə  lazımdır! O kəslərə ki, bulanıq suda tor qurmağa, ov ovlamağa, cəmiyyətin şirəsini sorub-sümürməyə mahirdilər, qışın çilləsində qaçqın-köşkünü, aclıqdan və soyuqdan can verən bəndələri bir daha soyub-talamağa və mələtməyə hazırdırlar, bu xalqa və onun mədəniyyətinə tamamilə yad olan “populyar müğənni”lərə milyonlar xərcləməyə həvəslidirlər! O daşürəkli oğru və talançılara ki, çıxılmazlıqdan özlərinə qəsd edən, intihara əl atan yeniyetmə və gənclərin, ailə başçılarının, ahıl qocaların həyatı heç nədir! Ustalaşmış bu “mutilşik”lərə bu xalq və onun həmrəyliyi, birliyi, xoş güzaranı gərəkli deyil, onlara xalqın torpağı, sərvəti və nəhayət, can verməsi lazımdır. Elə ilk növbədə bu kəslərdir ki, cəmiyyəti iqtidara və müxalifətə, bizimkilərə və yadlara bölməyi, ziddiyyətləri mütləqləşdirməyi, insani bağlantıları qırmağı özlərinə peşə ediblər.

Hansı özünə hörmət edən cəmiyyət, dövlət göstərə bilərsiniz ki, tarixlərinin ən sarsıntılı dönəmində xalqa liderlik etmiş şəxsiyyətlərini onilliklər boyunca elmi tədqiqat mövzusu (problemi) olaraq gündəliyə gətirməsin, dərin araşdırmalar apararaq nəticələr çıxartmağı özünə borc bilməsin? Mən görməmişəm, bəlkə, sizlər Elçibəyə həsr edilmiş hansısa elmi işə, dissertasiyaya rast gəlmisiniz?Con və Piterdən, İvanov və Sidorovdan, prokuror və hakimlərin sosial təminatından, enerjili və narahat feministkalarımızın gender bərəbərliyindən, tolerantlıq siyasətindən, lap belə at gənəsindən dissertasiya yazmaq olar, ancaq Elçibəydən elmi-tədqiqat işi yazmaq olmaz, eləmi?!  Sonra da başlayaq ki, tariximizi kimlərsə saxtalaşdırır, cəmiyyətin mənəviyyatı pozulur, uşaqlar ata-ana sözünə baxmır və s.

Mən heç onu demirəm ki, yerindən qalxan milli-mənəvi dəyərlərdən mövzu götürüb dissertasiya yazır. Söz yox, “probivnoy” mövzudur, millətə nə qədər xeyirli olduğunu deyə bilmərəm, ancaq dissertant və elmi rəhbər üçün olduqca əlverişlidir. Tədqiqatçının da, elmi rəhbərin də vətənpərvərliyinə, millətsevərliyinə şübhə yeri qalmır, üstəlik də, fəlsəfənin, sosiologiya və politologiyanın “ali cəbr”inə girişməyə ehtiyac qalmır, əlbəttə ki, elmə və elmi tədqiqatlara göstərilən indiki “ciddiliyi” nəzərə alsaq! Yaxçı olardı ki, bu tip mövzuları işləyənlər ara-sıra baxışlarını Elçibəyə, onun milli-mənəvi xəzinəyə gətirdiyi töhfəyə yönəldəydilər! Söhbət kimisə və nəyisə fetişləşdirməkdən, birtərəfli bayağı tərif söyləməkdən getmir, obyektiv təhlil və ümumiləşdirmələrdən, həqiqətləri aşkarlayaraq insan haqqına dəyər verməkdən, yeni zəruri bilik əldə etməkdən gedir.

O, xalqını, Vətənini ürəkdən sevən fədakar şəxsiyyət olaraq bizi ucaltmaq, daha yüksək pillələrə qaldırmaq istədi, bu amalla zəhmət çəkdi, vuruşdu, bacardığını əsirgəmədi. Yeni zəmanə ilə üzləşən xalqa dəstək oldu, ona ürək-dirək verdi və bəzi adamların indi də dərk etmədiyi gələcəyə baxış – ideal ortaya qoydu. Bu idealda soykökə, irsə, öz arealına arxalanaraq xalqı millətləşməyə, dövlətləşməyə, müasirləşməyə və həqiqi müstəqilləşməyə doğru aparmaq, vaxtilə zədələnmiş şərəf-şöhrəti, qürur və ləyaqəti qaytarmaq, bərpa etmək, yeni bir humanizm məzmun-formasını aşılamaq vardı. Burada başqa xalqlara, ölkə və cəmiyyətlərə qarşı yönəlmiş nifrət, aqressiya, qəsbkarlıq niyyəti yox idi.

Epoxaların dəyişdiyi, ənənəvi durumun, davranış kodeksinin ciddi sarsıntılara məruz qaldığı, dünya nizamının köklü surətdə pozulduğu bir dövrdə bugününü və gələcəyini düşünən hər bir xalqda öz taleyini müəyyənləşdirmək istəyi olduqca güclənir ki, bunu da reallaşdırmaq missiyası nadir şəxsiyyətlərin üzərinə düşür. O şəxslərin ki, mənşəyi, hayat və yaradıcılığı bu xalqla bağlı olub, onun ağrılarını-dərdlərini çəkiblər, millətin dirçəlişi və tərəqqisi naminə özlərini  oda-suya atıblar, təqib və təzyiqlərlə, təhdid və şəxsi itkilərlə üzləşiblər. Əbülfəz Elçibəy məhz bu nadir tarixi şəxsiyyətlər sırasında önəmli yer tutanlardandır. O, yeni ruh, amal, iman adımı olaraq birincilər sırasında yeni ideya-ideala doğru milləti səsləyib və bu təşəbbüsdə bulunaraq, faktiki olaraq, yeni geostrateji arzu ortaya qoyub. Bu geostrateji arzunun məğzini-nüvəsini, onun tərəfindən necə ifadə olunmasından asılı olmayaraq, türk xalqlarının birləşməsi, dirçəlişi və tərəqqisi ideyası təşkil edib. Xoşa gəlməyən burada nədir? Özlüyündə pozitiv olan ideya nə üçün istehza, gülüş doğurmalıdır? Belə bir ideyaya görə Əbülfəz Elçibəyi məzəmmət etmək, ən azından, insafsızlıqdır. Əslində, düşünürəm ki, bunun təməlində mahiyyəti anlamamaq dayanır. Bəzi politoloq cənablara sadə bir həqiqəti xatırlatmaq istəyirəm: insanlar, xalqlar və cəmiyyətlər arzularla yaşayıb və yaşayacaqlar; bu arzuların içərisində ən yüksəyi və alisi geostrateji arzudur ki, millətləşmənin və milli düşüncə-məramın təməlində dayanır, topluma daxili inam, güc, ruh verir, onu diskretləşmədən, parçalanmadan qoruyur, fərdləri özündən yüksək səviyyəyə qaldırır, yaxşı mənada insanın “Mən”ini dar çərçivədən çıxarır, onu geniş qəlbli-düşüncəli edir, el-oba, xalq-millət, bəşəriyyət naminə çalışmalara səsləyir.

Geostrateji arzuqəbahət deyil, fəzilətdir. O yoxdursa və yaxud tükənibsə, yalnız “kök”ü və “antenna”sı olmayan ikiayaqlılar sürüsündən, bir-birinə canavar kəsilmiş məxluqlar yığıncağından danışmaq mümkündür. Bu məxluqlar sürüsünün hansısa millətləşməyə, ideya-siyasi hədəfə, mənəvi intibaha istək-ehtiyacı da qalmır. Burada geniş üfüqlərə doğru cəhd yoxdur, daralma, ifrat eqoistləşmə və bəsitləşmə var. Burada “özüm üçün” fəaliyyət, çalışma yetərincədir, ancaq əmək, xüsusən də fədakar əmək ola bilməz. Özündən kənarı düşünmək, ətrafdakıların halına yanmaq, qonşunun, yaxının-uzağın haqqını saxlamaq kimi insani keyfiyyətlərümumi mənafe, ümumi arzu, birləşdirici ümumi ruh olmadan mümkün deyil. Eləmilli ideya, milli ideologiya qismində təqdim olunan varlıqların da başlıca bir qayəsi ondan ibarət olmalıdır ki, bu “ümumi”ləri qorusun, püxtələşdirsin. “Ümumi”nin təntənəsi hər bir fərdin, “təkcə”nin xoşbəxtliyidir!








loading...


Fikrinizi bildirin