Ruslar Polad Bülbüloğlunu həm də necə tanıyırlar...

Heydər Əliyevin məzarı önündə baş əyməsi Leonid Yakuboviçin bağışlanması üçün yetərli olmaya bilərdi...

Bildiyimiz kimi, “Lider tv”nin keçmiş müxbiri Anar Həsənov Rusiya xarici işlər naziri Sergey Lavrova Dağlıq Qarabağdakı situasiya ilə bağlı cəsarətli sual ünvanlamış, bu səbəbdən işinə son verilmişdir. Bununla əlaqədar yayılan xəbərlərdə bildirilirdi ki, jurnalistin Rusiyadakı fəaliyyətinə xitam verilməsi barədə məsələ şəxsən Polad Bülbüloğlunun özü tərəfindən qaldırılıb. Səfir həm Anar Həsənovun verdiyi sualın, həm də Lavrovun qaytardığı cavabın ölkələr arasındakı münasibətlərə xələl gətirdiyini hesab edib. Polad Bülbüloğlu jurnalistin verdiyi sualı “təxribat” olaraq qiymətləndirib.

O sıradan olan xəbərlər arasında bu da vardı ki, Anar Həsənov Bakıya gələrək yerli KİV-lərdən birində işə düzəlmək istəyib, lakin onun bütün cəhdləri nəticəsiz qalıb. Ən nəhayət, söz dolaşdı ki, Anar Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğundan əfv olunması üçün xahiş etməyə hazırlaşır.

Çox keçmədən jurnalist yayılan söz-söhbətə münasibət bildirərək "Kanal-13"-ə verdiyi açıqlamada Azərbaycanın Rusiyadakı səfirindən üzr istəməyəcəyini dedi: "Polad Bülbüloğlundan üzr istəmək fikrində deyiləm və belə bir fikirdə heç vaxt olmayacam".

İndi isə gəlin görək, Polad Bülbüloğlu Azərbaycanı Rusiyada təmsil etməyə nə dərəcədə layiqdir. Və ya ümumiyyətlə, layiqdimi?

Polad Bülbüloğlunun hələ Azərbaycanın mədəniyyət naziri olduğu, "Oqonyok" jurnalına "Moskvanı məhəbbətlə xatırlayıram" ("Vspominayu Moskvu s lyubovyu") adlı nostalji məktub yazdığı 2004-cü ilin söhbətidir. 22 yanvar, gündüz saat təxminən 10.00 radələri. O vaxtlar Azərbaycan efirində də yayılan "Rossiya" kanalı ilə nümayiş etdirilən "Russkie amazonki-2" adlı çoxseriyalı kinofilmin 6-cı seriyası efirdə tamaşaçıya təqdim olunurdu. Rejissoru Oleq Ştrom, ssenari müəllifləri Spiridonov, Şirin olan həmin filmin ərsəyə çatmasında tamaşaçılara daha çox "Pole çudes" verilişinin aparıcısı kimi tanınan Leonid Yakuboviç əsas söz sahiblərindəndi. Baş rollardan birinin ifaçısı olmaqla bərabər, həmmüəllifdi.

Ümumiyyətlə, serialları izləməkdən həmişə çəkinmişəm. Həm ona görə ki, bütün seriyaları izləməyə vaxt olmur, həm də ona görə ki, filmin gedişində tez-tez təkrar olunan reklamlar adamı lap təngə gətirir. Amma ən səbrsiz televiziya tamaşaçısı da etiraf edər ki, hərdən təsadüfən rast gəldiyi bir görüntü onu heç olmasa növbəti reklam roliki göstərilənədək gözünü televizordan çəkməməyə məcbur edə bilər. Şahid olduğum epizod da belələrindən idi. Həmin gördüklərimi bir daha xatırlayıram:

...15-16 yaşında olan bir gənc personaj ünlü sənətçi Leonid Yakuboviçin yaratdığı ekran qəhrəmanının cibinə girir, aviamexaniklərin aylıq maaşını oğurlayıb xərcləyir. "Yakuboviç" onu güdüb yaxalayır, yetim olduğunu bildikdən sonra hüquq-mühafizə orqanlarına təhvil vermək fikrindən daşınır. Onu emalatxanaya gətirir, usta-mexanikin (aktyor Mixail Jiqalov) yanında şagird kimi işləməyi təklif edir ki, bu yolla oğurlayıb xərclədiyi məbləği öz zəhməti ilə ödəsin. Bir sözlə, oğrunu düz yola çəkmək istəyir.

Cibgirdən adını soruşurlar. Belə cavab verir:

- Alixan Raxmon oqlı...

Sonradan bu gənc rusun adının Roman olduğu məlum olur. Həm də filmin yaradıcılarının, ssenari müəlliflərinin hədəfə götürdükləri ünvan aydınlaşır: Bütün postsovet məkanında yaşayan türklər, müsəlmanlar cibgirdirlər, oğrudurlar.

Daha sonra ünvan bir az da dəqiqləşdirilir: Filmin əsas personajlarından biri olan usta-mexanik cibgir Romana istehza ilə "Byul-Byul oqlı" deyə müraciət edir. Göründüyü kimi, artıq izaha ehtiyac yoxdur. Rusların azərbaycanlılara "Azer", "Mamed" kimi ümumiləşdirilmiş formada müraciət etmələri məlumdur. Eynən necə ki, bütün dünyada ruslara "İvan", almanlara "Hans", ispanlara "Pedro" dedikləri kimi. Bütün bunlar anlaşılandır. Amma "Bülbüloğlu" bir dənədir. Rus kinosunda cibgir obrazının məhz bu adda ümumiləşdirilməsi isə birbaşa mədəniyyətimizə sataşmaq kimi dəyərləndirilməlidir.

Ruslar, ələlxüsus rusiyalı mədəniyyət xadimləri, incəsənət adamları Polad Bülbüloğlunu yaxşı tanıyırlar, onu həm Rusiya Federasiyası, həm də MDB məkanında sayğıdəyər titullarla təltif ediblər. Elə isə bu "təltif" nə ilə əlaqədar idi? Bəlkə biz sabiq mədəniyyət başqanımızı ruslar qədər tanımırdıq? Belə yerdə susmaq olmazdı. Mən də susmadım. 2004-cü ildə müstəqil qəzetlərdən birində bu mövzuda "Oyan, ey günəş, oyan!" və "Moskva göz yaşlarına inanmır!" sərlövhəli məqalələrlə çıxış etdim. Məsələyə münasibət bildirənlər arasında "burada erməni barmağı var" deyənlər də oldu. Amma ən maraqlısı Polad Bülbüloğlunun özünün reaksiyası idi: "Onlar dostlarımdı, mənimlə zarafat ediblər".

Şəxsi zarafat restoranda yeyib-içəndə olar, Polad müəllim, kütləvi təbliğat vasitəsi sayılan kinoda yox!

Nə isə. Hadisənin üstündən bir neçə ay keçmişdi ki, Yakuboviç çox güman elə bizim o vaxtkı mədəniyyət nazirimizin vasitəçiliyi ilə Bakıya qonaq gəldi. Ondan müsahibə götürmək üçün "Pole Çudes" fırladacağı "Flaminqo" əyləncə mərkəzinin rəhbərliyindən izn almaq istədim. Razılıq vermədilər: "Yakuboviç hələ hava limanındadı. Bura gəlməzdən əvvəl Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edəcək. Hünərin var, get orda tut, söhbətini elə".

Bir il keçməmiş Polad Bülbüloğlu Rusiyaya səfir göndərildi. Ola bilsin ki, həmin vaxtlar ölkəmizdə internet indiki kimi hamıya əlçatan və internet istifadəçiləri indiki kimi fəal olsaydı, məsələ çox ictimailəşərdi. Heydər Əliyevin məzarı önündə baş əyməsi də Yakuboviçin bağışlanması üçün yetərli olmazdı. Bəlkə də heç Polad Bülbüloğluna diplomatik missiya verilməzdi. O da indi vətənpərvər jurnalisti işdən qovdurmazdı. O dövrün "təxribatçısı" da bu sətirlərin müəllifi olardı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar