Azərbaycanlı partiya sədri Gürcüstan hakimiyyətini hədələdi - "Varlığımızı sübut edəcəm"

Fazil Əliyev: “Böyük ehtimalla yaxın zamanlarda azərbaycanlıların çox hissəsi müxalifət düşərgəsində yer alacaq”

AzPolitika.info-nun müsahibi Gürcüstanın azərbaycanlı eks-deputatı, 2008-ci il prezident seçkilərində namizəd, “Gürcüstan Naminə” partiyasının sədri Fazil Əliyevdir:

- Fazil müəllim, Gürcüstanda yaşayan ermənilərə Rusiya pasportunun paylanması ilə bağlı məlumat nə dərəcədə doğrudur?

- Bəli, Gürcüstanda bir sıra mətbu orqanlar Gürcüstandakı İsveçrə səfirliyinin və Rusiya konsulluğunun qarşısında xeyli erməniyə Rusiya pasportlarının paylandığının şahidi olduqlarını yazıblar. Mən bunu öz gözlərimlə görməmişəm, amma Gürcüstan parlamentinin tələsik ikili vətəndaşlıq haqqında qanun qəbul etməsi yazılanların düz olduğunu sübut edir. Yeni qanun bir aya yaxın olar ki, qəbul edilib. Qanuna əsasən,başqa dövlətin vətəndaşlığını qəbul etmiş şəxs, avtomatik olaraq, Gürcüstan vətəndaşlığını itirmiş sayılır. Böyük ehtimalla bu qanun məhz Rusiya pasportu paylanılan ermənilərlə bağlı idi. Lakin düşünürəm ki, bu çıxış yolu deyil və bu qanun bu axının qarşısını ala bilməyəcək.

- Gürcüstanda Rusiya pasportu paylananlar arasında azərbaycanlılar da varmı?

- Əlbəttə, Rusiya pasportu alan Gürcüstan azərbaycanlıları var idi və hazırda da bunu arzulayanlar həddindən artıq çoxdur.

- Fazil müəllim, Gürcüstandakı yeni hakimiyyət vətəndaşların ümüdlərini doğrultdumu?

-Yox. Qətiyyən doğrultmadı və demək olar ki, xalqı aldatdılar. Bu hakimiyyət Saakaşvilinin dəstəsindən xeyli miqdarda yaramaz kadrları təkrar işə götürməklə yeni bir əcaib sintez olunmuş hakimiyyət qurmaqdadırlar. İndiki Gürcüstan iqtidarı ağıllı və sanballı adamları işə götürmək əvəzinə, xalqın əlindən zorla əmlakını almaqla və hüquqlarını bərpa etmək üçün yalan vədlər verib insanları aldatmaqla məşquldurlar. Demək olar ki, verdikləri vədlərin heç bir fazizini də yerinə yetirməyiblər.

- Gürcüstan hakimiyyəti oradakı azərbaycanlılarla görüşlər keçirirmi və onların yaşayış səviyyəsi ilə maraqlanırmı?

- Mən bu gün Gürcüstan Arzusu Siyasi Partiyasının (GASP) sıralarında tanınmış, sayılıb-seçilən bir azərbaycanlı görmürəm. Böyük ehtimalla, yaxın zamanlarda azərbaycanlıların çox hissəsi müxalifət düşərgəsində yer alacaq. Çünki GASP azərbaycanlılar üçün başqa seçim yolu qoymayıb və bizim içərimizdə yaltaq, savadsız, satqın axtarışlarını hələ də davam etdirirlər. Mən bu günə qədər çox çalışsam da Gürcüstan hakimiyyəti ilə Gürcüstanda yaşayan azərbaycanlıların geniş görüşünü təşkil edə bilməmişəm. Onlar bundan boyun qaçırırlar və əvvəlcədən özləri tərəfindən seçilmiş adamlarla görüşməyi tərcih edirlər. Mən məcburiyyət qarşısında Gürcüstanda yaşayan bütün türkləri ətrafımda toplayaraq varlığımızı sübut edəcəm. Bunu hansı formada edəcəyimin hamı şahidi olacaq. Lazım gələrsə, mitinqlər təşkil edəcəyik, baş nazirin igamətgahı önündə palatkalar quracağıq və bir sıra aksiyalar təşkil edəcəyik. Biz kobud sürətdə pozulan və pozulmaqda olan hüquqlarımızı müdafiə etməliyik.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar