CƏBHƏDƏKİ DÖYÜŞLƏRİN SƏBƏBİ AÇIQLANDI - "Bakının AB ilə danışıqlara başlaması Moskvanı qıcıqlandırıb"

Artıq bir neçə gündür Ermənistan ordusu Tovuz rayonundan başlamış, Tərtərə qədər çox böyük bir arealda atəşkəsi intensiv pozur. Cəbhə xətti boyunca gərgin döyüşlərin getdiyi barədə Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Nazirlikdən bildirilib ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Xocavənd-Füzulu istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.

Nazirliyin dünən yaydığı xəbərdə də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmaqda davam etdiyi bildirilib. Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin D-44 topundan (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyinin yaydığı məlumatlar da durumun kifayət qədər ciddi olduğunu göstərir. Həm Ermənistan, həm Azərbaycan tərəfindən itkilərin olduğu bildirilir. Gərginliyin Ermənistan tərəfindən süni şəkildə yaradıldığı, arxasında hansısa planların dayandığı şübhəsizdir. Ermənistanın təxribatlarının Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf etməsi də suallar yaradır. Bəzi hərbi və siyasi ekspertlər də hesab edir ki, Ermənistanın hücum taktikasını seçməsi daha çox bu ölkənin daxilindəki gərginliklə bağlıdır.

qabil-huseynliPolitoloq Qabil Hüseynli isə musavat.com-a açıqlamaslnda bildirib ki, Ermənistan son təxribatlarını Rusiyaya arxalanaraq edir: “Yoxsa onlar qətiyyən belə irimiqyaslı hücumlara cəsarət etməzdilər. Cəbhə xəttində ermənilərin bu fəallığı hələ bir müddət dayanmayacaq, çünki bu işdə təhrikçi güc mərkəzinin olduğu aydın hiss olunur. Ermənilərin hücumlar zamanı ağır artilleriyadan istifadə etməsi, üstəlik, cəbhə xəttini yarmaq və müdafiə xəttinin içərilərinə doğru irəliləmək cəhdləri göstərir ki, bütün cəbhə xətti boyunca müşahidələr düşmən tərəfindən süni peyk kəşfiyyatı ilə aparılıb. Azərbaycan Avropa Birliyi ilə saziş hazırlayır. Həm bu amil, həm Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında nazirlərin üçüncü görüşü və sözügedən layihənin böyük hissəsinin istismara hazır olması bir çox dairələri əməlli-başlı narahat edib. Xüsusən də Moskva və İrəvanı. Avropa bazarlarına yiyələnmək uğrunda bu istiqamətdə Azərbaycanla yeganə rəqabət aparan ölkə Rusiyadır. Azərbaycanın Avropanın mavi qaz bazarına birinci çıxması və qitənin cənub istiqamətlərində Rusiyanı üstələməsi, Avropa Birliyi ilə danışıqlara başlaması Moskvanı qıcıqlandırır. Rusiyanın forpostunun son günlər hərbi təxribatları intensivləşdirməsində həmin qıcıqlanmanın təsirinin olduğu şübhəsizdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar