MEHRİBAN ƏLİYEVA DEPUTAT MANDATINI TƏHVİL VERİR - Heydər Əliyev Fondunda isə...

"Siz tamamilə doğru dediniz ki, mən deputatam. Lakin qanunvericiliyə görə, mən öz səlahiyyətlərimi təhvil verməliyəm. İndi artıq deputat səlahiyyətlərimin təhvil verilməsi prosesi gedir. Əlbəttə, mən bütün bu illəri dərin minnətdarlıqla xatırlayıram. Çünki əvvəla, bizim ölkə parlamentində həmkarlarla, ən əsası isə seçicilərlə ünsiyyətimiz, fəaliyyətimiz olub. Bu, mənim üçün böyük təcrübədir." Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 27-də “Rossiya 24” kanalına müsahibəsində deyib.

"AzPolitika.info" saytı AZƏRTAC-a istinadən bildirir ki, müsahibədə jurnalistin sualına cavab olaraq M.Əliyeva Heydər Əliyev Fondundakı fəaliyyətini davam etdirəcəyini deyib.Heydər Əliyev Fonduna gələn məktubların Prezident Administrasiyasına gələnlərdən daha çox olduğunu təsdiqləyən M. Əliyeva bunu məktubların qəbulunda hər hansı bürokratik mexanizm olmaması ilə bağlayıb: "Bu, elədir. Biz bu və ya digər problemin həllinə kömək göstərmək barədə xeyli sayda məktublar alırıq. Sizə deməliyəm ki, biz Fondun fəaliyyətinin bu sahəsini qabartmırıq və təbliğ etmirik. Çünki bəzən şəxsi xahişlər, bəzən də insanların səhhətindəki problemlərlə bağlı çoxlu müraciətlər olur. Biz azacıq imkan olan yerdə kömək etməyə çalışırıq. Bilirsiniz, həm də ən vacibi nədir? Ən vacibi əlaqədir. İnsan məktublar göndərir. Bilmirəm, yəqin təbii ki, Administrasiyada da bu məktublar nəzərdən keçirilir. Bu məktubların haraya və necə daxil olması ilə bağlı hansısa xüsusi mexanizm var. Bizdə bu mexanizm minimuma endirilib. Əgər insan məktub yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa müddətdən sonra onunla əlaqə saxlamağa və öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun gəlmir. Əgər həqiqətən köməyin lazım olduğunu görürüksə, çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun sayəsində insanların sevgi və hörmətini qazanıb".

Fondun gələcək taleyi barədə suala isə M. Əliyeva "Sözsüz ki, Fond həm sizin dediklərinizi, həm də böyük təcrübə topladığını, nüfuzlu olduğunu, insanların ona inamını nəzərə alaraq, öz fəaliyyətini davam etdirməlidir. Buna görə də Fondun fəaliyyəti tam həcmdə davam etdiriləcək" -deyə cavab verib.

M. Əliyecva Fonddakı fəaliyyətini davam edəcəyini söyləyib: "Mən davam etdirmək fikrindəyəm. Bundan başqa, sizə deyim ki, xüsusilə iri layihələrin icrasında iş təcrübəmiz var. Biz dövlət qurumları ilə birgə işləmək təcrübəsinə malikik: Fond, dövlət qurumları və özəl sektor. Çox uğurludur. Yeri gəlmişkən, ən uğurlu layihələrdən biri “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsidir. Fond bunun təşəbbüskarı olub. Fondun dəstəyi ilə məktəblər tikilib. Təqribən 500-ə yaxın məktəb özəl sektorun köməyi və Fondun dəstəyi ilə inşa edilib. Sonradan bu təşəbbüs dövlət tərəfindən davam etdirildi və son beş ildə ölkədə üç mindən çox məktəb binası inşa və təmir olunub. Buna görə də düşünürəm ki, burada problem yaranmamalıdır. Əksinə, bu, layihələrin Fond tərəfindən gerçəkləşdirilməsi üçün yeni stimul olacaq və yeni imkanlar açacaq".

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar