"İnanıram ki, biz yeni nailiyyətlər əldə edəcəyik" - Mehriban Əliyeva

"İnanıram ki, bizim bu birliyimiz gələcəkdə də davam edəcək və biz yeni nailiyyətlər əldə edəcəyik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanışlıqdan sonra yerli sakinlərlə görüşdə bildirib.

"Bildiyiniz kimi, mən yeni vəzifəyə təyin edildiyimə görə Azərbaycan Respublikasının Milli Məclisində öz fəaliyyətimi dayandırmalıyam.

Mən 2005-ci ildən üç çağırış Milli Məclisdə sizin dəstəyinizlə fəaliyyət göstərmişəm, deputat kimi çalışmışam. Bütün bu 12 il ərzində çalışmışam ki, öz fəaliyyətimlə sizin etimadınızı doğruldum. Eyni zamanda, mən böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində hər zaman sizin diqqətinizi, dəstəyinizi, sevginizi, hörmətinizi hiss etmişəm. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz buna görə reallaşıb. Bu, məhz bizim birgə fəaliyyətimizin, birgə olmağımızın nəticəsidir. Mən Xəzər rayonunun bütün sakinlərinə, mənə inanan insanlara minnətdarlığımı bildirirəm.

Mən çox şadam ki, bu illər ərzində biz Xəzər rayonunun inkişafı üçün bir çox işlər görmüşük, bir çox nailiyyətlər əldə etmişik. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Ümumiyyətlə, qəsəbələrin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlər, ümumiyyətlə, ölkədə aparılan quruculuq, abadlıq islahatlar prosesinin tərkib hissəsidir.

Amma mən Xəzər rayonunun deputatı olaraq, sizinlə bərabər hər zaman çalışmışam ki, irimiqyaslı layihələrlə yanaşı, insanlarla ünsiyyətdə olum, onların problemlərini eşidim, onları narahat edən məsələləri aradan qaldırmaq üçün əlimdən gələni edim. Yenə də qeyd etmək istəyirəm ki, sizin diqqətiniz, inamınız mənim üçün əsas güc mənbəyi olub. Əminəm ki, biz birgə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Bilirəm ki, Xəzər Rayonunun İnkişaf Fondu fəaliyyətini davam etdirir. Mən sizi narahat edən məsələləri daim diqqətimdə saxlayıram. Çalışıram ki, sizi narahat edən problemlər aradan qalxsın. İnanıram ki, bizim bu birliyimiz gələcəkdə də davam edəcək və biz yeni nailiyyətlər əldə edəcəyik", - deyə M.Əliyeva qeyd edib.

Azərbaycanın Birinci vitse-prezidenti bu illərin onun üçün çox dəyərli olduğunu vurğulayıb: "Bunun əsas səbəbi də ondan ibarətdir ki, mən hər gəlişimdə, Xəzər rayonunun sakinləri ilə hər dəfə ünsiyyətdə olanda sizin dəstəyinizi, hörmətinizi, inamınızı hiss edirəm. Burada çox doğma və əziz bir ab-hava yaranmışdır. Buna görə mən sizə dərin minnətdarlığımı bildirirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar