“İndiki vəziyyətdə 65 yaş həddi çoxdur” – Deputatdan etiraz

Dərc olunub: 01/03/2017 - 22:55

Vahid_Ehmedov1465308874Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov “Əmək pensiyaları haqqında” qanuna pensiya yaşının artırılması ilə bağlı təklif olunan dəyişikliklərə münasibət bildirib.

V.Əhmədov “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən təkliflərin müsbət və mənfi cəhətləri var:

“Birincisi, 5 illik stajın olması yaxşı haldır. Çünki elə insanlar var ki, 6 illik stajı təmin edə bilmir, ancaq 5 il müddətinə lazım olan vəsaiti toplayır. Ancaq 65 yaş olması ilə bağlı səslənən fikir və təkliflərlə razı deyiləm. Deyirlər ki, insan ömrü uzandığı üçün 65 yaş həddi müəyyən edilsin və sairə”.

V.Əhmədov sözügedən təkliflərin beynəlxalq təcrübədə də mövcud olduğunu söyləyib:

“Məndə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondu təcrübənin öyrənilməsi üçün müvafiq beynəlxalq təşkilatlarla danışıqlar aparır. Ona görə də qərara gəlinib ki, yaş həddi 65 il, staj isə 5 il müəyyən edilsin. Doğrudur, son vaxtlar dünyada iqtisadi böhran baş verdiyi üçün müəyyən çətinliklər yaranıb və bu, yaş həddinin aşağı düşməsinin səbəb olub. Təbii ki, buna Azərbaycan da şamil edilir. Yəni, bu proses beynəlxalq təcrübədə də mövcuddur”.

Deputat sözügedən məsələnin Milli Məclisdə müzakirəsi zamanı da münasibət bildirəcəyini söyləyib:

“Bilirsiz, 65 yaş həddi hələ qəbul edilməyib. Bu, hələ səslənən bir təklifdir. Sözügedən məsələ Milli Məclisdə müzakirəyə çıxarılan zaman biz də öz fikirlərimizi bildirəcəyik. Hesab edirəm ki, indiki vəziyyətdə 65 yaş həddi çoxdur, əksinə 63 yaş normaldır. Şəxsən mən Azərbaycanda kişilər üçün 63, qadınlar üçün isə 60 yaş həddinin saxlanılmasına tərəfdaram”.

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsi bu il fevralın 28-də “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklikləri müzakirə edib. Müzakirələr zamanı bildirilib ki, sözügedən qanuna 98 dəyişiklik təklif edilir. Dəyişikliklər, əsasən, pensiya yaşının və pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır.

Onu da bildirək ki, hazırda Azərbaycanda kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxır.


loading...


Fikrinizi bildirin