Qara dənizdə strateji balans dəyişir – TƏHLİL

Dərc olunub: 01/03/2017 - 23:50

Qara deniz

Bu il 53-cü Münhen Təhlükəsizlik Konfransının əsas müzakirə mövzuları Donald Trampın ABŞ prezidenti seçilməsi, İngiltərənin AB-dən ayrılması, Suriyada sülh arayışları, Asiya-Sakit okean bölgəsindəki ticarət və hərbi situasiyalar oldu.

Konfransda Rusiya ilə NATO üzvləri arasında söz dueli davam etdi.

Rusiya xarici işlər naziri Sergey Lavrovun konfransdakı çıxışında “soyuq müharibə hələ davam edir” cümləsi dünyanın dəyişilməyən geopolitik balanslarını göstərməsi baxımından da əhəmiyyətli idi.

Trampın seçki kampaniyası dövründə NATO-dan “modası keçmiş bir təşkilat” olaraq bəhs etməsi Rusiyanı ümidləndirmişdirsə də, ABŞ nümayəndə heyətinin rəhbəri kimi konfransda iştirak edən vitse-prezident Mayk Pensin NATO-ya güclü dəstək mesajları verməsi və Rusiyanın Krımı işğalını heç bir şəkildə tanımayacaqlarını dilə gətirməsi Moskvanın ümidlərini boşa çıxartdı.

Münhen Konfransına paralel olaraq, Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin sammitində də Alyans və Rusiya əlaqələrinin gələcəyinə təsir edəcək əhəmiyyətli qərar qəbul olundu.

ABŞ-ın irəli sürdüyü NATO-nun Qara dənizdəki hərbi varlığının artırılması təklifinin qəbul edilməsi ilə bundan sonra həmin su hövzəsinə daha çox NATO gəmisi daxil olacaq. Bu gəmilərin komandanlıq ofisi isə İngiltərənin Marko bazasından yerləşəcək.

Ankara bu qərarın Rusiya ilə gərginliyə səbəb olmaması üçün gəmilərin bütün hərəkət planı barədə əvvəlcədən Türkiyənin xəbərdar edilməsini şərt qoşdu. Bu qaydaya 2017-ci ilin mayından etibarən əməl olunması nəzərdə tutulur.

NATO müdafiə nazirlərinin 2016-cı il oktyabr konfransında qəbul etdiyi Alyansın şərq sərhədini Rusiyaya qarşı gücləndirmək məqsədilə Estoniya, Latviya, Litva və Polşaya 4 batalyon yerləşdirilməsi planı 2017-cı ilin fevralından etibarən qüvvəyə minib. Əslində, Putin administrasiyası da NATO-nun 2004-cü ildən sonra Baltik ölkələrində hərbi bazalar yaratmasından narahatlıq duyduğunu elan edərkən, bu günləri nəzərdə tutur və proflaktik tədbirlər almağa çalışırdı.

Putinin Təhlükəsizlik doktrinası

Aİ-ABŞ 2000-ci illərdən etibarən bütün diqqətini Gürcüstan, Ukrayna, Qırğızıstanda yeni siyasi təmayyüllər üzərində cəmləşdirib. Kreml isə bu strategiyanı Rusiyanı zəiflətmək siyasəti kimi qiymətləndirir. Axı, Rusiyanın meydana gətirməyə çalışdığı Avrasiya mədəniyyəti içərisində bu üç ölkənin əhəmiyyətli yer tutacağı gözlənilir və onların NATO və Aİ-yə meylli siyasətə üstünlük verməsi Avrasiyacılık fikirlərini zəiflədə bilər.

Putin 10 fevral 2007-ci il tarixində Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Rusiyanın yeni xarici siyasət doktrinasının çərçivəsini cızmışdı. Bu çıxış daha sonra “Münhen Doktrinası” adlandırılacaqdı. Yeni doktrinaya görə; “dünyanın təkqütblülüyü əsla qəbul oluna bilməz və ABŞ-ın qlobal hegemoniyasına və təzyiqlərinə qarşı müqavimət göstərilməlidir. Bundan sonra dünyada hərbi gücdən istifadə yalnız BMT Təhlükəsizlik Şurasının alacağı qərarlar çərçivəsində reallaşdırılacaq.

Putin “Münhen Doktrinası”nda “min illik tarixi ilə hər zaman müstəqil xarici siyasət aparan Rusiyanın təhdidlərə və sanksiyalara əsla boyun əyməyəcəyini və onlara lazımlı cavabların veriləcəyini” elan etmişdi. Münhen nitqində, həmçinin hazırda Rusiyadan qaynaqlanan problemlərin də ilk işarələri də verilmişdi. Lakin ABŞ və Aİ Putinin bu çıxışını ciddiyə almadı, həmişəki rus təhdidi olaraq qəbul edib əks tədbirlər barədə düşünmədi.

10 Fevral çıxışı rus xarici siyasətinin hazırkı şəklinin başlıca istiqamətlərini müəyyənləşdirmişdi. Kreml bu nitqdən sonra aktiv hərəkətə keçərək, başda Gürcüstan olmaqla, Ukrayna, Krım və Suriyaya hərbi müdaxilə etdi, 15 iyul 2008 tarixində isə özünün yeni xarici siyasət konsepsiyasını açıqladı. Bu konsepsiyaya uyğun olaraq, Rusiya 17 Fevral 2008-ci ildə Serbiyada ayrılan Kosovanın, daha sonra Gürcüstan böhranı nəticəsində müstəqilliklərini elan edən Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıdı. Beləcə, ABŞ və Aİ ölkələrinə, bir növ, ultimatum verdi.

NATO-nun genişlənməsi və Rusiyanın əks-hücumları

Kreml 2008-ci il sonrası ABŞ prezidenti Obamanın passiv mövqeyindən də faydalandı. Putin Obama rəhbərliyinin xarici siyasətlərini “təsirsiz” və ‘çarəsizlik nümunəsi’ kimi xarakterizə edərək, özü səhnəyə daxil olmağa başladı.

Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi həm Qərbdə, həm də Rusiyada yeni strategiyaların müəyyənləşdirilməsinə yol açdı. 5 fevral 2010-cu il tarixində “Rus Hərbi Doktrinası” qəbul olundu. Bu doktrina Şimali Qafqazdakı separatçı hərəkətləri və NATO-nun Şərqə genişlənməsini ən böyük təhdid kimi olaraq görür.

NATO-nun genişlənməsinə qarşı Rusiya Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Təşkilatı və s. kimi təşkilatların qurulmasına liderlik etdi. Doktrina NATO-nun Şərqə genişlənməsini və Rusiya sərhədlərinə yaxınlaşmasını açıq bir təhlükəsizlik riski olaraq qiymətləndirir. Putin çar Rusiyası və SSRİ-nin təsir sahələrinin coğrafi qənimətlər üzərində formalaşdırıldığını xatırladaraq, eynilə keçmişdə olduğu kimi, öz yaxın ətrafında hegemoniya qurmaq istəyir.

Rusiya, Krım və Tarsus limanında imtina etməyəcək

Putinin 2007-ci ildə Münhen çıxışında açıqladığı prioritetlər istiqamətində Rusiya Qara dənizdə mövcudluğunun səbəbi kimi gördüyü Krımı öz torpaqlarına qatmaqdan çəkinmədi və daha sonra Suriyadakı böhrana müdaxilə edərək, Tartus limanını öz nəzarəti altına aldı. Şərqi Avropa, Qara dəniz, Xəzər və Orta Asiyadakı geosiyasi üstünlüyünü itirmək istəməyən Rusiya coğrafi təhdidlərlə bütün gücləri regiondan uzaqlaşdırmağı qarşısına məqsəd qoyur.

İsti dənizlərə daxil olmaq rus geopolitikasının vazkeçilməz idealıdır. Bu mənada, Kreml geosiyasi nigaranlıqlarında haqsız da sayılmaz. Putin Rusiyası beynəlxalq sistemdəki geosiyasi və geostrateji mövqeyini yeni güc balansı yaratmaq üzərinə qurub. Rusiyanı bütün dünyada qlobal bir güc olaraq göstərmək səyi bu strategiyanın əsas vasitələrini və arqumentlərini ortaya çıxarır.

Qara dəniz və Ukrayna yenidən “isinir”

Rusiya ABŞ və AB-nin Şərqi Avropa ölkələri üçün ortaya qoyduğu ‘Şərq Tərəfdaşlığı’ təşəbbüsünə qarşı da öz tədbirlərini görməyə çalışır. Bu çərçivədə Avropa Birliyi və ABŞ-ın peyki mövqeyində olan Polşanın Ukrayna və Belarus üzərindəki siyasi, iqtisadi, ictimai və mədəni təsirlərinin azaldılması istiqamətində siyasət yürüdür. “Şərq Tərəfdaşlığı” layihəsi həm də Rusiyanın enerji siyasəti və enerji təhlükəsizliyinə qarşı yönəlib. Rusiya əslində “Türk axını” layihəsi ilə enerji təhlükəsizliyini zəmanət altına almağa çalışır.

SSRİ dövründə Qərbin Qara dənizdəki yeganə müttəfiqi NATO üzvü olan Türkiyə ikən, Bolqarıstan və Rumıniyanın 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa Birliyinə daxil olmalarıyla Qara dəniz Qərbin təsir dairəsinə girdi. NATO-nun Qara dənizdə Rumıniya, Bolqarıstan kimi bölgə ölkələrini də içinə alacaq şəkildə genişlənməsi Rusiyanı narahat edir.

Rusiya iqtisadi və hərbi cəhətdən gücsüz olduğu üçün 2008-ci ilə qədər bu hadisəyə heç bir reaksiya vermədi. 2008-ci ildə isə Gürcüstan ilə birlikdə Qara dəniz siyasətini yenidən aktiv hala gətirdi.

Putinin Qara dənizdəki strateji prioritetləri

Rusiya ABŞ-ın manevrləriylə Avropadan özünə qarşı yürüdülən mühasirə və küncəsıxışdırma siyasətlərini Suriya əməliyyatıyla zərərsizləşdirmək istədi və Obama dövründə buna nail oldu. O, İraq müharibəsindən sonra Yaxın Şərqdə ABŞ-ın imicinin pisləşdiyi dövrdə özünü Suriyada ‘terrorizmlə mübarizə aparan xilaskar dövlət’ kimi təqdim etdi.

Yaxın Şərqdə qarşısına yeni hədəflər qoyan Moskva İranın regional yumşaq gücündən də faydalandı və iki ölkənin strateji müttəfiqliyini bölgədə tərəf- bitərəf dövlətlər meydana gəlməsinə səbəb olacaq səviyyələrə daşıdı. Əslində isə bu siyasət Rusiyanı bölgədə hər ölkə üçün mütləq münasibət qurulması lazım olan dövlət halına gətirməyə hesablanmışdı, ancaq Trampın prezident seçilməsiylə bu balansın yenidən pozulması da istisna deyil.

Rusiya ABŞ-ın Qara dəniz siyasətinə qarşı ortaya çıxartdığı Avrasiyaçılıq strategiyasında başlıca geosiyasi mehvər olaraq Ukraynanı görür. Xüsusilə Krımdakı rus donanması Qara dənizin zəmanəti olaraq xarakterizə edilir. ABŞ və AB Rusiyaya qarşı Türkiyəni sipər etmək istəsələr də, Ankara ilə Moskva arasında son dövrlərdəki yaxınlaşma buna mane olur.

Həm Putinin, həm də Ərdoğanın Qərb cəbhəsindən bu qədər hücuma məruz qalmasının əsl səbəbi bu əməkdaşlığı pozmaq niyyətindən qaynaqlanır. Lakin Rusiya ilə Türkiyə əlaqələrinin önündəki əsl təhlükə bu iki ölkənin dostluğunun Ərdoğan-Putin təşəbbüsüylə məhdudlaşmasıdır. Gələcəkdə onları nələrin gözlədiyini kimsə təxmin edə bilməz.

Rusiyanın qaz və neft nəqli üçün Qara dənizə ehtiyacı var

Ukrayna və Krım yalnız Qara dənizin təhlükəsizliyi üçün yox, eyni zamanda Rusiyanın təbii qaz nəqli üçün də həyati əhəmiyyətə sahibdir. Rusiyanın Qara dənizə əlaqəsinin ən böyük səbəblərindən biri də, heç şübhəsiz, qaz və neft marşrutunun bu bölgədən keçməsidir.

Rusiyaya görə, Qara dənizin təhlükəsizliyi eyni zamanda Qafqazın təhlükəsizliyi deməkdir. Rusiya Qara dənizi qanadları altına ala bilməyəcəyi təqdirdə, Qərbin Qafqazı böhrana sürükləyəcəyindən narahatlıq duyur.

Rusiya ABŞ-ın Gürcüstandakı hərbi gücünü artıraraq, İran ilə hər hansı gərginlik yarananda bu coğrafiyadan istifadə edəcəyi ehtimalından də narahatdır. O, 2008-ci il Gürcüstan müdaxiləsilə əslində NATO-nun sürətli genişlənmə təşəbbüslərini, ABŞ-ın Qara dənizə sahili olan Rumıniya və Bolqarıstanda hərbi baza axtarışında olması prosesini sabotaj etmişdi. Lakin 2016-ci ildə NATO-nun dövlət başçıları və müdafiə nazirləri sammitlərində qəbul olunan Baltik və Qara dənizdə möhkəmlətmə qərarları yeni gərginliklər yaradacaq əhəmiyyətdədir. Necə ki, Tehran da NATO-nun Qara dənizdə möhkəmlənməsindən sonra İrana hərbi müdaxilənin başlanması ehtimalından ehtiyatlanır.

Sözün qısası, Trampın seçkiqabağı kampaniya dövründə verdiyi vədlər istiqamətində Rusiya ilə ABŞ və NATO əlaqələrində müəyyən yaxşılaşmalar təxmin olunurdusa, son zamanlar baş verən hadisələr xüsusilə Qara dənizdə yeni gərginliklərə yol aça biləcəyini göstərir.

 

Prof. Dr. Saleh Yılmaz

Anadolu Agentliyi

Sadələşdirdi: Strateq.az


loading...


Fikrinizi bildirin