"Rusiyadan fərqli olaraq, Qərbin Azərbaycana heç bir təzyiqi yoxdur" - Fərrux Məmmədov

“Ukraynanın federallaşmaya getməsi ölkənin ərazi bütövlüyünü tamamilə itirməsi ilə nəticələnə bilər”

AzPolitika.info-nun müsahibi NATO Əməkdaşlıq İnstitutunun Prezidenti Fərrux Məmmədovdur:

- Fərrux müəllim, belə iddialar var ki, Ukrayna Qərb və Rusiya arasında bölüşdürüləcək. Sizcə Ukrayna böhranının finalını daha hansı şəkildə görmək olar?

- Ukraynanı Rusiya ilə bölüşdürmək Qərbin planında yoxdur və Qərb dövlətləri bölüşdürmək siyasəti yürütmür. Qərb hər bir dövlətin demokratik və sülh şəraitində yaşamasını istəyir. Qərb hər zaman insan haqları və demokratiyanı üstün tutub və insanların öz talelərini özləri həll etmək fikrinə hörmətlə yanaşıb. Qərb və NATO Şərqi Ukraynada Rusiya tərəfindən süni şəkildə yaradılan problemin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və bu münaqişənin həllində sonadək Ukraynanın ədalətli mövqeyini dəstəkləyəcək.

- Bir çox ekspertlər iddia edir ki, Ukrayna bu böhranda öz suverenliyini yalnız federalizasiya ilə qoruyub saxlaya bilər. Sizcə bu nə dərəcədə reallığa uyğundur?

- Ukraynanın bu böhrandan federasiya şəklində ərazi bütövlüyünü bərpa etməsi fikri ekspertlərin subyektiv fikri ola bilər. Amma biz az səbrli olsaq, 25 may prezident seçkilərindən sonra hadisələrin hansı məcrada inkişaf edəcəyini proqnozlaşdırmaq daha rahat olacaq. Hər halda, Ukrayna öz ərazi bütövlüyünü birmənalı şəkildə güzəştə getməyəcək. Ukraynanın federallaşmaya getməsi ölkənin ərazi bütövlüyünü tamamilə itirməsi ilə nəticələnə bilər ki, buna da Ukrayna getməz. Ukraynaya Qərb və Avropa Birliyi yardım etməyə hazırdır. Maydan sonra isə bu yardımlar əsaslı və tam şəkildə həyata keçiriləcək.

- Azərbaycan hazırda bir tərəfdən Rusiya, digər tərəfdən Qərbin təzyiqi arasında qalıb. Sizcə belə bir durumda Çin Azərbaycan üçün çıxış yolu ola bilərmi?

- Rusiyadan fərqli olaraq, Qərbin Azərbaycana heç bir təzyiqi yoxdur. Sadəcə olaraq, Qərb Azərbaycanla əməkdaşlığı hərtərəfli genişləndirməyə maraqlıdır. Azərbaycan həm coğrafi, həm də yüksələn iqtisadiyyatına görə, Qərblə bərabər hüquqlu partnyor ola bilər. Təbii ki, lazımlı addımlar atılıb və demokratik islahatlar aparılarsa. Çinin hər hansı bir formada Azərbaycanı dəstəkləməsi uğurlu gələcəyin vədi hesab edilə bilməz. Çin heç zaman Azərbaycanın milli təhlükəsizliyində və ya inkişafında rol oynaya bilməz. Çünki bu kimi dövlətlərdə İnsan Haqqları və Demokratik proseslərin hansı səviyyədə olduğu göz qabağındadır. Azərbaycan inkişaf səviyyəsini və siyasi xəttini Asiyaya deyil, Avropa və Qərbə yönəltməlidir. O zaman inkişaf və sabitlik daimi olacaq.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar