Haqlı güclü olmalıdır!

TƏƏSSÜFLƏR OLSUN Kİ, BƏZİ HAKİMLƏR GÜCLÜNÜ HAQLI ÇIXARIRLAR

XeyberXeybər Göyyallı

Mən güman edirdim ki, Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) qanunsuz və hüquqi əsası olmayan qətnaməsini ləğv edəcəkdir. Çünki hazırda qüvvədə olan Azərbaycan qanunlarına güvənərək belə düşünürdüm. Amma belə olmadı.

Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətimə ədalətlə baxılması üçün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri F.Ələsgərova, Azərbaycan Respublikasının Ədliyyə naziri , Məhkəmə- Hüquq Şurasının sədri F.Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İ. Nağıyevə və işə baxacaq hakim M.Bağırovaya rəsmi müraciət etmişdim. Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdirinin imzası ilə mənə verilən iki cavab məktubunda bildirilirdi ki, mülki işə baxılarkən qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni və ədalətli qərar qəbul ediləcəkdir. Onu da qeyd edim ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyevə məni qəbul etməsi üçün teleqram da vurmuşdum. Məni İ.Nağıyev yox, ümumi şöbənin müdiri Ə.Həsənov qəbul etdi. Ümumi şöbənin müdiri bildirdi ki, İman müəllim məsləhət bilsə sizi qəbul edəcək. İman müəllim də məni qəbul etməyi məsləhət bilmədi.

Bax, həmin məqamda şübhələndim ki, bu dəfə də tapşırıq öz işini görüb. Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdirinin 7 və 8 fevral tarixlərində imzaladığı hər iki məktubda mülki işin baxışı 15 fevral 2016-cı il tarixdə saat 10-a (?) təyin edildiyi yazılmışdır. Söhbət gedən məktublarda məhkəmə baxışının nə günü, nə də ili düzgün qeyd olunmuşdur. Bu, texniki səhvdən daha çox, formalizm və səhlənkarlıq kimi qəbul olunmalıdır. Əslində, mülki işə baxış 2017-ci ilin 22 fevral tarixinə təyin olunmuşdur.

Bakı Apellyasiya Məhkəməsində bir ağılasığmaz hərəkətin də şahidi oldum. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığım teleqramla bağlı gələn məktubu da məqsədli şəkildə gizlətdilər. Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına məxsus 538-19-02 nömrəli telefona cavab verən şəxslə danışanda teleqramın (məktubun) gəldiyini bildirdi. Mən həmin şəxsdən məktubun (teleqramın) işə baxacaq hakimə verilməsini xahiş etdim. Həmin şəxs də buna müsbət cavab verdi. Ancaq səhəri gün - martın 1-i məhkəmə prosesi günü dəftərxanadan bildirdilər ki, elə bir teleqram (məktub) yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, həmin cavab təcili olaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Çünki müvafiq qurumla telefonla əvvəlcədən əlaqə saxlamışdım.

Çox təəssüf ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırova Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun çıxardığı qətnaməni qüvvədə saxladı (Hansı əsasla qüvvədə saxadı, onu hələ sonra biləcəm. Əslində, heç bir hüquqi əsas yoxdur). Mən güman edirdim ki, Bakı Apellyasiya Məhkəməsində haqq-ədalət, din-iman olar. Əfsuslar ki, görmədim.

Mən fevralın 22-si və martın 1-də Bakı Apellyasiya Məhkəməsindəki məhkəmə çıxışımı cüzi dəyişikliklərlə bu məqamda ictimaiyyətin və əlaqədar qurumların diqqətinə çatdırmaq istəyirəm.

“... DİA-nın rektorluğu tərəfindən mənim işdən çıxarılmağım barədə verilmiş əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 bənddən ibarət 69-cu maddəsinin nə az, nə çox düz 4 bəndi pozulubdur. Mənə işdən “könüllü” çıxmağım barədə təzyiqlə ərizə yazdırılmışdır. Bununla Əmək Məcəlləsinin 69-maddəsinin 7-ci bəndi pozulub. İşdən çıxarılmağım barədə yazdığım bircümləlik ərizəmi təkid və təzyiqlərdən sonra 11.10.2016-cı il tarixində vermişəm. 11 oktyabr 2016-cı ildə ərizə alınandan ikicə gün sonra – 13.10.2016-cı il tarixində mənə xəbər vermədən işdən azad olunmağım barədə əmr verilib.

İşdən rəsmi azad olunmağımı isə 2016-cı il oktyabrın son günlərdə əmək kitabçamı götürəndə bilmişəm. Bununla da DİA-nın rəhbərliyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4 -cü bəndinin tələblərini kobudcasına pozubdur. Adıçəkilən məcəllənin 69-cu maddəsinin 4-cü bəndində birmənalı şəkildə göstərilir ki, ”əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.

Mən yenidən işə bərpa olumağım barədə 04.11.2016-cı il tarixində DİA-nın rektoruna rəsmi ərizə ilə müraciət etmişəm.

Bundan başqa DİA-nın rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinin tələbləri də pozulub. Həmin maddənin 5-ci bəndində açıq-aşkar qeyd olunub ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məndən təzyiqlə alınmış ərizədə hansı gün işdən azad edilməyin tarixi göstərilməyibdir.

Bütün bunlarla yanaşı, əmək kitabçamda işdən azad olunmaq barədə yazılmış bircümləlik qeydə də ciddi səhvə yol verilib. Həmin qeyd belədir: ”AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilsin”. Əslində, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinin motivi tamam fərqlidir”.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının üzvlərinin ( sədr Mədinə Bağırova) diqqətinə qanunsuz işdən çıxarıldığımı təsdiq edən, yuxarıda sadaladığım hüquqi halları çatdırdıqdan sonra ədalətli qərar qəbul edilməsi üçün aşağıda qeyd olunan fikir və mülahizələrimi söylədim: “Kimsə belə deyib: ”Güclü haqlı deyil, haqlı güclüdür". Bu məqamda mən haqlı olduğum üçün güclüyəm. Birinci instansiya məhkəməsi güclünü haqlı çıxarmışdır. Ərazi məhkəməsidir, yəqin, xahiş- minnət olunub. Bir də belə bir məşhur deyim var, hamınız eşitmisiniz, “Qanun hörümçək torudur, güclülər vurub keçir, gücsüzlər ilişib qalır”. Bu deyim müasir sivilizasiyaya, müasir hüquq sisteminə aid deyildir.Axı biz hüquqi dövlətin vətəndaşlarıyıq.

Bu məqamda bir fikir də söyləmək istərdim.Ədalətin rəmzi olan FEMİDA TƏRƏZİSİndə təsvir olunan qadının gözləri ona görə yumuludur ki, o, heç bir tərəfi görməsin , yalnız ədalətli qərar qəbul etsin ( Məhkəmə kollegiyasına sədrlik edən hakimin masasının üstündə, gözünün qarşısında haqqında danışdığım FEMİDA TƏRƏZİSİnin fotosu var idi.Çox təəssüf ki, hakim FEMİDA TƏRƏZİSİni düz tutmadığından o , elə həmin gün foto olaraq qaldı.). Qanun qarşısında hamı bərabərdir. Məni haqsız olaraq işdən çıxarmış akademik U.Ələkbərov DİA- nın rektorudur, vəzifə, mənsəb və səlahiyyət sahibidir. Mən də Azərbaycan Respublikasının vətəndaşıyam, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüyəm, doqquz kitabın müəllifiyəm. Hamı qanun qarşısında bərabərdir. Cəmiyyətdə hər kəsin öz yeri var, heç kim heç kimin yerini tutmur. Belə yerdə deyilib ki, şah qanun yox, qanun şah olmalıdır.

Məhkəmə institutu dövlət hakimiyyətinin üçüncü qolu sayılır. O, hakimiyyətin elə bir qoludur ki, cəmiyyətdə haqq-ədaləti bərpa edir, haqsızı müəyyənləşdirir, ədalətsizliyi aşkara çıxarır. Məhkəmə yeganə qurumdur ki, dövlətin adından qərar, qətnamə çıxarır".

Məhkəmə çıxışımda yekun olaraq bildirdim ki, hakimlər dövlətçilik təfəkkürünə yiyələnmiş şəxslərdir.Əminəm ki, bu məhkəmə işində də Azərbaycan Respublikasının hazırda qüvvədə olan qanunları uca tutulacaq , heç bir subyektivizmə meyil göstərilmədən ədalətli qərar qəbul olunacaqdır.

Bu yazdıqlarım mənim məhkəmə çıxışımın əsas məğzidir.Düzdür, məhkəmə baxışı zamanı cavabdeh tərəfin nümayəndəsi ona ünvanlanan suallara cavab verməkdə çətinlik çəkdi.(Axı ələ bulaşacaq toz qədər belə olsun əsas yoxdur, nə cavab versin)Bu səbəbdən həmin məqamlara toxunmaq istəmirəm.

Bəzilərinə elə gələr ki, mən qarşı tərəfin arqumentlərini qəsdən qeyd etmirəm. Əsla, belə deyil. Cavabdeh tərəfin əlində heç bir hüquqi fakt və arqumenti yoxdur.Sözün əsl mənasında qarşı tərəfin əliyalındır. Elə dəlil və sübut yoxdur ki, kənar vasitələrə əl ataraq məhkəmələrdə sifarişli qərarlar çıxartdırır.Bəli, Bakı Apellyasiya məhkəməsinin hakimi Mədinə Bağırova sifarişlə qərar qəbul etdi. Əgər belə olmasa idi,o, qanunu əlində əsas tutub Səbail Rayon Məhkəməsinin hüquqi əsası olmayan qətnaməsini ləğv edərdi. Belə ki, məhkəmə prosesi iddiaçının tam hüquqi və mənəvi üstünlüyü şəraitində keçmişdir. Belə yerdə deyilib ki, “sən nə çalırsan çal , mən öz havamı oynayacağam”.

Əfsuslar ki, bu dəfə də ədalətli qərar qəbul olunmadı. Qarşı tərəf əmindir ki, sona qədər belə olacaqdır. Belə görünür ki, kiməsə və nəyəsə arxayındır. Axı birinci və ikinci məhkəmə instansiyasında sifarişli qərar çıxarılıb.  Görəsən, niyə Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırova Azərbaycan Respublikasının mövcud qanunlarını deyil, Dövlət İdarəçilik Akademiyasının rektoru U.Ələkbərovu müdafiə edirlər? Bəlkə, 16-cı əsrdə yaşamış Fransa kralı Lüdoviq kimi, Urxan Ələkbərov da “Dövlət mənəm” deyib məhkəmələrə sifarişli qərar çıxartdırır. Onu müdafiə edənlər Azərbaycan dövlətinə və dövlətçiliyinə hörmətsizlik göstərirlər. DİA-nın rektorunun qanunsuz hərəkətlərini müdafiə edənlər unudurlar ki, DİA-nın rektoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2015-ci ildə imzaladığı yeni Əmək Məcəlləsinin tələblərini qəsdən pozaraq, vətəndaşı haqsız olaraq işdən azad etmişdir.

Cənablar, haqqın yanında olun! Çünki dövlət və dövlətçilik yalnız haqq- ədalətlə qüdrətli olur.Mən növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya açıq məktubla müraciət edəcəyəm.

Bu işdə haqq-ədalətin kimin tərəfində olduğu asanlıqla görünür. Bu məhkəmə çəkişməsində ədalət çox üzdədir, lap əlin içi kimi görünür.Elə bu səbəbdən ədalətin bərpası çox asandır. Qalır ədalətli bir hakim sözü..Onun da olacağına inanıram. Bircə ona inanmıram ki, Azərbaycan Respublikasının yüksək səviyyəli ali hakimiyyət orqanlarında və yüksək məhkəmə instansiyalarında çalışanların hamısı DİA-nın rektorunun bu haqsız hərəkətini sona qədər müdafiə etsinlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar