Pərviz Həşimliyə fiziki təzyiq göstərilib, onun dizi sınıbdır – YENİLƏNİB

Dərc olunub: 30/09/2013 - 18:20

PervizVəkil MTN-də Pərviz Həşimliyə baş çəkib

Bazar ertəsi vəkil Anar Qasımlı MTN-in istintaq təcridxanasında “Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri Pərviz Həşimliyə baş çəkib.

Turan agentliyinə görüşlə bağlı şərh verən vəkil deyib ki, jurnalistin vəziyyəti normaldır, o, yalnız saxlanma şəraitindən şikayət edib. Xüsusən, kamerada 24 saat işığın söndürülməməsindən və ona “Yeni Müsavat”, “Azadlıq” və “Bizim yol” qəzetlərinin verilməməsindən şikayət edib.

Pərviz Həşimli ailə üzvləri ilə görüş tələb edir, habelə Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir. Vəkil həmçinin bildirib ki, Həşimlinin həbsindən sonra onun işi üzrə heç bir istintaq hərəkəti aparılmayıb.

Jurnalist özünü təqsirli bilmir və ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız hesab edir. Eyni zamanda, Həşimli ondan Əli Kərimliyə qarşı ifadə verməyin tələb edildiyi barədə məlumatı təkzib edib. Lakin saxlanılma zamanı ona “silahı təsadüfən Əli Kərimli üçün gətirmir?” kimi təxribatçı suallar verilib.

Vəkil həmçinin bildirib ki, Həşimliyə fiziki təzyiq göstərilib – onun dizi sınıb.

“İstintaqın və ittihamların detallarını açıqlaya bilmərəm, belə ki, istintaq sirrinin yayılmaması haqqında iltizam vermişəm”, deyə vəkil bildirib.

Həşimli sentyabrın 17-də silah qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

MTN-dən jurnalistin həbsinin onun peşə fəaliyyəti ilə bağlı olmadığını bildirirlər.

***

Vəkil Anar Qasımlı növbəti açıqlamasını yayaraq, P.Həşimlinin dizinin sınmadığını, sıyrıldığını deyib. Vəkil bildirib ki, onun birinci açıqlaması ilə bağlı xəbərdə yalnışlıq olub.








loading...


Fikrinizi bildirin