“İrəvan blokadanı yarmaq üçün Tiflisə minnətçi düşüb” - Politoloq

“Dağlıq Qarabağda müharibə başlasa, Azərbaycanın müttəfiqləri seyrçi qalmayacaqlar. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycana real dəstək verəcəklər”.

Bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi. Bəzi fikirlər var ki, son zamanlar Moskva ilə yaxınlaşdığına görə Ankara Azərbaycana real dəstək verməyəcək. Ancaq E.Şahinoğlu fərqli düşünür: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nə qədər rusiyalı həmkarı Vladimir Putinlə isti münasibətlərə çalışsa da, iki dövlətin ortaq iqtisadi və enerji layihələri olsa da, Ankara Ermənistan-Rusiya ittifaqının Azərbaycana qarşı hərbi həmlələrini qəbul etməyəcək. Rəsmi Bakı Ankaraya hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq təklifini irəli sürsə, Ərdoğan bundan da imtina etməyəcək. Eləcə də Pakistan Azərbaycana hər cür hərbi dəstək verməyə hazırdır. Prezident İlham Əliyevin Pakistana səfəri çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi müzakirələri buna sübutdur. Pakistan ən müasir silahları Azərbaycana satacaq”.

Politoloq əlavə etdi ki, Azərbaycan prezidentinin qısa zaman kəsiyində həm Qətərə, həm də Pakistana səfəri səmərəli keçdi: “Aydındır ki, müharibənin başlayacağı təqdirdə Qərbin Azərbaycana dəstəyini gözləməyə dəyməz, ümumi sözlərlə kifayətlənəcəklər, real dəstək islam aləminin bir hissəsindən gələcək. Təsadüfi deyil ki, Pakistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycana yenə dəstək ifadə olundu. Əlbəttə, bunlar hamısı bəyanatdır, ancaq müharibə alovlanarsa bu bəyanatların real dəstəyə çevriləcəyini də gözləmək olar. İslam aləmin bir hissəsi sözdə, bir hissəsə isə əməldə Azərbaycanın yanında olacaq. İlham Əliyev xarici səfərlərini intensivləşdirərkən, Ermənistan prezidenti Serj Sərkisyan da kənara çıxaraq tərəfdar toplamağa çalışır. Məsələn, bugünlərdə Serj Sərkisyan Brüsseldə səfərdə olub. O səfəri çərçivəsində Karnegi Mərkəzində çıxış edib. Ermənistan prezidenti ölkəsinin hərbi gücü haqqında xeyli nağıl danışdıqdan sonra belə bir sual səsləndirib: “Necə olur ki, BMT üzvü olmayan Kosovo ATƏT-lə əməkdaşlıq sayəsində dövlət institutlarını formalaşdırır, eyni hüquq isə Dağlıq Qarabağa verilmir?”. Sərkisyan daha sonra deyib ki, Ermənistan Kosovonun müstəqilliyini tanımasa da, öz üzərinə ATƏT-də düşən maliyyələşdirmə vasitəsilə faktiki Kosovonun müstəqilliyi prosesində iştirak edir. Onu dinləyənlərdən biri Sərkisyana gərə belə bir sual verəydi ki, Ermənistanın Kosovonun müstəqilliyini tanımasına hansı faktor mane olur? Axı, Dağlıq Qarabağın “müstəqlliyinə” çalışan İrəvan nədən Kosovo ilə bağlı fərqli mövqe tutur, Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşır? Bu mənada Serbiyanın Azərbaycandan nə fərqi var? Səbəb sadədir, İrəvan Rusiyadan qorxur. Moskva birmənalı milli təəssübkeşlikdən çıxış edərək Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir, Kosovo adlı dövlət tanımır, onun vassalı Ermənistan da bu siyasətdən kənara çıxa bilmir”.

E.Şahinoğlu hesab edir ki, bir gün Kreml İrəvana desə ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır, İrəvan buna da riayət etmək məcburiyyətində qalacaq: “Sadəcə, Kremlin İrəvandan belə bir tələbi yoxdur”. Ekspert dedi ki, bu arada, İrəvanla Tiflis arasındakı təmasları diqqətlə izləməliyik: “Rəsmi İrəvan şimal istiqamətində blokadanı yarmaq üçün Tiflisə minnətçi düşüb. Ermənistanın baş naziri Karen Karapetyan 23-24 fevral tarixlərində Tiflisdə səfərdə olarkən belə bir ifadə işlədib: “Gürcü həmkarımla Rusiya ilə Ermənistanı birləşdirən dəmir yol xəttinin bərpası məsələsini müzakirə etdik”. Bu açıqlama Gürcüstanda siyasi qalmaqal yaradıb. Çünki, dəmiryolu Abxaziyadan keçir, Gürcüstanın bu bölgəsi isə Rusiyanın işğalı altındadır. Belə çıxır ki, işğala baxmayaraq, Tiflis Abxaziya üzərindən dəmir yolunun fəaliyyətə başlamasına yaşıl işıq yandırmağa hazırdır. Bu da öz növbəsində dolayısı ilə Tiflisin Abxaziyanı müstəqil subyekt olaraq tanıması anlamına gəlir. Rəsmi Tiflis belə bir anlaşmanın olduğunu inkar etsə də, gürcü rəsmiləri qətiyyətlə “Karen Karapetyanla bu mövzu müzakirə edilməyib” ifadəsini işlətmirlər. Əlbəttə, Gürcüstan müstəqil dövlətdir və müstəqil qərarlar vermək hüququna malikdir. Ancaq Rusiya ilə Ermənistan arasında Gürcüstan üzərindən dəmiryolu xətti işləməyə başlayarsa, bu Azərbaycanda birmənalı mənfi qarşılanacaq. Çünki, bu dəmiryolu Ermənistanı ayaqda tutmağa imkan verəcək”.

Ekspert vurğuladı ki, Serj Sərkisyan Brüsseldən, Karen Karapetyan Tiflisdən qayıtdıqdan sonra xarici işlər naziri Edvard Nalbəndyan da Dağlıq Qarabağa gəlib: “Erməni nazir Xankəndində yerli separatçıları ruhlandırmaq üçün deyib ki, bu ilin sonuna qədər dövlətlərdən biri Dağlıq Qarabağın “müstəqilliyini” tanıya bilər. Nalbandyan konkret dövlətin adını çəkə bilməyib, yalana oxşayır. Çünki, özünə hörmət edən dövlət separatçıları tanımaz. Ancaq istisna etmirəm ki, Mərkəzi Amerikada hansısa kiçik dövlət və ya bir neçə min əhalisi olan nöqtə boyda ada ermənilərin hiyləsinə aldanaraq Dağlıq Qarabağın “müstəqilliyini” tanısın. Məsələn, vaxtilə bir neçə dövlət Rusiyaya xoş gəlmək üçün Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanımışdı. Bu mənada Azərbaycan XİN həmin “günü” gözləmədən xüsusi bəyanatla çıxış etməlidir ki, Azərbaycan torpaqlarının işğalı üzərində qurulan “dövləti” hansı ölkə tanısa bu beynəlxalq hüquqa zidd olacaq və həmin dövlətə qarşı sanksiyaların qəbuluna çalışılacaq”. Siyasi şərhçi bildirdi ki, Ermənistan hakimiyyəti özünü gümrah tutmağa çalışsa da, Dağlıq Qarabağdan fərqli xəbərlər gəlir: “Məsələn, son döyüşlərdən sonra Dağlıq Qarabağdakı hərbi qarnizonlarda həbslər başlayıb. Bunu erməni saytlarının özləri yayırlar. Həbs edilənlərdən ikisi yüksək rütbəli zabitdir, ordu hissələrində ərzaq və təchizat məsələlərinə məsul idilər. Göründüyü kimi, Dağlıq Qarabağda hərbi rejimin varlığına rəğmən, yüksək rütbəli zabitlər əsgərlərin ərzağına göz dikiblər. Yəqin ağır sosial durum onları ərzağı kənara satmağa məcbur edir. Ötən ilin aprel döyüşləri Ermənistan ordusunun korrupsiya bataqlığında olduğunu üzə çıxartdı, işğalçı qoşunların sıravi hərbçiləri geyim və ərzaq sarıdan çətinlik çəkərkən, generalların İrəvan ətrafındakı villaları müzakirə predmeti oldu. Budəfəki döyüşlər isə Dağlıq Qarabağdakı işğalçı generalların oğurluğu ilə yadda qaldı. Bir az daha sıxsaq, işğalçı ordunun başqa problemləri də üzə çıxacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar