«13 MİLYON QOYMUŞDU Kİ, 200 MİLYON GÖTÜRSÜN!» – Gülağa Tənha ilə bağlı ŞOK açıqlamalar

Dərc olunub: 03/03/2017 - 13:19

İlham Qasımov: “Yoxsa mən öz payımı niyə Gülağa Qəmbərovun və general Müqəddəs Sultanovun həyat yoldaşlarının adına keçirirdim?”

ilham-qasimov1

Martın 2-də Bakı Apellyasiya Məhkəməsində “Real MTK”-nın keçmiş təsisçisi, hazırda həbsdə olan xeyriyyəçi iş adamı İlham Qasımovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə İlham Qasımovun vəkilləri, qohumları, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Gülağa Qəmbərovun (Tənha) nümayəndəsi və jurnalistlər iştirak edib. Prosesi “AzPolitika.info”nun əməkdaşı da izləyib.

Məhkəməni açıq elan edən hakim Sahibxan Mirzəyev əvvəlcə ötən həftə prosesin bir həftə təxirə salınmasının səbəbi haqda danışaraq bildirdi ki, buna səbəb iş üzrə zərərçəkmiş kimi tanınan Gülağa Qəmbərovun məhkəməyə yeni nümayəndə göndərməsi olmuşdu. Nümayəndə Nardanə Fərzəliyeva yeni təyin olunduğunu əsas gətirərək, işlə tanış olmaq üçün vaxt istəmişdi. Ancaq bu gün məhkəməyə o deyil, Gülağa Qəmbərovun köhnə vəkili Elmar Kərimov gəlib.

Gülağa Tənha məhkəmədə dindirilsin!

gulaga_tenha_4

Qeyd edək ki, ötən iclasda İlham Qasımovun vəkilləri də Gülağa Qəmbərovun məhkəməyə yeni nümayəndə göndərməsini onun prosesi qəsdən uzatmaq istəyi ilə bağlamışdılar. Onlar bildiriblər ki, Gülağa Qəmbərov bununla qanunsuz şəkildə azadlıqdan məhrum edilən, günahı olmadığı halda 8 aydır həbsdə qalan, səhhətində ciddi problemlər yaranmış İlham Qasımovun vəziyyətini daha da ağırlaşdırmaq istəyir. Bu dəfə Gülağa Qəmbərov məhkəməyə köhnə nümayəndə göndərməklə bu şübhələri təsdiqləmiş oldu.

Hakim Sahibxan Mirzəyev sonra çıxış üçün sözü İlham Qasımovun vəkili Mərdəli Süleymanova verdi. Ancaq M.Süleymanov çıxışdan qabaq vəsatət vermək istədiklərini bildirdi. Qeyd etdi ki, birinci instansiya məhkəməsində qanunsuzluqlara yol verilərək, vəkillərin Gülağa Qəmbərova suallar verməsinə şərait yaradılmayıb. Hansı ki, bu suallar işin aydınlaşdırılması baxımından çox əhəmiyyətlidi. “Buna görə də hörmətli hakim, xatırlayırsınızsa biz hələ proses başlayarkən, Gülağa Qəmbərovun dindirilməsi üçün məhkəmənin qismən istintaqla aparılmasına dair vəsatətlə çıxış etmişdik. Çünki birinci instansiya məhkəməsində Gülağa Qəmbərov çıxış edərək, İlham Qasımovun həbsini istəmədiyini, prosesə də onun azadlığa buraxılmasnı xahiş etmək üçün gəldiyini demişdi. O, pulun onun üçün ciddi önəm daşımadığını deyərək, İlham Qasımovun həbsini istəmədiyini söyləmişdi. Buna görə hətta hakim ona əsəbləşmişdi. Bizə də imkan vermədi ki, Gülağa Qəmbərova suallarımızı verək. Dedi ki, hələ sənədlər araşdırılır, suallarınızı sonrakı iclaslarda verərsiniz. Digər iclaslara da Gülağa Qəmbərov çaxırılmadı. Hakim qərar çıxararkən də, onun istintaqa verdiyi ifadəsini əsas götürdü. Halbuki, Gülağa Qəmbərovun istintaqa verdiyi ifadəsiylə birinci instansiya məhkəməsindəki çıxışı arasında ziddiyyətlər var idi. Biz də həm bu ziddiyyətləri aydınlaşdırmaq, həm də işdə onunla bağlı olan məsələlərə aydınlıq gətirmək üçün Gülağa Qəmbərova suallar vermək istəyirdik. Ancaq birinci instansiya məhkəməsində hakim buna imkan vermədi. Odur ki, hesab edirəm, məhkəmə qismən isttintaqla aparılmalıdır və Gülağa Qəmbərov Apellyasiya Məhkəməsində dindirilməli, müdafiə tərəfininin suallarına cavab verməlidir. Bu sualların cavabını yalnız o verə bilər. Nümayəndəsi həmin vaxt baş verən proseslərdə iştirak etmədiyindən, onunla İlham Qasımov arasında keçən danışıqlardan xəbərdar olmadığından, Gülağa Qəmbərovun Apellyasiya Məhkəməsində dindirilməsini zəruri hesab edirik”.

İlham Qasımovun digər vəkilləri Taleh İbrahimov və Səyyad Məmmədov da vəsatəti müdafiə etdilər. Hakim vəsatətə İlham Qasımovun da münasibət bildirməsini istədi. Vəsatəti müdafiə edən İlham Qasımov Gülağa Qəmbərovun Apellyasiya Məhkəməsində dindirilməsinin vacib olduğunu vurğuladı: “Möhtərəm hakim, əgər doğrudanda Gülağa Qəmbərov özünü zərərçəkmiş hesab edirsə, mənə qarşı iddiası, tələbi varsa, gəlsin məhkəmədə üz-üzə səsləndirsin. Yoxdursa da, gəlsin burada onu bu oyuna salanlardan danışsın. Siz də bu deyilənləri dinləyin, yoxlayın, ona uyğun da qiymət verin”.

“Bu işin arxasında Müqəddəs Sultanov dayanıb”

muqeddes
Hakimin “Mülki iddiayla bağlı Gülağa Qəmbərovla sizin aranızda nə problem var” sualına cavab olaraq İlham Qasımov bildirdi: “Mülki məhkəmədə Gülağa Qəmbərovla mənim aramda heş bir iddia yoxdur. Çünki mülki iddia ilə başqa şəxs çıxış edir”.

Bundan sonra hakim “Gülağa Qəmbərovun sizdən şikayəti yoxdursa, iş niyə bura qədər gəlib çıxıb” deyə, sual etdi. Bu suala İlham Qasımov belə cavab verdi: “Bəli, onun məndən şikayəti olmayıb, ola da bilməzdi. Səbəb isə budur ki, bu işin arxasında Müqəddəs Sultanov dayanıb. Mənim həbsimin sifarişçisi də odur”.

Sonra hakim bildirdi ki, birinci instansiya məhkəməsinin hökmündə müəyyən məbləğdə vəsaitlərin ortadan çıxarıldığı iddia edilir: “Bununla bağlı nə deyə bilərsiz?”

İlham Qasımov bu haqda çıxış edərək bildirdi ki, həmin məbləğlə bağlı mülki qaydada məhkəmə iddiası apellyasiya instansiyasında araşdırılır: “Bununla bağlı Gülağa müəllimin həyat yoldaşı Şəhla xanım iddia qaldırıb. Bununla bağlı proses hələ davam edir. Sonra da eyni məbləğ Gülağa Qəmbərov tərəfindən tələb edilir. Yəni, 13 milyon 680 min manat pulu həm Gülağa Qəmbərov, həm də həyat yoldaşı tələb edir.
Halbuki, həmin pul mənim öz pulumdur. Mən “Real MTK”-dakı 55 faizlik payımı, Yusifbəyli küçəsindəki 75 sot. torpaq ərazisi ilə birlikdə 15 milyona satmışam Gülağa müəllimə. «Real MTK»-dakı payımın 45%-ni alaraq Gülağa Qəmbərovun arvadı Şəhla Rüstəmovanın adına, 10%-ni isə general Müqəddəs Sultanovun arvadı Təranə Əliyevanın adına rəsmiləşdirdilər. Mən də həmin vaxtdan kooperativ üzvlüyündən çıxdım, “Real MTK”-da hər hansı payım qalmadı. Mən bunu hər yerdə göstərmişəm. Bu hökmdə də yazılıb. Sonra da həmin puldan ərazidəki sakinlərin köçürülməsinə xərclənib. Yoxsa mən öz payımı niyə Gülağa Qəmbərovun və general Müqəddəs Sultanovun həyat yoldaşlarının adına keçirirdim?

Gülağa müəllim mənə 15 milyon verməliydi, ancaq 13 milyon 680 min verdi. Onun təxminən 1, 4 milyonu verməməsinin səbəbi də var. Biz şəriklikdən ayrılanda həmin ərazidə köçürülməli bir nəfər qalırdı. Fikrət Cəfərov adında bir şəxs. Onun da köçürülməsini Gülağa müəllim notarial qaydada öz üzərinə götürdü. Bunu təsdiqləyən sənəd də var. Yəni verilən pul mənim öz pulumdu. Həmin puldan da sakinlərin ərazidən köçürülməsində istifadə olunub. Buna görə də, onlar mənə tikiləcək binada 10, 5 milyon dəyərində evlər verməli idilər. Bununla bağlı 35 nəfərin adına 10,5 milyon dəyərində maliyyə borc arayışları verilib. Ancaq əvəzində məni həbsə atdırdılar”.

Hakim: “Dediklərinizdən bələ məlum olur ki, faktiki olaraq Sizin torpağınızın pulu əlinizdən alınır”.

İlham Qasımov: “Bəli, məqsəd budur. Həm də bir dəfə yox, iki dəfə. Ona gərə də mən xahiş edirəm ki, vəkillərimin vəsatəti təmin olunsun. Gülağa müəllim gəlsin burda ifadə versin, həqiqət ortaya çıxsın. İnanıram ki, Gülağa müəllm bu məsələdə yalan danışmaz. Gülağa Qəmbərov birinci instansiya məhkəməsində də dedi ki, mən gəlmişəm İlhamın azadlığa çıxmasına nail olam. Hakimə də dedi ki, çox xahiş edirəm, İlhamı buraxasınız, xəstədir. Hətta hakim ona əsəbləşdi ki, barışacaqdın, niyə şikayət etmisən. O da dedi ki, mən şikayət ərizəsi verməmişəm. Şəhla xanım mülki qaydada iddia qaldırıb. Ona görə də, Gülağa Qəmbərov burda dindirilərsə, çox məsələyə aydınlıq gələr”.

Bundan sonra hakim dövlət ittihamçısının və Gülağa Qəmbərovun vəkilinin vəsatətə münasibətini öyrəndi. Gülağa Qəmbərovun vəkili Elmar Kərimov vəsatətin qəbul edilməməsini istədi. O, bir neçə dəqiqə Gülağa Qəmbərov barədə məlumat verdikdən sonra, müvəkkilinin birinci instansiya məhkəməsində dindirildiyini, əlavə ifadəyə ehtiyac duyulmadığını söylədi.

Dövlət ittihamçısı R.Abbasov da vəsatətin təmin olunmasına etiraz etdi.

Bundan sonra hakim yerində müşavirə keçirərək, vəsatəti açıq saxladı. İndiki halda Gülağa Qəmbərovun dindirilməsinin vacib olmadığını, gələcəkdə ehtiyac duyularsa çağırıla biləcəyini söylədi.

“Bir işlə bağlı neçə yerdə məhkəmə prosesi gedə bilər axı?”

ilham qasimovDaha sonra İlham Qasımovun vəkili Mərdəli Süleymanov apellyasiya şikayəti barəsində danışdı. O bildirdi ki, birinci instansiya məhkəməsi ciddi pozuntularla keçdiyindən, sübutlar araşdırılmayıb. Məhkəmə İlham Qasımova hətta son söz vermədən hökmü elan edib: “Gülağa Qəmbərovun dedikləri də protokolda yoxdur”.

Vəkil bildirib ki, iddiada göstərilən mübahisəli məbləğlə bağlı Binəqədi rayon Məhkəməsində mülki qaydada mübahisələndirmə aparılıb və İlham Qasımovun xeyrinə qətnamə çıxarılıb: “Həmin işlə bağlı da Gülağa Qəmbərovun həyat yoldaşı apellyasiya şikayəti verib. Bir işlə bağlı neçə yerdə məhkəmə prosesi gedə bilər axı?”

Vəkil daha sonra qeyd etdi ki, Gülağa Qəmbərovun “REAL MTK” ilə birgə fəaliyyətə başladığı dövrdən – 19.08.2014-cü ildən əvvəl İlham Qasımov həmin şirkətin rəhbərliyindən gedib. Buna görə də, İlham Qasımova vəzifəli şəxs kimi hansısa ittiham irəli sürmək absurddur.

Vəkil ittihamda mənimsənildiyi iddia edilən məbləğin özünün də dəqiqləşdirilmədiyini, dəfələrlə şişirdildiyini bildirdi: “Bunu işdə zərərçəkən kimi adıkeçən şəxslərin özləri də təsdiqləyib. Həmin 13 milyon 680 min manatla bağlı mülki iddia irəli sürən Gülağa Qəmbərovun həyat yoldaşı Şəhla Rüstəmova özü də bildirib ki, həmin pulun 3 milyon 750 min manatının tikintiyə icazə və layihənin təsdiqlənməsi üçün verildiyinə tam əmindir. Bundan başqa həmin vəsaitin böyük hissəsi ərazidən sakinlərin köçürülməsinə xərclənib. Mülki iddia üzrə birinci instansiya məhkəməsi iddiada göstərilən məbləğin 4,7 milyonun təyinatı üzrə xərclənmədiyini qeyd edib. Ancaq Apellyasiya Məhkəməsində bu məbləğin 2,3 milyon olduğu müəyyənləşib. Yəni təyinatından yayındırılan məbləğlə bağlı da konkret bir rəqəm yoxdur. Hansı ki, həmin vəsait də İlham Qasımovun özünə aid olub. İlham Qasımov həm MTK-dakı payını verib, həm torpağını verib, həm hazır tikinti layihəsini verib, ancaq əvəzində nə alıb, buna aydınlıq gətirilməyib”.

“Heç bir rəsmi sənəddə adı yoxdur, ancaq həbs olunub!”

Vəkil bildirdi ki, birinci instansiya məhkəməsi İlham Qasımovla bağlı sifarişli qərar çıxarıb: “İlham Qasımovun həbsinin sifarişli olmasına ən böyük sübut rəsmi sənədlərdə adının olmamasına rəğmən həbsə alınmasıdır. Bu gün həmin sənədlərdə imzaları olan məsul şəxslər də buradadır. Bütün notarial sənədlərdə onların imzaları var. MTK-nın icraçı direktoru Sahil Cahangirlinin, mühasibin imzaları var. Amma onları çağırıb, dindirən olmayıb. Bu da məqsədin İlham Qasımovu həbs etmək olduğunu, onun həbsinin sifariş edildiyini sübut edir”.

Vəkil Mərdəli Süleymanov konkret sənədləri göstərməklə, İlham Qasımovun həbsində ciddi qanunsuzluqlara, saxtakarlıqlara yol verildiyini bəyan etdi. Müvəkkilinə bəraət verilməsinin lazım gəldiyini bildirdi.

Bundan sonra hakim sözü yenidən Gülağa Qəmbərovun nümayəndəsi E.Kərimova verdi. O, ötən iclasda Gülağa Qəmbərovun şəxsiyyəti ilə bağlı səslənən ittihamlara etiraz etdi. O, Gülağa Qəmbərovun bu işdə heç bir xeyir güdmədiyini, böyük miqdarda vəsait itirdiyini iddia etdi.

“13 milyon qoyub, mən ona 20 milyon təklif etdim!”

Ilham Qasimov
Bundan sonra söz alan İlham Qasımov bir daha həbsini sifariş adlandıraraq, bildirdi ki, məqsəd onun əmlakını ələ keçirməkdir. O, Gülağa Qəmbərovun nümayəndəsinin fikirlərinə münasibət bildirərək qeyd etdi ki, böyük biznesdə 13 milyon elə də böyük vəsait sayılmır: “Belə böyük bir iş üçün 13 milyon kiçik bir məbləğdir. Çünki Gülağa Qəmbərov bilirdi ki, həmin işə 13-15 milyon qoyub, əvəzində 150-200 milyon pul götürəcək. Gülağa Qəmbərov ağıllı adamdır. 13 milyon qoymuşdu ki, 200 milyon götürsün. Şərikliyimiz pozulanda mən ona 20 milyon təklif etdim ki, ərazini də, payımı da geri qaytarsın. Demirsiz 13 milyon qoyub, mən ona 20 milyon təklif etdim. Yalvardım ki, çıxın. Niyə razılaşmadı? Çünki məqsədləri başqa idi. Müqəddəs və Gülağa bilirdi ki, orada 150-200 milyon qazanc var. Məqsəd həmin qazancı ələ keçirməkdir.

Məhz buna görə də Gülağa gəlib məni axtarıb tapmışdı. Mən Gülağanı tanımırdım. 2014-cü ildə ailəmlə birlikdə Türkiyədə idim. Səhhətimdəki problemlərlə məşğuldum. Həmin vaxt Müqəddəs Sultanov zəng edərək təcili görüşmək istədiyini dedi. Bildirdi ki, yanında Rusiyadan gələn hörmətli bir iş adamı var. Birlikdə iş görmək istəyir. Açığı mən şərikli iş görmək istəmirdim. Buna görə də imtina etməyə çalışdim. Ancaq gördüm Müqəddəs Sultanov inciyir, israrla gəlməyimi istəyir. Mən onun sözünü yerə salmayaraq, onun istəyi ilə Bakıya gəldim. O məni Gülağa Qəmbərovla tanış edərək, birlikdə iş görməyimizi istədiyini bildirdi. Gülağa ortaya pul qoymağa hazır olduğunu, bu işdən onun da xeyri olacağını söylədi.

“Mənə 17,5 milyon borcları vardı!”

muqeOrtadakı pullar evlərin köçürülməsi üçün vətəndaşlara verilib. Bu pullarla bağlı maliyyə sənədləri ortadadır.
Sonra müəyyən səbəblərlə bağlı şəriklik pozulanda da mən ona 20 milyon təklif etdim ki, ərazimi qaytarsınlar, halallaşaq. Mən 20 milyon verirəm, sən də torpağı qaytarırsan. Çünki torpaq keçirilmişdi “Odlar Yurdu” MTK-nın adına. Buna görə, mənə 17,5 milyon borcları vardı. Razılaşmadılar. Mənə olan borclarını verməmək, əlavə əmlaklarımı da ələ keçirmək üçün belə bir oyun qurdular.

Mənim tutulmağım isə Müqəddəs Sultanovun fikridir. Həmin layihədə 200 milyon pul vardı. Bunlar indi istəyir ki, həmin pulu məndən alsınlar. Mənim özümün, ailəmin, yaxınlarımın, dostlarımın nəyi var, satdırıb, həmin pulu əldə etsinlər. Buna görə də bütün qohum-əqrəbanın, dost-tanışın əmlakına həbs qoyulub. Hətta “Paşa Bank”dan 3 milyon kredit götürmək üçün girov qoyulmuş olan əmlaka belə həbs qoyulub. Bunun da hamısı sifarişlə bağlıdır. Bunlar məni həbs edib, özümün, ailəmin, yaxınlarımın, dostlarımın nəyi var, ələ keçirmək istəyirlər. Ancaq Allah böyükdür! Ədalətin gec-tez təmin olunacağına inanıram”.

Qeyd edək ki, məhkəmədə İlham Qasımov Gülağa Tənhanın iddia etdiyi vəsaiti qaytarmağa razı olduğunu desə də, Gülağa Qəmbərovun nümayəndəsi onlara hər hansı bir vəsaitin ödənilməsini istəmədiklərini və Ağır Cinayətlər Məhkəməsinin İ.Qasımov haqqında 15 il həbs qərarının qüvvədə qalmasını istədiklərini bildirdilər. İlham Qasımovun ailəsi bildirir ki, Gülağa Qəmbərovun vəkillərinin 15 il həbs cəzasının qüvvədə qalmasında məqsədləri odur ki, Müqqədəs Sultanovla G.Tənha bu yolla Qasımovların ailəsindən və qohum-əqrəbasından tələb etdikləri milyonlarla dəyəri olan əmlakları, ərazini, mal-mülkü ələ keçirsinlər.

Proses gələn həftə davam etdiriləcək.

Xatırladaq ki, İlham Qasımovun barəsində ötən il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. İş adamının adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçsə də, özü hazırda həbsdədir. İlham Qasımov və yaxınları bu həbsin general Müqəddəs Sultanovun və onun biznes şəriki, müəmmalı iş adamı Gülağa Tənhanın sifarişi ilə baş tutduğunu iddia edirlər. Məhkəmə prosesinə sədrlik edən Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər.

R.Əliyev
AzPolitika.info

051


loading...


Fikrinizi bildirin