ABŞ VƏ AVROPA BAKIYA MÜNASİBƏTİNİ NİYƏ KƏSKİN DƏYİŞDİ?- Azərbaycan hakimiyyəti Moskvanı seçib- ŞƏRH

Morninqstarın qalmaqallı müsahibəsindəki narahatlıq da bir suala cavab tapmaq istəyi idi - Bakı NATO-nun, yoxsa Kremlin dostudur?

Hakimiyyət sanki təşviş içindədir. Qərb təsisatlarını, xüsusən də ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarı “top atəşi”nə tutur. Bir qədər əvvəl “ Qərb siyasətinin batan dan ulduzu” adlandırılan Riçard Morninqstar rəsmi Bakının ən yaxın dostu və dövlət başçısının bir nömrəli texnoloqu hesab edilirdi. İndi dəngələr dəyişib. Nə baş verdi ki, iqtidar amerikalı diplomata qarşı bu qədər dözülməz oldu? Morninqstar özü niyə dəyişdi və yaxud ona iqtidarın münasibəti niyə bu qədər dəyişdi? Görünən budur ki, dəyişən Morninqstarın davranışları deyil, Vaşinqtonun rəsmi Bakıya münasibətidir.

Azərbaycanda zaman - zaman anti - ABŞ isteriyası müşahidə edilib. Lakin heç bir zaman Birləşmiş Ştatların səfiri hakimiyyətin ən yüksək pilləsindən bu dərəcədə aşağılanmamışdı.

Maraqlıdır ki, R. Morninqstarın “Evromeydan” hədəsi ilə yanaşı AŞPA Daimi Komitəsi də rəsmi Bakını kəskin və sərt tənqid etdi. REAL sədri İlqar Məmmədovun dərhal azad olunmasını tələb edən Komitə Bakıdan üzərinə götürdüyü öhdəlikləri şərtsiz yerinə yetirməyi tələb elədi.

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən ilk Daimi Komitənin iclasında hakimiyyətin bu dərəcədə sərt tənqidi və AŞPA komitə iclaslarının yaxın 2 ildə Azərbaycanda keçirilməsinə qadağa qoyulması rəsmi Bakı üçün ürəkaçan heç nə vəd etmir.

2014-cü il iyunun 1-dən qüvvəyə minəcək bu qərar AŞPA-nın vitse-prezidenti, fransalı deputat Rene Rukeye AŞPA-nın Daimi Komitəsinin və Bürosunun iclaslarında iştirak etmək məqsədilə Bakıya gəlməsi üçün verilən vizanın Azərbaycan hakimiyyəti tərəfindən geri alınması ilə bağlıdır.

AŞPA Bürosu hesab edir ki, vitse-prezidentə viza verilməsindən imtina edilməsi AŞPA üzvlərinin sərbəst hərəkət etmək toxunulmazlığı və üstünlükləri haqqında ümumi qaydaların və Paris protokolunun pozulmasıdır.

Məhdudiyyət seçkilərin monitorinqi üzrə AŞPA missiyasına şamil edilməyəcək.

Bununla yanaşı AŞPA üzvlərinin sərbəst hərəkəti təmin edilərsə qurum bu qərarı ləğv etməyə hazırdır.

Belə bir qərar 2013-cü ilin noyabrında Gürcüstanla bağlı qəbul olunmuşdu.

Xatırladaq ki, Rukeyə viza verilməsindən imtinaya səbəb onun rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsilə bağlıdır. Ruke ermənipərəst mövqeyi ilə seçilir.

Lakin AŞPA-nın prezidenti Ann Brössor qeyd edib ki, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunmasının dəstəklənməsi onların başlıca prinsiplərindən biridir.

Brössor sərbəst toplaşmaq , ifadə azadlığı, korrupsiya qarşı sahəsində islahatları gücləndirməyə səslədi. Məhkəmələrin Azərbaycanda ədalətli keçirilməsi ilə bağlı problemlərə toxunan AŞPA prezidenti junalist və blogerlərin təqiblərə məruz qalmasını da pislədi.

İlqar Məmmədov və digər məhbus şəxsləri görüşdən məhrum edilən A. Brösser tvitter hesabında İlqar Məmmədovun dərhal azadlığa buraxılmasını tələb etmişdi.

Xatərladaq ki, “viza qalmaqalı” yeni deyil. Vaxtilə AŞPA Azərbaycan siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserə viza verilməsindən imtina etmişdi. O zaman AŞPA bu məsələdə sükut nümayiş etdirmişdi. İndi isə dəngələr dəyişdiyindən, qurum Bakını küncə sıxır.

Bu da son deyil. ABŞ prezidenti Barak Obama 28 May - Respublika günü münasibətilə İlham Əliyevə göndərdiyi məktubda bir cümlə diqqəti cəlb edir: “Biz Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq”.

Ən maraqlısı isə odur ki, rəsmi Bakıya Qərbin ardıcıl və sərrast atəşləri Azərbaycan hakimiyyətinin Rusiyaya doğru açıq kurs götürməsindən sonra müşahidə edilməyə başladı.

Baş verənlər “ərəb baharı”nı xatırladır. İnqilablar ərəfəsində Yaxın Şərqə səfər edən ABŞ dövlət katibi Hillari Klinton “Yaxın Şərqin, Şimali Afrikanın və digər bölgələrin insanlarının küçələrdə, meydanlarda və digər çevrələrdə azadlıq çağırışları eşidilməkdədir” bəyanatı bütöv bir bölgəni ayağa qaldırdı.

Yaxın Şərqdəki proseslər ərəfəsində də Birləşmiş Ştatlar ərəb diktatorlarının hədəfində idi. Bütün bunlar ərəb hakimiyyətləri üçün faciəli oldu.

İndi hamını bir sual düşündürür - Vaşinqton Bakıya münasibətini niyə bu dərəcədə kəskin dəyişməkdədir? Əslində bu suala cavab da olduqca sadədir - Azərbaycan hakimiyyətinə diplomatik seçimi ilə bağlı mövqe sərgiləməsinə zaman verilmişdi. Artıq bu limit bitmək üzrədir və görünən budur ki, Bakı Rusiyanı seçir. İctimai rəyi Suriya və yaxud Ukrayna, “məxməri inqilablar”ın baş verib, dağıntılarla qarşılaşan digər ölkələrlə qorxutmaq cəhdləri də “Evromaydan” hədəsinin reallaşa biləcəyinin göstəricisi hesab edilə bilər.

Vaşinqton Bakını Rusiyaya meyllənməkdən imtina etməyə və birmənalı qərbyönümlü siyasət yeritməyə səsləyir. Əslində, R. Morninqstarın qalmaqallı müsahibəsindəki narahatlıq da bir suala cavab tapmaq istəyi idi - Bakı NATO-nun, yoxsa Kremlin dostudur?

Azərbaycan Prezident Administrasiyasının ABŞ səfirini sərt tənqid edən müsahibəsində bu suala birmənalı cavab verdi: “Dünyada və post-sovet məkanında problemlər Qərbin ucbatından baş verir; ABŞ səfirinin qonşularımız (yəni Rusiya - red.) haqqında bəzi fikirləri təxribatdır”.

Göründüyü kimi, Bakı Moskvanı seçir. Bu isə Birləşmiş Ştatların təhlükəsizlik maraqlarına edilən təhdid kimi səciyyələndirilə bilər.

İstisna deyil ki, ABŞ və Azərbaycan arasında yaşanan gərginlik müəyyən müddətdən sonra səngiyəcək. Lakin Bakı seçimini etməlidir - ya Qərb, ya Rusiya. Qərbə inteqrasiya əlbəttə ki, Rusiyanı qıcıqlandıra bilər. Lakin R.Morninqstarın da vurğuladığı kimi, bu halda ABŞ Azərbaycan hakimiyyətinin arxasında dayana bilər. Bakının mərkəzində “Evromeydan” qurulsa isə rusların bunun qarşısını almaq üçün yalnız zorakılığı dəstəkləməkdən başqa yolu qalmayacaq.

İndiki mərhələdə xalqa qarşı zorakılıq isə rəngli inqilab ideyasının gerçəkləşməsi anlamına gəlir.

Azərbaycan hakimiyyəti son davranışları ilə özünə ABŞ-ın timsalında yeni müxalifət yaratdı. Belə müxalifətə qarşı duruş gətirmək fantastik görünür...

Azər RƏŞİDOĞLU(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar