«OĞLUMU ÖLDÜRÜB, QURU BAŞSAĞLIĞINA GƏLMƏDİLƏR...» - “İcra başçısı dedi ki, düdük, ağlını yığ başına...”

YAP sədrinin xidməti maşını ilə törədilən cinayət; 12 kameranın görüntüləri silinib, sübutlar məhv edilib!

Təxminən 6 ay əvvəl (2 sentyabr 2016) Pirallahı rayonu ərazisində baş verən yol qəzası bir ailənin çırağını söndürüb. Baki şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Cəmşid İrzaquliyevin ailəsinin yeganə oğlu Tariyel həmin qəzada həyatını itirib.

Tariyel İrzaquliyev Qala-Dübəndi yolundakı piyada keçidinin üzərində Pirallahı rayon İcra Hakimiyyətinin işçisi, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun (özü də maşında olub) xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulub, ailəsi gözü yaşlı, azyaşlı övladı atasız qalıb.

Gənc yaşlarından ağır xəstəliklə mücadilə edən Tariyel İrzaquliyevin həm özü, həm də ailəsi çox məşəqqətlər çəkib. Onu yaşatmaq üçün ailə bütün maddiyatından keçib, acı və məhrumiyyətlərə qatlanıb. On bir il öncə (07.10.2006) İranda Tariyelə böyrək köçürülüb. Əməliyyatdan sonra həyatda qalması üçün ötən illər ərzində dəfələrlə İrana gedərək, əlavə müalicələr alıb. Cəmi bir ilə yaxın idi ki, Tariyeln müalicəsi artıq başa çatmış, əzab-əziyyətlər arxada qalmışdı. Həm özü, həm də ailəsi yenicə rahat nəfəs almağa başlamışdı. Belə bir vaxtda baş verən qəza, Tariyelin həyatını itirməsi ailəsi üçün sarsıdıcı zərbə olub.

Ailənin acısını artıran həm də, üzərindən 6 ay keçməsinə baxmayaraq, hadisənin səbəbinin hələ də konkret müəyyənləşdirilməməsi, törədənin kimliyinin sübutlarla ortaya çıxarılmamasıdır. Düzdür, istintaq materiallarında hadisəni törədən şəxs kimi YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun xidməti istifadəsində olan avtomobilin sürücüsü Bağış Baxşıyevin olduğu qeyd edilib. Uzun müddətdən sonra ("AzPolitika"da atanın Prezidentə müraciəti dərc olunandan sonra-red.) onunla bağlı həbs-qətimkan tədbiri də seçilib.

Ancaq ailəsi hadisə törədilərkən sükanın arxasında Bağış Baxşıyevin olduğuna inanmır. Müəyyən mülahizələrə, hadisənin şahidinin dediklərinə, sübutların vaxtında toplanmamasına əsaslanaraq, hadisə baş verərkən avtomobilin sükanı arxasında YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun olduğunu iddia edir,  onun məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Bununla bağlı Cəmşid İrzaquliyevin Prezidentə müraciəti mətbuatda, o cümlədən saytımızda işıqlandırılıb. Ancaq Manaf Manafov bu ittihamı qəbul etmir. Hadisə zamanı avtomobilin sükanı arxasında sürücüsünün olduğunu bildirir.

Ailənin israrlı müraciətlərini nəzərə alaraq, Tariyelin həyatını itirdiyi qəza ilə bağlı hər iki tərəfi danışdırmaq şərti ilə, araşdırma aparmaq qərarına gəldik.

İlk olaraq qəzada həyatını itirmiş Tariyelin atası Cəmşid İrzaquliyevlə danışaraq, ondan nəyə əsasən avtomobilin sükanı arxasında Manaf Manafovun olduğundan şübhələndiyini soruşduq.

“Manaf Manafova zəng etdilər, "hadisəni törədən mən deyiləm" demədi”

"AzPolitika"nın redaksiyasında söhbətləşdiyimiz Cəmşid İrzaquliyev bildirdi ki, belə qənaətə gəlməsinə hadisə ilə bağlı əldə etdiyi çoxsaylı faktlar, şahidlərin dedikləri və eləcə də istintaqın obyektiv aparılmaması, bəzi sübutların müəmmalı şəklildə yoxa çıxması əsas yaradıb:

“Hadisə 2 sentyabr 2016-cı ildə saat 17:25 radələrində baş verib. Bizə zəng edən kimi, dərhal getdik. Ancaq uşaq artıq morqda idi. Bir ata üçün bunları danışmaq nə qədər çətin olsa da, çox təəssüflər olsun ki, 6 aydır məni dəfələrlə bunları danışmağa məcbur edirlər. Bu mənəviyyatsızlığın, əxlaqsızlığın ən yuxarı dərəcəsidir ki, övladını itirmiş atanı eyni hadisəni müxtəlif instansiyalara yazmağa, danışmağa məcbur edəsən...

Hadisə günü bizə morqda dedilər ki, vurulan tutulub. Mən bilmirdim kimdir, nəçidir. Biz gəldik məscidə. Orada dedilər ki, YAP-ın Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun maşını ilə vurulub. Bizim qohumlardan biri bunun telefonunu tapdı. Bu adama zəng ediblər ki, hadisəni törətmisən, dur gəl bura. O da deyib ki, mən iki saata gələcəyəm. Ancaq gəlmədi. Sabahısı da zəng etdilər, yenə də gəlmədi. Lakin o, zənglərə cavab verən zaman, “hadisəni törədən mən deyiləm “ deməyib, sadəcə olaraq gəlməyib. Bu bir fakt.

“Manaf Manafov maşını götürüb, sürücüsü Bağış qalıb onların yanında”

İkincisi, bizə verilən məlumata görə, bu adam sürücüsünü hadisəni öz boynuna götürməyə sövq edib. Bu məlumat haradan gəldi? Hadisədən sonra bizim qohumlar Pirallahıya getdilər. Pirallahıda bir taksi sürücüsü deyib ki, hadisə baş verən zaman sürücü maşında olmayıb. Manaf Manafov maşını götürüb, sürücüsü Baxış qalıb onların yanında. “Onlar getdikdən sonra biz soruşduq ki, bəs sən niyə getmədin? Baxış dedi ki, mənə dedilər biz toya gedirik, sən getmə” - deyə taksi sürücüsü bildirib. Ancaq istintaq bu adamları tapıb danışdırmayıb.

“Polis görüb ki, Manaf maşında Pirallahı istiqamətində sürətlə gedir”

Üçüncüsü, hadisənin 3-cü günü bizim qohumlar yenə Pirallahıya getmişdilər. Orada bizim qohumlardan bir nəfər deyib ki, burda mənim bir polis tanışım var, sürücünün kim olduğunu görüb. Zəng eləyib, həmin polis gəlib hadisənin baş verdiyi hərbi hissənin qabağına. Orada deyib ki, hadisədən az əvvəl şəhərə gedirmiş. Bu zaman görüb ki, Manaf maşında Pirallahı istiqamətində sürətlə gedir. “Bundan az sonra isə mənə dedilər ki, qayıt geri, hadisə olub. Gəldim ki, Manaf iki əlli başını qucaqlayıb oturub daşın üstündə. Ondan da 5-10 dəqiqə sonra şofer gəldi” - deyə həmin polis bildirib.

Ancaq təəssüflər olsun ki, sonradan həmin polis ortaya çıxmadı. Həmin polisin tanışı olan qohumumuz da onu ortaya çıxarmağımıza kömək etmədi, kimliyini gizlətdi. Qohumların içində hamı mənəviyyatlı olmur ki... Bilmirəm o adam sonra niyə ortalığa çıxmadı, nədənsə ehtiyat elədimi, yoxsa başqa nə oldu...

Biz onun tapılması məsələsini DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi, general Sərvər Mehrəliyevin yanında olanda tələb etdik. O da şöbə müdirinə o polisi tapmağı tapşırdı. “O polis heç nədən ehtiyat eləməsin, nə bilir, açıq desin” - deyə tapşırıq da verdi. Ancaq çox təəssüf ki, şöbənin işçiləri sabahı gün Pirallahıya getsələr də, o adamı tanımadılar. Bilmirəm heyəti necə yığdılar, ancaq o adam orada olmadı. Mən bu işi araşdıran bütün müstəntiqlərə demişəm ki, həmin polislə danışan, onu tanıyan adamlar var. Onları tapın gətirin, həmin polisin kimliyini desinlər, çıxardın ortalığa. Ancaq bunu da etmirlər.

“Hadisənin yeganə canlı şahidi Manaf Manafovu işarə edir”

Dördüncüsü və ən əsası, hadisənin birbaşa və yeganə şahidi olan hərbi hissənin Cavid Mahmudov adında əsgərinin söylədikləridir. Hadisənin baş verdiyi yerlə Cavid Mahmudovun həmin gün növbətçi olduğu hərbi hissənin keçid məntəqəsinin arası 30 metrdir.

Hadisə baş verən günü bizimlə, qohum-əqraba ilə danışan Cavid Mahmudov qəzanın necə baş verdiyini nəql edib. Deyib ki, Tariyel mənlə görüşdü, mehriban uşaq idi, hamı ilə dil tapırdı, sonra getdi yolu keçsin. “Yolun bir tərəfini keçdi, o biri tərəfinə keçəndə, möhkəm bir tappıltı səsi gəldi. Gördüm ki, Tarıyel göydə uçur. Mən özümü çatdırdım ora. Maşın necə böyük sürətlə gəlirdisə, Tariyeli vurub 30 metr aralı atmışdı. Zərblə yerə çırpılıb, orada qalmışdı. Mən özümü çatdırdım, əlimi qoydum Tarıyelin boğazına. Gördüm nəbz sönüb. Bundan sonra baxdım ki, bunların maşını bir 300 metr sürətlə getdikdən sonra, qabaqda dayandı. Sonra maşın dönüb gəldi və maşından düşdülər. Həmin vaxt mən gördüm ki, maşının sol tərəfindən bir eynəkli adam düşdü. Ondan sonra maşınlar gəlib dayandılar, adamlar töküldü maşından, əlavə kim neylədi, xəbərim olmadı” - deyə əsgər bildirib.

Eynəkli adam da bunların içində Manaf Manafov olub. Əsgər bunu ilk gün bizə dedi. Yəni, hadisənin yeganə canlı şahidi Manaf Manafovu işarə edir.

“Pirallahıda bu işin saxtalaşdırılmasına cəhd edildi...”

Ondan sonra bizim başımız yasa qarışdı. Cinayətdən 20 gün keçəndən sonra biz hadisənin səbəbkarlarının cəzalanıb-cəzalanmadığını öyrənmək üçün Pirallahıya gedəndə başqa mənzərə ilə qarşılaşdıq. Pirallahıda işi araşdıran müstəntiq bizim qohumlara bildirib ki, mən heç nə edə bilməzdim, ortada “dəmir sübutlar” var. Onun sübut dedikləri də ekspertiza qərarları, hadisədən xəbəri olmayan, həmin vaxt yaxınlıqda belə olmayan 4-5 nəfər saxta şahiddi.

Orada yeganə şahid həmin əsgərdi. Əsgəri də bunlar aparıblar polis şöbəsinə, hədələyib, sürücü kimi başqasını gördüyünə imza atdırıblar. Bunu əsgərin özü sonradan bizə bildirdi.

“Əsgər dedi ki, məni qorxutdular, hədələyirlər ki...”

Belə ki, mən Pirallahıda bu işin saxtalaşdırılmasına cəhd edildiyini görəndən sonra Daxili İşlər Nazirliyinə, cənab Prezidentə müraciət etdim. Ondan sonra iş 2016-cı il 14 oktyabrda Pirallahı rayonundan alınıb, verildi DİN Baş İstintaq və Təhqiqat İdarəsinə. İş Baş İstintaq və Təhqiqat idarəsinin Yol-Nəqliyyat şöbəsinin Azad Əliyev adlı müstəntiqinin icraatına keçdi. Çox təəssüflər olsun ki, Azad Əliyev təxminən, 2 ay yarım, demək olar ki, yalandan kağız yığmaqla məşğul oldu. Bir nəfər adamı ora çağırmadı. Axırda mən təkid etdim ki, həmin əsgərlə danışmaq lazımdı. Bundan sonra biz əsgərlə görüşdük. Əsgərin ilk dəfə danışdığı adam vardi, onu da özümlə aparmışdım. Həmin adam getdi əsgərlə içəridə izahat verdilər. İzahat yazandan sonra əsgər çıxıb çöldə mənim bu qohumuma deyib ki, qardaş, məni qorxudurlar. Deyib ki, məni apardılar Pirallahı rayonunda hədələdilər. Polis şöbəsində tanımadığım bir kişinin çiyninə əlimi qoydurdular ki, hadisə zamanı maşını həmin adamın sürdüyünü deyim. Belə də şəklimi çəkdilər.

Həmin şəkli də cinayət işinin içinə də qoymuşdular, mən özüm də görmüşdüm. Bunu eşidəndən sonra mən həmin əsgərə dedim ki, belə vicdansızılıq olmaz. Dedi dayı çox şeyi bilmirsən, məni məcbur elədilər. Məni hədələdilər, tanımadığım adamın çiyninə əlimi qoyub, şəklimi çəkdilər. Dedilər ki, guya mən bunu tanıyırmışam, roldan düşən bu adam olub. Sonra da mənə dedilər ki, ifadəni dəyişsən sənin üçün yaxşı olmayacaq.

Bütün bunları yazıb, ifadə şəklində müstəntiq Azad Əliyevə verdi. Arxasını da öz əli ilə yazdı. Maraqlı budur ki, həmin müstəntiq Azad Əliyev bu ifadəni nəzərə almaq istəmədi. Bu gün də nəzərə almırlar. Niyə?

Ondan sonra bunlar əsgəri müəyyən yerlərə “deportasiya” elədilər. Əsgər bu yaxınlaradək hospitalda idi. Bütün bunlar, yəni əsgərin hədələnməsi, saxta ifadə alınması sübut edir ki, hadisəni törədən şəxsi gizlətməyə çalışırlar. Burada yeganə canlı şahid əsgər olub. Əsgərdən başqa orada heç kim olmayıb. Onun da ifadəsini saxtalaşdırmağa cəhd edirlər.

“İcra başçısı bizi heç nə olmamış kimi stola yayxana-yayxana qəbul etdi”

Qeyd edim ki, işin saxtalaşdırıldığı, şahidlərin saxta olması Pirallahının icra başçısı Vasif İmanovun yanında olan zaman da təsdiqini tapdı. Hadisənin üçüncü günü Pirallahının icra başçısı bizi qəbul elədi. Görüşdə rayon polis şöbəsinin rəisi Cümşüd müəllim, rayon prokuroru İbrahim Ləmbəranski, başçının müavini Səfixanov, başçının köməkçisi, mən və iki qohumum iştirak edirdik.

Başçı bizi heç nə olmamış kimi stola yayxana-yayxana qəbul etdi. Sonra da qayıtdı ki, eşitmişəm, hadisədi olub, heç kim istəməzdi belə olsun, arzu edərəm bu işi böyütməyək. Dedi ki, istəyirəm bu iş yuxarılara çatmasın. Mən, hətta bunları ilk gündən çağırdım ki, köməklik eləmək lazımdı. Yəni, bir növ Manafı bu işdən uzaqlaşdırmağa çalışdı. Hətta Manafı çağırıb, bizimlə görüşdürüb barışdırmaq istədi. Ancaq görüşdə iştirak edən qohumum dedi ki, Manafı bura çağırsan burada çox böyük hadisə baş verəcək.

Bundan sonra maşında olan ikinci kişini çağırdılar. O da icranın işçisi idi. Bəlkə də orada üçüncü adam da olub, ancaq kimliyi bu günə kimi bizə bəlli deyil. Bunlar deyirlər ki, sükan arxasında sürücü oturub. Amma sadaladığım bütün bu faktlar orada sürücünün olmadığını göstərir. Üçüncü adam olubsa da, onun kimliyi gizli saxlanır. Nə isə, qayıdım görüşə.

“Başçı dedi ki, "Əəə, düdük, ağlını yığ başına. Duraram..."”

Deməli o adam gəldi - icranın işçisi, Niftəliyev adlı bir adamdır. İçəri girən kimi başladı titrəməyə. Başçının otağında əsirdi... Başçı buna qayıtdı ki, "Əəə, nətəər olub hadisə?". O da başladı nə bilim, biz getdik dəlləyə, şalvarımızı belə geydik, maşın çox sürətlə gedirdi və biz heç nə görmədik. Qabağı görmədik və birdən hiss elədik ki, maşına nə isə dəydi. Bu belə danışanda başçı qayıtdı ki, "Əəə, düdük, ağlını yığ başına. Duraram..." - çox tərbiyəsiz söz işlətdi.

Yəni bunu bizim yanımızda möhkəm hədələdi. Mən də durdum, bu kişinin üzünə tüpürdüm. Dedim vurandan sonra o uşağa niyə yaxınlaşmırdınız? İndi də burda yalan danışırsan. Başçı da əsəbləşib onu bayıra çıxardı. Yəni bu adam bunların dediyini danışa bilmədiyinə görə hədələyib çıxartdılar bayıra.

Ondan sonra sürücünün əmisini gətirdilər. O da icrada işləyir. Həmin Bağış da həm bunun qardaşı oğludur, həm də qızının nişanlısıdır. Bu başladı ki, mən hadisə yerinə getdim, uşaq dəmirin üstündən hoppanıb, sürücü maşını saxlaya bilməyib, ona görə də qəza olub. Yalan danışdı. Nə qədər ağılsız olasan ki, bir addımlığındakı yol keçidini qoyub, dəmirin üstündən hoppansan. Biz də bu yalan danışdığı üşün əsəbləşdik, qovduq çıxdı bayıra. Bu adam sonradan mənim qardaşıma zəng edib, onunla görüşüb deyib ki, mən hadisə yerində olmamışam, heç nə də bilmirəm. Yəni, bu da öyrədilib, gətirilmişdi.

İşin bu cür saxtalaşdırılması isə, hadisəni törədəni gizlətməyə xidmət edir.

“12 kameranın görüntüsünü siliblər”

Beşincisi, rayon ərazisindəki kameraların həmin günə aid görüntülərinin yoxa çıxması da şübhələrimizi təsdiq edir. Mən və müstəntiq Azad Əliyev getdik kameraların görüntülərini əldə edək. Ancaq hamısı yoxa çıxmışdı. Bunu onunla izah edirlər ki, guya ayın sonunda kamera görüntülərini arxivləşdirməyəndə, silinir. Yaxşı, sual olunur: niyə Pirrallahıda işi araşdıran müstəntiqlər bu görüntüləri vaxtında əldə etməyiblər?

Manaf Manafov doğrudan da maşının sükanı arxasında olmayıbsa, niyə dərhal bu görüntüləri əldə edib, işin arasına qoymayıb. Bu olardı sübut. Əgər sən maşının içindəydinsə, marağında olmalıydın ki, 12 kameradan bir dənəsinin görüntüsünü əldə etməklə, günahsızlığını ən mötəbər sübutla isbatlayasan. Ancaq bunun əvəzində həmin görüntülər silinib.

Sonra Azad Əliyevə dedim ki, yaxşı, TŞ görüntülərini al. Sürücü ifadə verir ki, sükan arxasında mən olmuşam. Amma verdiy ifadədə dedikləri ilə texniki ekspertizanın rəyi üst-üstə düşmür. Texniki ekspertizada göstərilir ki, maşın oğlumu keçidin üstündə vurub. Bağış isə iddia edir ki, keçiddən 5-10 metr qabaqda oğlum dəmirin üstündən hoppanıb keçib, onda vurub. Burda da saxtakarlıq edilir.

Bütün bu reallıqlar bizdə şübhələnməyə əsas verir ki, sükan arxasında Bağış olmayıb. Mən də bütün hüquq-mühafizə orqanlarına deyirəm ki, mənim bu kişi ilə düşmənçiliyim yoxdur. Sadəcə olaraq mənə sübut edin ki, sükan arxasında bu adam olmayıb.

“Manafın istifadə etdiyi 8 telefon nömrəsi var...”

Bundan əlavə müstəntiqlərin əldə etdiyi məlumatlara görə, Manafın istifadə etdiyi 8 telefon nömrəsi var. Ancaq qəribədir ki, bu adamın istifadə etdiyi heç bir telefon nömrəsi onun adına deyil. Ona görə də, hansı telefonla, nə danışdığını müəyyən etməyin çətin olduğu bildirilir. O telefonlar müxtəlif operatorlara aiddir. Bir neçəsini əldə ediblər, bir neçəsini bu günə qədər əldə etməyiblər. Bilmirəm niyə.

Orada anten dairəsi var. Bu gün də qabağıma qoymurlar ki, həmin anten dairəsində bu nömrələr olub. Bundan əlavə sürücünün telefonun həmin vaxt haradan siqnal verdiyini də bu günə kimi bizə bildirməyiblər. Sual olunur, niyə? Axı bu sübutları ortaya qoymaqla, bütün sualları çox asanlıqla cavablandırmaq olar. Sübutları yox etməkdə məqsəd nədir?"

İşi müəmmalı şəkildə Qəzənfər Mansurov adlı müstəntiqdən aldılar”

Cəmşid İrzaquliyev istintaqın aparılmasından da narazıdır: “Bu iş 4 ay yarımdır Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat şöbəsindədir. Bu müddətdə 3 müstəntiq dəyişib, ancaq məsələ uzana-uzana gedir. Əvvəlcə müstəntiq Azad Əliyev dediyim kimi, 2 ay yarım kağız toplamaqla məşğul oldu. Ondan sonra işi verdilər Qəzənfər Mansurov adlı müstəntiqə. İk həftəyə yaxın iş bunda qaldı. Sonra müəmmalı şəkildə işi ondan aldılar. Adını da qoydular ki, xəstədir. Ancaq necə xəstədirsə, hazırda işini davam elətdirir. Bu da mənim üçün bir müəmmadır.

Ondan sonra işi verdilər Cəsarət Bayramova. Bu gün də iş ondadır. Ancaq heç bir yenilik yoxdur. Düzdür, uzun mübarizəmizdən sonra Bağış Baxışovu həbs etdilər. Ancaq hələ də düşünürəm ki, əsl günahkar bayırdadır.

Sürücünün hadisəni boynuna alsa da, 4 ay bayırda gəzməsi də, bu işin arxasında daha nüfuzlu şəxsin dayandığını göstərirdi. Yoxsa necə olar ki, gənc bir adamı vurub öldürəsən, sonra da əlini-qolunu sallayıb gəzəsən. Görünür ona söz vermişdilər ki, bu işi boynuna götür, səni qurtaracağıq. Biz bu məsələni ictimailəşdirdikdən sonra, onu həbs etməli oldular. Ancaq yenə deyirəm, mənim üçün bu iş yekunlaşmayıb.

“İdarənin yeni rəisi Emil Usubova müraciət etmişəm”

Buna görə də, mən yenidən DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisinə müraciət etmişəm. Bilirsiz ki, idarənin rəisi dəyişilib, Emil Usubov rəhbər gətirilib. Ona bütün bu təfsilatları yazmışam və xahiş edirəm ki, işin yenidən baxılması, obyektiv araşdırılmasına yardım eləsin. Surətini də nazir Ramil Usubova, cənab Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya göndərmişəm. İnanıram ki, bu müraciətimə diqqətlə yanaşılacaq”.

“6 aydır bu proses gedir, hələ Manafı sifətdən tanımıram”

Cəmşid İrzaquliyev Manaf Manafov kimi adamların YAP-ın nüfuzuna zərbə vurduğu qənaətindədir: “Prezidentimiz məmurlara, YAP üzvlərinə sadə olmağı, xalqın dərdinə şərik olmağı, insanların yanında olmağı tapşırır. Ancaq bu hadisə baş verəndən Manaf Manafov mənim ailə üzvlərimdən, qohumlarımdan, qardaşlarımdan heç kimlə görüşməyib. 6 aydır bu proses gedir, hələ Manafı sifətdən tanımıram...

Tutaq ki, istintaq sübut elədi ki, sürücü Manaf olmayıb, Bağış olub. Ancaq maşın ki, Manafındı, ona təhkim olunub. Eyni zamanda Manaf özü də şəxsən maşında olub. Sürücünü maşını sürətlə sürməyə ya təhrik edib, ya da icazə verib. Yəni, istənilən halda o, bu bu hadisənin törədilməsinin iştirakçısıdır. Eyni zamanda məmurdur. YAP-ın məsul işçisidir. Niyə gəlib bircə dəfə, ailəmizə başsağlığı verməyib, üzr istəməyib?

Bu sözlərim icra başçısı Vasif İmanova da aiddir. Necə ola bilər ki, bir ailənin işığı sönür, ancaq başçı bir quru başsağlığına belə gəlmir. Bu başçı nə qədər böyük səlahiyyətin sahibidir ki, rayonda məmurları tərəfindən törədilən hüzürə gəlib bir başsağlığı da vermir? Hanı insanlıq? Bu yekəxanalığa nə ad vermək olar?

Cənab Prezidentin etimadını beləmi doğruldurlar?

Düşünürəm ki, belə bir siyasi əxlaqa sahib olanların vəzifədə oturması utancvericidir. Mən bununla bağlı YAP-ın qərargahında da olmuşam, Əli Əhmədova, Siyavuş Novruzova məktub yazmışam. Çox təəssüf ki, bu günə kimi onlarla görüşə bilməmişəm. Ancaq məktublarımda da qeyd etmişəm ki, YAP-ın rayon təşkilatına rəhbərliyin belə bir adama tapşırılması doğru deyil”.

“Günahkarların cəzalandırılmasını təmin etməyi xahiş edirəm”

Cəmşid İrzaquliyev sonda bir daha ölkə rəhbərliyinə -Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda daxili işlər naziri Ramil Usubova müraciət edərək, oğlunun ölümünə səbəb olanların, günahkarların cəzalandırılmasını təmin etməyi xahiş etdi: “Həyatda həmişə ata övladın çiynində getməlidir. Ən böyük fəlakət odur ki, oğul atanın çiynində gedir. Mən belə bir faciə ilə üzləşmişəm. Bir də ən çox məni ağrıdan odur ki, bu uşaq yaşamaq üçün 10 il İranın düzlərində min əziyyətə qatlandı. Bizim ailə olaraq çəkdiklərimiz övlada olan borcumuzdur. Bu uşaq özü nələrdən keçmişdi. Yaşamaq üçün nə əzablardan keçmişdi. Demək olar ki, bu dünyanın səfasını sürmədi. 30 yaşınadək o əzablardan keçdi, yaşamaq üçün nə qədər mübarizə apardı. Axırda da belə. Birinin harınlığının qurbanı oldu. Bunu nə Allah götürər, nə də bəndə!”

10 günlük axtarış...

Qeyd edək ki, Cəmşid İrzaquliyev saytımıza bu açıqlamaları təxminən 10 gün əvvəl verib. Ötən 10 gün ərzində Manaf Manafovun da fikirlərini öyrənmək məqsədilə dəfələrlə YAP-ın Pirallahı rayon şöbəsinə zəng etmişik. Ancaq hər dəfə telefonlara cavab verən xanım Manaf Manafovun yerində olmadığını bildirib. Sonuncu dəfə zəng edərkən, Manaf Manafovun “komunalnı”da işlədiyini, daha çox orada olduğunu söylədi. Həmin yerin və Manaf Manafovun mobil telefonunun nömrəsini isə bilmədiyini iddia edərək, bizə təqdim etməkdən imtina etdi.

Məqsədimizi bildirib, əlaqə nömrələrimizi qoysaq da, bu 10 gündə Manaf Manafovdan bir xəbər çıxmadı.

Ancaq qəribədir ki, Cəmşid İrzaquliyevin Prezidentə müraciətini dərc etdiyimiz üçün Manaf Manofov saytımızdan Mətbuat Şurasına şikayət etmiş, bizi qərəzli olmaqda ittiham etmişdi. Lakin Mətbuat Şurasının Şikayətlər Komissiyası M.Manafovun əsassız şikayətinin araşdırılması zamanı obyektiv mövqe tutaraq, "AzPolitika"nın məsələ ilə bağlı təhqiqat aparmaq hüququnun olduğunu öz bəyanatında qeyd etmişdi.

Biz də “AzPolitika.info” saytı olaraq, hər iki tərəfin mövqeyini öyrənməyə çalışdıq. Ancaq çoxsaylı cəhdlərimizə baxmayaraq, Manaf Manafovla danışa bilmədiyimizdən yazı, yenə də birtərəfli alındı.

Bununla belə, istənilən vaxt M.Manafovun da mövqeyini işıqlandırmağa hazır olduğumuzu bir daha bəyan edirik.

R. Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar