PENSİYA YAŞI: 65 – Az deyilmi, cənablar?!

Bu templə hazırkı gənclərimiz təqaüdə neçə yaşlarında çıxacaqlar?

Ahıllarımızdan hər zaman səbr və dözüm göstərməyin faydalı olduğuna dair öyüd-nəsihətlər eşitmişik. Görünür, hökumətdə və Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində oturanlar da bu nəsihətlərdən pay götürüblər. Və bugün həmin payın bir hissəsini elə ahıllarımızın özlərinə qaytarmaqdadırlar – pensiya yaşını artırmaqla!

63 yaşında pensiyaya çıxmalı olan ağsaqqallara və 60 yaşında istirahətə göndərilməli olan qadınlara səbrli və dözümlü olmağı məsləhət görərək, hər ikisinə 65 yaşadək gözləmək tapşırılır. Yəqin bununla həm də, gender bərabərliyinin bərqərar olunmasına böyük töhfə verilmiş olur...

Bəli, Milli Məclisin yaz sessiyasında “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər ediləcəyi gözlənilir. Bu dəyişikliklərin əsas bəndlərindən biri yaş həddinin kişilər üçün 63-dən 65-ə, qadınlar üçünsə 60-dan 65-ə qaldırılmasıdır. Bu təkliflərin təsdiqlənəcəyinə yəqin ki, heç kəsin şübhəsi yoxdur – parlamentimizi hamımız yaxşı tanıyırıq...

Məsələnin iqtisadi tərəfdən mahiyyətini anlatmaq üçün əvvəlcədən bu yaş artımının büdcə xərclərinin azaldılmasına yönəldiyini birmənalı şəkildə qeyd etməliyik. Baxmayaraq ki, hörmətli Hadı Rəcəbli bunu daha çox insanlarımızın ömrünün uzanması və yaşı çatanların pensiyaya çıxmaq istəməməsilə izah edir: “Pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız” (Görəsən, bu “qırğınlar” zamanı neçə deputat itirmişik..?).

Deputatın dediklərindən belə anlamaq olur ki, Azərbaycanda qadınlar orta hesabla 78,4, kişilər isə 77 yaşa qədər ömür sürürlər. Yəni, sən demə uzunömürlülüyə görə yaponları keçmişik, xəbərimiz yoxdur...

Haşiyə çıxaraq qeyd edək ki, əhalinin əhəmiyətli qismi maaşından məcburi sosial ayırma olaraq pul ödəsə də, pensiya yaşına çatmadan dünyasını dəyişir. İnsanlara yalnız 12 il pensiya verilməli olduğunu deyən Hadı Rəcəbli və onu danışdıranlar isə bu məsələni görməzdən gəlir. Məlumat üçün qeyd edək ki, BMT-nin 2016-cı ilin əvvəlinə olan insan inkişafına dair illik hesabatında Azərbaycan orta ömür müddətinə görə 187 ölkə arasında 125-ci yeri tutur. Ölkəmizdə orta ömür müddəti isə 70 yaş göstərilir. Ancaq onlar saydıqlarını saysınlar, əsas odur Dövlət Statistika Komitəsi və Hadı müəllim nə sayır...

hadirecebli25364

Yeri gəlmişkən, hörmətli Hadı müəllim artıq 70-ci yaşında olsa da, orta statistik Azərbaycan pensiyaçısı ilə müqayisədə, maşallah, çox cavan və gümrah görünür, həm də təkcə fiziki deyil, maliyyə imkanları baxımından da... Ondan fərqli olaraq, pensiyaçılarımızın əksəriyyətinin yeganə ümid yeri yalnız pensiyalarıdır! Hələ böyük bir qisminin övladları və nəvələri də həmin pensiyaya möhtacdır... Hadı müəllimi isə, bu acı reallıq, deyəsən az maraqlandırır – gah müəllimlər, gah kəndlilər, gah da pensiyaçılara aid birmənalı qarşılanmayan “zarafatlar” edir. Onun “aforizmlərindən” bir neçə nümunə: “Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün”, “Məcburi köçkünlər “plitkadan” isifadə edirlər. Sonra isə pəncərəni açıq qoyurlar”, “Ünvanlı sosial yardım əvəzinə kəndlərdə yaşayanlara qoyun verilməlidir” və sair. Ümumiyyətlə, Hadı müəllim birinci dəfə deyil bu cür, özündən olsa, baməzə açıqlamalar verir. Bəlkə də, onun bu xüsusiyyəti ötən əsrin 80-ci illərində Şəki Şəhər Partiya Komitəsinin birinci katibi işləməsilə bağlıdır. Görünür, həmin vaxtlar şəkililərdən güclü yumor hissini əz eləməyə də imkan tapıb. Ancaq bu iş hamıda alınmır və istedad tələb edir. Şit, yersiz və camaatda ikrah yaradan atmaca yiyələrinə  isə şəkililər özünəməxsus ləhcələrilə “hütdülüm” deyirlər...

Qanun dəyişikliyindəki məqamlardan biri də pensiya məbləğinin hesablanması qaydası və stajla bağlıdır. Artıq 12 il staj tələb olunmayacaq, hansı ki, hər sonrakı staj ili pensiya məbləği üçün az da olsa əlavələr nəzərdə tuturdu. İndi pensiya məbləği göstəricisi ödənilən sığorta haqqına hesablanır. Nəticədə 65 yaşa çatandan sonra sığorta haqqı ödəmə məbləğinin ümumi həcmini 144-ə böləndə 110 manat edirsə, pensiyanı ala bilərsən. Yəni ki, sənin sıgorta hesabına ən azı 15 min 840 (110*144) manat (!) yığılmalıdır ki, 110 manat pensiya ala biləsən. Nəzərinizə çatdıraq ki, sığorta məbləği əmək haqqının 25 faizi olaraq hesablanır. Yəni, məsələn rəsmi maaşı 140 manat olan müəllim, yaxud səhiyyə işçisinin aylıq sığorta ödənişi 37 manat 50 qəpik edir. Bu da ildə cəmi 450 manat deməkdir. Deməli, bu adam ən azı 35 il işləməlidir ki, pensiyaya çıxanda 110 manat (yəni, təxminən 60 dollar) ala bilsin. Bu hesablama özəl sektorda çalışanlara da aiddir, çünki əksər sahibkarlar vergi və sosial ödəmələr yükünün altından çıxa bilmədikləri üçün işçilərinin rəsmi əmək haqlarını minimumla göstərmək məcburiyyətindədirlər. Yəni ki, öz pensiyanı dövlətin pensiya fonduna özün yığmalısan. Pensiayaya çıxandan sonra isə fərasətin varsa 12 il də yaşa və yığdıqlarını geri al, yoxdursa, günah bizdən getdi...

Onu da qeyd edək ki, kişilər üçün 63, qadınlar üçünsə 60 yaş həddi cəmi 2 ildir tətbiq olunur. Qısa müddətdə yaş həddi müvafiq olaraq 2 və 5 il də artırılır. Bu gedişlə, indiki gənclərimiz yaşlananda pensiya yaşı 100-ə çatar, inşallah!

Məsələnin rəqəmlərlə oxucunu yormaq istəmədiyimiz iqtisadi tərəfilə yanaşı, mənəvi tərəfi də var. Ahıl yaşına çatmış insana bu qədər soyuq və acımasız münasibət yolverilməzdir. Dövlət (əgər ikiüzlü və rəhbərə xoş görünmək üçün camaatın boğazın üzməyə hazır olan məmurlar imkan versə) gücünü təkcə ordusu, büdcəsi, xarici siyasətilə deyil, vətəndaşına olan humanist və əliaçıq münasibətilə də göstərməlidir. Analoqu olmayan iqtisadi inkişafa pensiya yaşını qaldırmaqla qənaət edilən 3-5 manatla kölgə salmaq da düzgün deyil axı. Həm də bu, çox primitiv və perspektivsiz həll yoludur.

Təbii resursları ilə öyünə bilməyən və hətta zaman-zaman ölkəmizdən maliyyə dəstəyi alan Belarusda qadınlar 58, kişilər isə 60 yaşda pensiyaya çıxırlar. Belarus təqaüdçülərinin pensiyası isə 134 dollardan başlayır. Yəni bizim 110 manatdan 2 dəfədən çox. Belarusu nümunə gətirməyimizə səbəblərdən biri, bir müddət öncə Lukaşenkonun hökumətin iclasında benzinin qiymətini qaldırmağı təklif edən məmurlara verdiyi cavabdır: “Поднять цену на бензин и дурак может!” Doğrudan da, enerji daşıyıcılarının qiymətlərini, vergiləri, cərimələri, pensiya yaşını və s. qaldırmağı və əhalini səfalətə aparan digər addımları atmağı hər kəs bacarar. Bunlardan yan keçib, sosial ədalət prinsipinə riayət etmək üçün isə ən azı “hütdülüm” məmur və deputatları belə məsələlərin həlli prosesinə buraxmamaq lazımdır.

CƏLAL

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar