Seçici siyahısında «ölü can»lar varmış

Hər seçki günündə adını siyahıda tapmayan və bu üzdən bir neçə məntəqə arasında vurnuxan onlarla seçiciyə rast gəlmək olur. Seçki rəsmiləri siyahılarda dəqiqləşdirmələrin getdiyini vurğulasalar da, AzadlıqRadiosu, hələlik, bir seçki dairəsində bir neçə vəfat etmiş şəxsin adını üzə çıxarıb.

ÖLƏNİN ADINA BİLDİRİŞ VƏRƏQƏSİ

11 saylı seçki dairəsində qeydiyyatda olan, ancaq avqustun 2-də dünyasını dəyişmiş Nəzakət İsmayıl qızı Dadaşovanın gəlini deyir ki, mərhum qayınanasının adına bildiriş də gəlib.

Elə həmin seçki dairəsindən İntizam Qardaşəli oğlu Süleymanov bir neçə ay əvvəl ölsə də, adı hələ də seçici siyahısındadır.

11 saylı seçki dairəsindən Stupa Aleksandr Viktoroviç bu il avqustun 23-də vəfat edib. Seçici siyahısında onun da adına rast gəlinir.

Azadlıq Radiosunun elektron poçtuna gəlmiş məktubda 20-dək vəfat etmiş şəxsin həmin seçki dairəsində qeydiyyatda olduğu bildirilir.

0.5 FAİZLİK XƏTA

MSK-dan Azər Sarıyev dünyanın heç bir yerində qüsursuz seçici siyahısının olmadığını, istənilən siyahıda 3-5 faiz çatışmazlığa rast gəlindiyini deyir. Ancaq onun sözlərinə görə, MSK-nın təcrübəsində nəinki bir, heç yarım faiz də xəta olmayıb, çünki yanvardan mayadək dəqiqləşdirmə gedir.

Bu proses dairə seçki komissiyaları üzvlərinin, yerli icra hakimiyyəti, bələdiyyə, pasport qeydiyyatı şöbələrinin iştirakıyla aparılır:«Seçki ilidirsə, proses səsvermə gününə 25 gün qalanadək davam edir. Adı siyahıda olmayan da şəxsiyyət vəsiqəsi ilə seçki günü yaxınlaşıb səs verə bilir. Yəni, heç kəs seçki prosesindən kənarda qalmır».

SEÇKİDƏN KƏNARDA QALANLAR

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı 2008-ci ildə 40-a yaxın dairə üzrə siyahıların yoxlanması ilə bağlı proqram həyata keçirdiklərini xatırladır. O, problemin hələ də qaldığını bildirir:«Bakının ətrafında xeyli sayda yeni yaşayış məskəni var. Həmin məskənlər Abşeronun 41, 44 saylı, Sumqayıtın 42, 43 saylı dairələrinə düşür. Müvəqqəti evlər tikib yaşayanlardır, adları heç bir siyahıda yoxdur. Dövlət qeydiyyata almadığından həmişə seçkidən kənarda qalırlar. Bu, çox ciddi problemdir».

MSK-dan Azər Sarıyev bu iddialarla razılaşmır: «Deyirlər, ancaq bizə müraciət edən, konkret ad verən yoxdur ki, yoxlayaq. Dəfələrlə olub, hansısa QHT iddia edib ki, MSK-nın siyahısında külli miqdarda çatışmazlıq var.

Siyahını alıb yoxlayanda görürük ki, düzgün axtarış verməyiblər. Yaxud haradasa səhvləri olub. Versinlər, yoxlayaq görək, onların iddiası nə dərəcədə düzgündür».(azadlıq.org)

MİLYON YARIM SEÇİCİ FƏRQİ

ATƏT müşahidəçilərinin bu ilin iyulunda açıqladığı hesabatda vurğulanırdı ki, ölkədə qeydiyyatdan keçmiş 4 milyon 900 min seçici var, Dövlət Statistika Komitəsi isə ölkədə yaşı 20-ni keçmiş 6 milyon 400 min vətəndaşın olduğunu bildirir. Komitə mediaya açıqlamasında say hesabının daimi əhali üzrə aparıldığını və bu tərkibə işləmək üçün ailələri ilə birlikdə xaricə gedənlərin də daxil olduğunu deyir. Qurum Dağlıq Qarabağda yaşayan 120 min erməniəsilli Azərbaycan vətəndaşının da daimi əhalinin tərkibinə daxil edildiyini vurğulayır.

Bəşir Süleymanlı vəfat etmiş şəxslərin adlarının siyahıda qalmasını texniki problem saymır, bunu seçki prosesinə etinasızlığa bağlayır. Onun fikrincə, komissiyalar prosesin necə olacağını bildiyindən siyahılara ciddi yanaşmır, digər tərəfdən həmin şəxslərin adlarını məqsədli saxlamaqla nəticələrin saxtalaşdırılmasında istifadə edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar