Vətənin xəyanəti

Şahvələd ÇOBANOĞLU

Dünən “vətənə xəyanət”də ittiham olunan jurnalist Rauf Mirqədirovun atası torpağa tapşırıldı. Raufun atası oğlunun həbsindən sonra açıqlama vermişdi - buna inləmək demək olardı. Ata oğluna vurulan belə amansız damğa ilə heç cür barışa bilmirdi. Hiss olunurdu ki, hər cür böhtana dözərmiş, amma “vətənə xəyanət” ittihamını daşımağa hazır deyil. Istintaq onun evində də axtarış edəndən sonra ata doğrudan da bu yükü çəkə bilmədi.

Romanları ilə yadda qalan Viktor Hüqonun nə vaxtsa bir şeirini oxumuşdum. Şeirdə deyilirdi ki, qətli həmişə bıçaqla, tüfənglə həyata keçirmirlər, öldürməyin min üsulu var. Yaşlı atanı da bu cür - bıçaqsız, tüfəngsiz öldürdülər. Deyə bilərsiniz, necə? Necə bəyəm?! Əgər Vətən sizin üçün doğrudan da müqəddəsdirsə və oğlunuza vətən xaini damğası vururlarsa, bu, güllə yarasından zəif yara deyil. Yaşlı atanı da bu yara ilə öldürdülər.

Tariximiz də bu yükü çəkə bilməz! Bir Azərbaycan ziyalısını erməni casusu çıxararkən öz tariximizə atılan şəri və vurulan ləkəni təsəvvür edirsinizmi? Ermənilər bu qədərmi dəyərli, güclü və pulludur. Pul qazanmaq üçün YAP-çı olmaq bəs edirsə, erməni casusu olmağa nə ehtiyac var?

Bu hadisə təkcə Rauf Mirqədirova atılan böhtan deyil. Bizim topluma, bizim ölkəyə, bizim Vətənə atılan şərdir. Bu, nəhayət, Vətəni ermənilərə satılacaq qədər kiçiltmək deməkdir.

Təzə iş deyil amma. Mövcud hakimiyyət özünü qorumaq üçün Vətənin xəyanətini təşkil edir illərdir. Bu siyasi iqtidarın timsalında bizim dövlətimiz - Azərbaycan özünün ən yaxşı övladlarına hökm oxuyur, onları cinayətkar elan edir. Ən yaxşı gənclər ən ağır cinayətkar kimi mühakimə ediliblər təzəcə!

Amma Vətən adından nə etsələr də, hələ bu ölkədə yalançı “vətən xəyanəti” ittihamına dözməyəcək qədər gerçək vətənçilər varmış. Yaşlı atanın ölümü həm də onun Vətən sevgisi idi. Ruhu şad olsun! Vətən torpağında rahat uyusun!

Təmizləmənin yeni üsulu - “Vətəndaşlıqdan çıxarma”

Vətənlə vətəndaşı cəzalandırma niyyətləri nəinki dayanmır, hətta güclənir. Bu günlərdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsiÿortaya atılıb və bu layihənin məğzində vətəndaşlıqdan çıxarma anlayışı durur. Məsələn, layihədə deyilir ki, Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışa görə vətəndaşlıqdan çıxarıla bilər. Ilk baxışdan, sanki burada məntiq var. Amma yada salın ki, ziyan vurmağa görə qanunauyğun cəza verilir, vətəndaşlıqdan çıxarılmaq isə cəza ola bilməz. Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda vətəndaşlığından məhrum edilə bilməz.ÿ

Ümumiyyətlə, müasir hüquqda vətəndaşlıqdan azad etmək adlı anlayış yoxdur. Çünki bu, insanın təməl hüququdur. Insanın insan olma üsuludur - vətəndaşlıq. Həm də insan vətənsiz necə ola bilər?

Ölkəyə ziyan vuran şəxs vətəndaşlıqdan çıxarıla biləcəksə... Tutaq ki, birini vətəndaşlıqdan çıxardınız. Bəs onun ailəsi, atası, anası, həyat yoldaşı, uşaqları necə olacaq? Onun ailəsinin vətəni olacaq, özünün yox? Bu ki gülməlidir!

Bu, ölkənin Konstitusiyasına, Insan Haqları Konvensiyasına, insanlığa, mənəviyyata, məntiqə ziddir. Bu, sadəcə siyasi fəalları cəzalandırmağa və repressiyadan başqa heç nəyə yaraya bilməz. Bəlkə, kimsə bunda hansısa faydanı görür, deməli, onun vura biləcəyi dəhşətli ziyanları görmür.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar