“Əli İnsanov təsadüfi adam deyil" - YAP-çı deputatdan cəsarətli açıqlama

Nizami Cəfərov sabiq səhiyyə nazirinin azadlığa buraxılmasını istədi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, YAP-çı deputat Nizami Cəfərov sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən azad olunmasını istəyir. Bu barədə N.Cəfərov “Reytinq” qəzetinə müsahibəsində bildirib.

Komitə sədri ölkə prezidenti İlham Əliyevin 28 May-Respublika Günü öncəsi əfv fərmanı verəcəyinə ümid etdiyini deyib: “Heç kim kiminsə həbsxanada qalmasını istəməz. Müsbət haldır ki, cənab prezident bu cür humanist addımlar ataraq, vaxtaşırı məhkum olunmuş insanları əfv edir. Mən də bir millət vəkili olaraq istəyirəm ki, Əli İnsanov azadlığa buraxılsın. Təbii ki, onun müəyyən səhvləri var, məhkəmə prosesləri keçirilib, təqsirini özü də bilir, cəmiyyət də. Amma əfvin xüsusiyyəti elə budur ki, cəzasının müəyyən hissəsini çəkmiş adam azadlığa buraxılsın. Günahsız adamın həbsxanada nə işi var ki, əfv də olunsun? Yəni, əslində, təqsiri olanlar əfv olunur. Nəzərdə tutulur ki, onlar öz təqsirlərini başa düşürlər, cəzalarının bir hissəsini çəkiblər, bundan sonra qanunlara riayət edəcəklər, dövlətçiliyin müdafiəsində duracaqlar”.

N.Cəfərov sabiq səhiyyə naziri Əli İnsanovu dövlətçlikdə rol oynamış şəxs kimi xarakterizə edib: “Əli İnsanov təsadüfi adam deyil, o, dövlətçlikdə rol oynamış insanlardan biridir. Məhkəmə prosesləri keçirilibsə, həbsdə qalıbsa, deməli, onun təqsiri olub. Əlbəttə, əfv fərmanının imzalanması qanunla, konstitusiya ilə Azərbaycan prezidentinin səlahiyyətinə aid olan məsələdir. Prezident İlham Əliyev də hər zaman bu səlahiyyətdən yetərincə, istifadə edib. Çoxlu sayda insanların həbs müddəti azaldılıb, azadlığa buraxılıblar. Ümid edirəm ki, 28 mayda əfv ola bilər”.

Qeyd edək ki, Əli İnsanovun yaxın günlərdə əfv fərmanı ilə azadlığa buraxılacağı haqda son bir həftə ərzində məlumatlar yayılıb. Xəbərlərdə iddia olunur ki, sabiq naziri həbsdən buraxaraq, dərhal da hava limanına aparıb, “sürgün”ə göndərmək planı var. Çünki hakimiyyət onun müxalifətə qoşulacağından narahatdır.

Həbs olunduğu 2005-ci ildən bu yana hakimiyyət bir neçə dəfə Ə.İnsanovla əfv ərizəsi yazması ilə bağlı danışıqlar aparsa da, sabiq nazir dirəniş göstərib və bəraət istəyib. Ə.İnsanovla eyni vaxtda həbs olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyev qardaşları 2013-cü ilin martında əfv ərizəsi yazaraq azadlığa çıxsalar da, bu qərar Ə.İnsanova şamil olunmayıb.

Bundan başqa, Əliyev qardaşları 2013-cü ilin prezident seçkilərində İlham Əliyevi dəstəkləsələr də, Ə.İnsanov Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan etdi.

Onun hüquqi yolla azadlığa çıxmağa nail olmaq mübarizəsi isə bu günə kimi nəticə verməyib.

Hətta İnsan Haqları üzrə Avropa Məhkəməsi 2013-cü il martın 14-də çıxardığı qərarla Ə.İnsanovun Azərbaycanın da qoşulduğu Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləyib.

Buna görə də Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin plenumunda onun işinə yenidən baxılsa da, sabiq nazir həbsdə saxlanılıb.

Ötən saylarımızda da məlumat vermişdik ki, Avropa Məhkəməsinin Ə.İnsanovun azadlığa buraxılması barədə qərarı yerinə yetirməyə borclu olan hakimiyyət ona əfv ərizəsi yazdırmağa çalışır. Amma Ə.İnsanov bundan imtina edir. Hakimiyyət isə fakt qarşısındadır və onu azadlığa buraxmalıdır. Belə olan halda çıxış yolu kimi belə bir variant seçilib ki, Ə.İnsanov özü əfv ərizəsi yazmasa da, onun azadlığa çıxmasını istəyən hüquq müdafiəçiləri belə bir ərizə yazsınlar. “Yeni Müsavat”a daxil olan məlumatda artıq hüquq müdafiəçiləri tərəfindən prezidentin adına belə bir ərizənin yazıldığı bildirilirdi. Məlumata görə, bu sənəd Ə.İnsanovun ölkə başçısı tərəfindən əfv olunması üçün yetərlidir.

Nizami Cəfərov isə hakimiyyət dairələrinə bağlı və məlumatlı adam kimi tanınır. Kifayət qədər ehtiyatlı davranışları ilə də seçilən N.Cəfərovun əfv fərmanı veriləcəyi və Əli İnsanovun azad olunacağı barədə informasiyaya malik olmadan yuxarıdakı fikirləri dilinə gətirməsi mümkün deyildi. Çox güman ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri əfv fərmanının veriləcəyi və Əli İnsanovun da bu fərmanla azadlığa buraxılacağını bilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar