«HƏQİQİ MİLLƏT VƏKİLİ...» - Necə olmalıdır, varmı?

Deputatlar Oqtay Əsədovun dediklərindən nəticə çıxaracaqlarmı?

“Mehriban xanım həqiqi millət vəkilidir...” Bunu Milli Məclisin sədri Oqtay Əsədov martın 7-də keçirilən iclasda deyib. Həmin iclasda artıq 1-ci vitse-prezident qismində iştirak edən Mehriban Əliyeva millət vəkili kimi fəaliyyətinə son qoydu. Oqtay müəllim isə (hər nə qədər onu parlamenti “Azərsu” kimi idarə etməkdə ittiham edənlər olsa da), çox ədalətli bir fikir söyləmiş oldu. Hər cür pafosdan və cəmiyyətimizə hopan məddahlıqdan uzaq duraraq deyə bilərik ki, Mehriban xanım doğrudan da çox vətəndaşlarımız üçün ümid yeri və həqiqi millət vəkili olub. Ancaq bu “həqiqi millət vəkili” adını görəsən, başqa hansı deputatlara aid etmək olar? Oqtay Əsdov gerçəkdən millət vəkili statusunu daşımağa layiq olanların çox az olduğunu bildiyi üçün bu söz onun içindən gəlmiş kimi görünür. Əlbəttə ki, başa düşən olsa, Oqtay müəllimin dedikləri bir çox deputat üçün sözlə vurulan şapalaqdır. Və belələri utana bilirlərsə, utanmalıdırlar...

Hakimiyyətin əksər tənqidçiləri ölkə parlamentini mütilikdə və formal qurum olmaqda günahlandırır. Onlar istehza ilə deyirlər ki, 125 deputatın, üstəgəl bir xeyli aparat işçisinin əmək haqqını ödəməkdən, eləcə də o boyda binanın təsərrüfat xərclərini, xarici səfərlərin maliyyələşdirilməsini və digər xərcləri çəkməkdənsə, bir notariat kontoru saxlamaq sərfəlidir. Çünki onsuz da Milli Məclis, təəssüf ki, əksər hallarda hökumətdən gələn qanun layihələrini olduğu kimi təsdiqləmək və digər tələbləri qeyd-şərtsiz yerinə yetirməklə, böyük bir notariat kontorundan heç nə ilə seçilə bilmir!

Milli Məclisin tərkibinə baxın. Əlbəttə ki, öz fikri olan və bunu mümkün qədər söyləməkdən çəkinməyən, seçicilərinin problemlərini həll etməyə çalışan, çoxumuzun böyük hörmətlə yanaşdığı deputatlar da yox deyil. Ancaq onlar sayca az, manevr imkanları isə məlum səbəblərdən məhdud, nəinki aparıcı qüvvə, heç “ağ qarğa” olacaq qədər imkan və nüfuza malik deyillər.

Digərlərinə gəldikdə, onların çox böyük əksəriyyəti iş adamlarıdır –bəli, məhz bildiyiniz iş adamları. Onların arasında öz şəxsi biznesi, ən azından icarəyə verdikləri obyektləri olmayanını çətin taparsınız. Deputat mandatı isə bu biznesi qorumaq üçün ən etibarlı çətirdir. Bunu təsdiqləyəcək çox misal çəkmək olar – ancaq elə birini deyək. Şabran rayonundan 2000-ci ildən (!) etibarən dəfələrlə millət vəkili “seçilən” hörmətli Tahir Süleymanov bundan öncə taxıl və un məmulatları biznesilə məşğul olub və heç kimə sirr deyil ki, bugün də həmin biznesdədir. Bizdə olan məlumata görə, Dəvəçi Taxıl Kombinatının direktoru postu da daxil olmaqla, bir çox vəzifələrdə çalışmış və kifayət qədər geniş imkanlar əldə edən Tahir müəllimi tez-tez hüquq-mühafizə orqanlarının “padvallarına” “qonaq edirmişlər”. Bu “qonaqlıqlar” isə məlum məsələdir ki, ona heç də ucuz başa gəlmirmiş. İddia olunur ki, onu bu məsrəflərdən o dövrün qüdrətli şəxslərindən biri - deputat və AzTV sədri Nizami Xudiyev xilas edib. Hansı yolla? Deputat mandatı ilə təmin etdirməklə! Mandatı alandan sonra kişinin canı qurtarıb. Odur-budur Tahir müəllimin biznesilə heç kimin işi yoxdur...

T.Süleymanovu sadəcə, nümunə olaraq göstərdik və bu sıranı çox-çox genişləndirmək olar. Ancaq Allah onun və onun kimi az danışan və çox qazanan millət vəkillərinin atasına rəhmət eləsin, heç olmasa camaatın əsəblərilə oynayan açıqlamalar, müsahibələr vermirlər. Əvəzində deputat adını aşagıdan da aşagılara salanlar, loru dildə desək, “quşlayanlar” var – biri dünənki cocuq olsa da, Məhəmməd Əmin Rəsulzadəyə dil uzadır, digəri Türkiyəni və türkləri aşağılayır, obirisi deyir “kın”, biz ümumiyyətlə türk deyilik, başqa bir “ağsaqqal” əxz edir ki, insanlarımızın ömrü yaman uzanıb, pensiya yaşını artırmaq lazımdır, digəri xaricə bir tikə çörək dalıyca gedənləri “otxod” adlandırır, başqası Xocalı yürüşündə özünü hırıldamaqdan saxlaya bilmir və sair. İndi gəlin bunlara ürəkdən millət vəkili deyək – görək millət üzümüzə tüpürür, ya yox...

Bunların böyük əksəriyyətinin xalq üçün hansısa fədakarlığa gedəcəyinə inanan varmı? Olsa-olsa bir-biri üçün nəsə edər, hansısa xahişi yerinə yetirərlər. Məsələn, bir-birinin yerinə iclasda olmadıqları halda səs verərlər – necə seçiliblərsə, elə də səs verirlər, görünür “karusel üsulu” canlarından çıxmır... İstər-istəməz düşünürsən - millətin seçimini qoyaq bir tərəfə, yəni doğrudanmı hökumətin seçim imkanı bu qədər məhdud olub ki, belələrinin üzərində dayanıb və bunları millət vəkili edib?

Ümumiyyətlə, istənilən qurumun və onun təmsilçisinin fəaliyyəti xalqın ona verdiyi qiymətlə ölçülür və təəssüf ki, deputatların böyük qismi bu qiymətləndirmədə “tramvay altında qalan 3” də ala bilmir – öz fəaliyyətsizliyi, ya da yersiz, əhalidə qıcıq doğuran açıqlamalarıyla! Və çətin ki, camaat Oqtay Əsədovun dediyi “həqiqi millət vəkili” adını nə vaxtsa onların böyük qisminə şamil etsin...

CƏLAL

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar