CƏMİL QULİYEVİN DİŞLƏDİYİ ALMA

Dərc olunub: 19/02/2017 - 01:01

etibarEtibar Əliyev, təhsil eksperti

Massaçusets Texnologiya İnstitutunun professoru Set Lloyd “İnformasiya və kainat” mövzusunda mühazirə oxuyarkən stolun üstünə bir alma qoyur. Bu, almadır, – deyir. Alma özündə informasiya assosiasiya edir – yaxşı obyektdir. O, xeyir və şər haqqında informasiya daşıyır, idrak məhsuludur. Almanın düşmə trayektoriyası Nyutona ümumdünya cazibə qanununu kəşf etməyə yardımçı oldu. iPhone-da dişlənmiş almanın şəkli var. Süni intellekt anlayışının müəllifi Türinq zəhərli almadan bir dişlək alarkən zəhərlənib və ölüb…

Massaçusetsin professoru “Alma almaya bənzər” filminə baxmış olsaydı, almanın digər bir informasiya məziyyətindən də danışardı. Yəqin ki, baxmayıb. Azərbaycan alma üçün qədərincə fərqli assosiasiyalar verəcək məkandır. Hətta tumsuz alma da! Bizdə tumsuz alma İctimai Televiziyanın (İTV-nin) rəhbəri Cəmil Quliyevlə assosiasiya olunur. Yəni onu görən kimi tumsuz alma yada düşür. Burada heç bir bənzətmə və eyham yoxdur. “Alma almaya bənzər” filmində doğrudan da onun obrazlaşdırdığı Kərimovun yediyi almadan tum çıxmır. Müəllimə deyir: “Dələduz, almanı toxumları ilə birgə yemisən?”

Bundan sonra Kərimov otağı tərk edib, dəhlizdə pəncərədən çölə baxır. Ona yaxınlaşan müəllimə deyir: “Kərimov, bəxtimiz gətirdi, biz bu möcüzəni gözümüzlə gördük”.

Bəli, Azərbaycan xalqı da möcüzəni gözü ilə gördü: balaca Kərimov böyüyüb İctimai Televiziyanın sədri oldu. Almadan toxumun çıxmaması isə, deyəsən, onun təhtəlşüurundan çıxmayıb.

1487763016-0687

Rus fiziki Sergey Kapitsanın televiziyalar haqqında maraqlı fikri var: “Televiziya bulka sexi deyil ki, özününkü kimi olsun”. Ancaq Cəmil Quliyev bu televiziyanı bulka sexi kimi idarə edir.

Bu televiziyanın Cəmil Quliyevə qədər mövcud olan bütün proqramları metamorfozaya uğradılıb. Vaxtilə mənim ən çox baxdığım “Açıq dərs” verilişi o qədər urvatsızlaşdırılıb ki, artıq ona baxan çox az adam qalıb. Verilişin tumu yoxdur. Bu veriliş vaxtilə öyrədici və maarifləndirici funksiyaları daşıyırdı. İndi ora yalnız Cəmil Quliyevin “hə” dediyi adamlar dəvət olunduğundan, elə onlar da baxırlar.

Tumu olmayan verilişlər təhsilin hansı probleminə yarayar?! “Ortaq məxrəc” adlanan verilişə o qədər eyni adamlar dəvət olunurlar ki, artıq veriliş başlamamış kimin qonaq olduğunu deyə bilirsən.

Cəmil Quliyevin bu verilişlərə münasibəti aldığı təhsillə düz münasibətdir. Tanınmış təhsil mütəxəssislərinə “Açıq dərs”də qadağa qoyulub. Hansısa Qeyri-hökumət təşkilatı gəlib pulunu verib, layihəsini və təşkilatını təbliğ edə bilər. Digərlərinə isə bu imkan verilmir. Söhbət İctimai Televiziyadan gedirsə, belə ayrı-seçkilik edən birinə kimsə irad tutacaqmı?

Adam rəhbərliyə gələndən sonra nəinki iş irəli aparıldı, bunlar bir yana qalsın, mövcud olanları da alma kimi gəmirib yeməyə başladılar.

“Alma almaya bənzər” filmində Kərimovun “Alma nədir?” sualına verdiyi cavab da maraqlıdır. Alma – qarpızdır, - deyir.

Bəlkə təhsil də qarpızdır, Cəmil müəllim?

İctimai televiziya kimi bəsit kanaldan təhsilə aid verilişlər yığışdırılmalıdır. Bu, təhsilə daha çox ziyan gətirir. Yalnız mahiyyəti dolaşdırmağa yarayırlar…

Ancaq alma bizim mentalitetimizə uyğun formada informasiya mənbəyi kimi qalır və qalacaq. Filmi və İTV-nin çürük almaya dönmüş verilişlərini Massaçusetsə göndərmək lazımdır. Bir də balaca Kərimovun əlində tutduğu almaya bənzər almanı…


loading...


Fikrinizi bildirin