“İlham Əliyevin Moskva səfəri seçkiyə hesablanıb”

 

«Prezident Administrasiyasından bizə olan zəng təkzib deyil, təhdid idi»

Bir neçə gündür ki, mətbuatın baş yazılarından biri dövlət başçısı Ilham Əliyevin gözlənilmədən Moskvaya səfəridir. Bu müəmmalı səfərin detalları ilə də bağlı maraqlı məqamlar vurğulanır. Belə ki, I.Əliyevin Putinlə görüşünün alınmadığı, onun əvəzində “Rossneft”in prezidenti Iqor Seçinlə və baş nazir Dmitriy Medvedevlə bir araya gəldiyi vurğulanır. Bütün hallarda üstündən 2 gün keçəndən sonra da Ilham Əliyevin Moskvaya niyə səfər etdiyi, ümumiyyətlə edib-etmədiyi barədə hər hansı rəsmi açıqlama olmayıb. Moskvadakı qeyri-rəsmi mənbələrdən isə bu cür dəqiqləşdirilməsi asan olmayan təzadlı xəbərlər daxil olur. Azərbaycanın Moskvadakı səfirliyi səfərlə bağlı məlumatı təkzib etsə də, Prezident Administrasiyasından dürüst informasiya verilmir. Bunların əvəzində Prezident Administrasiyasından bu məlumatı yayanların təxribat həyata keçirdiyi vurğulanır. Bütün qaranlıq məqamlarla bağlı “Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə danışdıq:

- Mehman bəy, İlham Əliyevin Moskvaya səfəri ilə bağlı məlumat hələ də gündəmdədir. Amma rəsmi səviyyədə bu məlumata münasibət bildirilmir...

- Baş verənlər Prezident Administrasiyasının Mətbuat Xidmətinin mətbuatla iş rejiminin qüsurlu olduğunu göstərdi. Bir sıra jurnalistlər yayılan informasiyanı dəqiqləşdirmək üçün mətbuat xidməti ilə əlaqə saxlasalar da, ya əlaqə telefonu faksda idi, ya da ümumiyyətlə cavab verən yox idi. Daha sonra Prezident Administrasiyasının bir rəsmisi suallara cavab verdi və bildirdi ki, onlarda bu barədə məlumat yoxdur. Məsələnin digər tərəfi, mətbuat dövlət başçısının ölkədə olub-olmadığını bilmir. Sonuncu dəfə dövlət başçısı iyulun 26-da ictimaiyyətə görünüb. Bu tarixdən sonra dövlət başçısından məlumat yoxdur. Normal ölkədə bu cür şeylər baş vermir. Demokratik dövlətlərdə prezidentin səfərləri əvvəlcədən ictimaiyyətə bildirilir. Dövlət başçısı adi məmur deyil. Ona görə hər bir vətəndaşın onun səfərləri barədə məlumat almaq hüququ var.

- Ümumiyyətlə Prezident Administrasiyasından gələn izahatı necə dəyərləndirmək olar?

- Bu səfərlə bağlı heç bir rəsmi açıqlama olmayıb. Bu istiqamətdə ilk açıqlama “1news” saytında gedib və bu açıqlama da rəsmi hissəyə cavab vermirdi. Bu açıqlamada da iki qüsur var. Birincisi, məlumatda Prezident Administrasiyasında adının çəkilməsini istəməyən mənbəyə istinad olunub. Bu da yaranmış situasiyada anormal bir şeydir. Ikinci mühüm məqam da məlumatı yayan mətbuatın böhtan və təhqirlərə məruz qalmasıdır. Açıqlamada heç bir fakt yoxdur. Belə anlaşılır ki, məlumatı mətbuat xidməti deyil, Prezident Administrasiyasının mətbuat orqanları ilə işləyən şöbəsi verib.

- Məlumatın bu formada açıqlanmasının, bununla bağlı “Turan” Informasiya Agentliyi ilə əlaqə saxlanılmasını əslində mətbuata bir təhdid kimi dəyərləndirmək olarmı?

- Əlbəttə, bu bir təhdiddir. Dövlət başçısının Moskvaya səfəri ilə bağlı reaksiya anormal və qeyri-standart oldu. - Baş verənə ilk reaksiyalardan biri Azərbaycanın Moskvadakı səfirliyindən gəldi. Polad Bülbüloğlu vurğuladı ki, belə bir səfər reallaşmayıb. Belə bir addım atılsaydı ən azı onun xəbəri olardı. Amma o da məlumdur ki, Polad Bülbüoğlu bundan da əvvəl oxşar təkziblər versə də, sonradan onların reallıqdan uzaq olduğu ortaya çıxıb... - Polad Bülbüloğlu bunu söyləyir. Amma vaxtı ilə onun söylədiklərinin yalan çıxmasının şahidi olmuşuq. Hələ medianın bilmədiyi kifayət qədər hadisələr var. Dövlət başçısı gözlənilmədiyi halda ölkəni tərk edib və bu barədə tamam başqa mənbələrdən məlumat alınıb. Məsələn, bir dəfə Ilham Əliyevin ailəsi ilə birgə Italiyada dincəldiyi barədə məlumat yayılmışdı. Biz bu barədə məlumatı təsadüfən əldə etmişdik. Sadəcə olaraq bir nəfər şəxsən Ilham Əliyevi gördüyündən bizə məlumat vermişdi. - Indiki zamanda belə bir səfərin təşkili hansı məqsəd daşıya bilər? - Rusiya ilə Azərbaycan arasında münasibətlər kifayət qədər gərgindir və Azərbaycan hakimiyyəti Putinin ölkəmizə səfərini təmin etmək üçün böyük səylər göstərir. Bu da olmasa heç olmasa prezidentlərin görüşü təşkil olunsun. Sonuncu dəfə belə bir təşəbbüs Volqoqradda baş versə də, Putin bu tədbirə qatılmaqdan imtina etmişdi. Ona görə də Rusiyaya müəyyən neft yataqlarının, müəyyən bankların aksiyalarının Azərbaycan tərəfindən alınması təklif olunur. Bütün bunlar göstərir ki, Azərbaycan tərəfi münasibətləri tənzimləmək üçün kifayət qədər canfəşanlıq edir. Çünki Rusiya ilə Azərbaycan arasında çox ciddi problem var. Dövlət başçıları beş ildir ki, görüşmürlər. Hətta dolayı yol ilə bir tərəfdən hakimiyyət Rusiya ilə münasibətləri yoluna qoymaq istəsə də, digər tərəfdən onların mətbu orqanları, deputatları Kreml əleyhinə təbliğat aparır. Bu çox parodoksal situasiyadır. Hazırda ARDNŞ-in “Rostneft”lə saziş imzalamasına çalışılır. Abşeron yatağında Azərbaycanın 40 faiz payı var. Onun bir hissəsinin Rusiyaya verilməsi düşünülür. Axı bu addımın atılmasına nə ehtiyac var? Niyə Azərbaycan hakimiyyəti belə bir addımın atılmasıyla bağlı qərar qəbul etməlidir? - O zaman belə çıxır ki, hakimiyyətin bütün bu addımları, Ilham Əliyevin də Moskvaya təkzib olunmayan səfəri seçkilərlə bağlıdır? - Bəli, bütün bu baş verən proseslər birbaşa seçkilərlə bağlıdır. Bütün danışıqlar, təkliflər, Avropaya kəmərin çəkilməsi, Rusiyaya neft nəqli, rus bankının səhmlərinin Azərbaycan tərəfindən alınması, bütün addımlar seçkiyə hesablanıb. Hakimiyyət siyasi iqtidarı əlində saxlamağın yolunu belə qərarlarda görür. /Azadliq.info/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar