"Ukrayna Azərbaycan biznesi üçün tamamilə açıqdır" - Vladimir Qroysman

Kiyevdə Ukraynanın baş naziri Vladimir Qroysman ilə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev arasında görüş keçirilib.

"Report"un Ukrayna bürosunun məlumatına görə, tərəflər dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını, ticarət dövriyyəsinin artırılmasını, ikitərəfli əməkdaşlıqda yeni potensial sahələri müzakirə ediblər.

Vladimir Qroysman və Şahin Mustafayev maşınqayırmanı, təyyarə istehsalını, kimya sənayesini, kənd təsərrüfatını və turizmi əməkdaşlığın dərinləşməsi üçün potensial sahələr olduğunu qeyd ediblər.

"Biz sizin biznesiniz üçün tamamilə açığıq", - deyə Vladimir Qroysman bildirib. O, Ukrayna hökumətinin investisiya mühitinin yaxşılaşdırılması barədə tədbirləri, xüsusən sərmayələrin təşviqi və cəlb olunması üzrə Ofisinin yaradılması barədə məlumat verib.

Baş nazir qeyd edib ki, iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan hökumətlərarası Birgə komissiyanın növbəti iclası oktyabrda keçiriləcək.

İkitərəfli əməkdaşlığa toxunan Azərbaycanın iqtisadiyyat naziri maşınqayırma sahəsində inkişaf perspektivlərini xüsusi qeyd edib. "Bu, mühüm istiqamətdir. Biz Azərbaycanda birgə müəssisələrin yaradılması üçün Ukraynanın təcrübəsindən yararlanmaq istərdik", - deyə Şahin Mustafayev qeyd edib.

Tərəflər həmçinin ölkələrin tranzit imkanlarından istifadənin genişləndirilməsi perspektivlərini də müzakirə ediblər. Vladimir Qroysman malların hərəkətinin intensivliyinin artırılması məqsədilə Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından istifadə edilməsində Ukraynanın maraqlı olduğunu bildirib.

Ukraynanın baş naziri qeyd edib ki, o, martın 27-də Azərbaycanın baş nazirinin müavini İsmət Abbasovun da iştirakı ilə GUAM ölkələrinin sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sammit çərçivəsində Azərbaycan Ukrayna arasında ikitərəfli ticarət üzrə sənədlər imzalanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar