ZİYA MƏMMƏDOVDAN ŞOK AÇIQLAMA - “Kimlərsə onu məcbur edib”

Son günlər mətbuatın və ictimaiyyətin diqqət mərkəzində olan Nəqliyyat naziri Ziya Məmmədov “Unikal” qəzetinə müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, nazir qardaşı Elton Məmmədov və onun oğlu Aynar Məmmədov barədə yazılanlara, Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı maraqlı məqamlara toxunub. Nazirlə söhbəti olduğu kimi tədim edirik.

- Salam, Ziya müəllim.

- Salam.

- Sizi “Unikal” qəzetindən narahat edirik.

- Buyurun. Eşidirəm.

- Ziya müəllim, sizin və qardaşınız oğlu Aynar Məmmədovla bağlı gedən informasiyalar barədə yəqin ki, məlumatlısınız.

- Bəli. Xəbərim var.

- Maraqlıdır, Aynar Məmmədov jurnalisti nə üçün döydürtdüyü Sizə məlumdurmu? Ola bilərmi ki, Aynar Məmmədov barənizdə yazılanlara görə jurnalisti döydürsün?

- Belə bir şey yoxdur. Ümumiyyətlə, nə Ziya Məmmədov, nə də Ziya Məmmədovun ətrafındakı adamlar jurnalist döydürməz. Bunların heç bir əsası yoxdur.

- Axı, “Yeni Müsavat” qəzetinin əməkdaşını döydürən Tural Bayramov Aynar Məmmədovun dostudur?

- Aynarın o məsələlərə heç bir aidiyyatı yoxdur.

- Bəs, Aynar Məmmədov niyə istintaqa çağırılıb?

- Xeyr. O, istintaqa çağırılmayıb.

- Mətbuatda da məlumat verildi ki, DİN-ə çağırılıb və ifadə verib…

- Hər bir kəs istintaqa ifadə verə bilər.

- Onda belə çıxır ki, Tural Bayramov Aynar Məmmədovun sifarişi ilə jurnalisti döydürdürüb ki, buna görə istintaqa çağırılıb?

- Xeyr. Aynar jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib. Amma idmançıya kimlərsə Aynarın adını yazmağı məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib. Mən, bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yayılan foto və video görüntülərin də bir çoxu kollajdır. Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda, cənab prezidentə xidmət edirəm.

- Əgər dövlətə, dövlətçilyə, və prezidentə sadiqsizsə, Sizə qarşı niyə kampaniya aparırlar?

- Bilmirəm. Amma yenə də deyirəm, bütün bunların mənə aidiyyatı yoxdur. Yazılanlarında əksəriyyəti doğru deyil.

Ziya Məmmədovun bu qısa açıqlamasında sensasiyalı bir məqam var. Bu da ondan ibarətdir ki, nazirin öz dilindən təsdiq olunur ki, jurnalistin döyülməsinin təşkilatçısı olan idmançı - Tural Bayramov istintaqa ifadəsində bu cinayəti Aynar Məmmədovun sifarişi ilə etdiyini etiraf edib və bu barədə ifadə verib. Bununla Aynar Məmmədovun DİN-də ifadə verdiyi barədə məlumat da təsdiqini tapmış olur. Belə olduğu halda istintaqın indiyədək Aynar Məmmədovu saxlamaması sual doğurur.

Ziya Məmmədovun dediklərindən belə nəticə çıxarmaq olur ki, Məmmədovlar Tural Bayramovun verdiyi ifadənin məsuliyyətindən yayınmaq üçün onun kimlərinsə təsiri ilə belə ifadə verdiyini iddia etmək yolunu tutublar. Yəni, özlərini jurnalistin döyülməsi işində qurban kimi qələmə verməyə çalışırlar.

Amma fakt ortadadır və Ziya Məmmədov jurnalistin döyülməsi cinayətinin arxasında Aynar Məmmədovun durduğunu faktiki olaraq təsdiq edib.

Digər bir məsələ. Ziya Məmmədov - bu hakimiyyətin ən qüdrətli nazirlərindən biri deyir ki, istintaqda kimlərsə idmançını məcbur edib ki, Aynar Məmmədovun adını çəksin. Z.Məmmədov bununla faktiki olaraq Daxili İşlər Nazirliyinə, bir qədər də konkretləşsdirsək, şəxsən nazir Ramil Usubova qarşı ittiham irəli sürmüş olub. Əgər həqiqət başqa cürdürsə, Ramil Usubov niyə Ziya Məmmədovun qardaşı oğlunu günahkar kimi göstərməyə çalışsın? Yəqin ki, bu suala DİN-dən cavab veriləcək.  

Rasim ƏLİYEV

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar