"PULU SİZ YEMİSİZ E, QEYRƏTSİZLƏR..." - Vidadi Zeynalovun məhkəməsində dava

vidadi_zeynalov_azpolitika infoBu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərdən “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev xərəkdə gətirilib.

Onu zalda stolun üstünə uzadıblar.

B.Vəliyevin vəkili məhkəmədə çıxış edərək bildirib ki, zəruri olmasına baxmayaraq müvəkkilinə ixtisaslaşmış tibbi yardım göstərilmir: "Onun problemi sinirlə əlaqədardır. Əvvəllər ağrıkəsici iynələr vururdular, indi o da kömək etmir. Bayram müəllim əzab çəkir. Hüquq və vəzifələrini yerinə yetirə bilmir. Xahiş edirəm, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin, ev dustaqlığına buraxılsın, bu əzabdan qurtulsun".

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov vəsatət qaldıraraq bildirib ki, verilən ittiham 2009-cu ilin yanvarın 2015-in oktabrına qədərə aiddir: "Vidadi müəllimin adına olan 67 əmlakın üstünə həbs qoyulub. Onların da 2-si Vidadinin mülkiyyətinə aiddir. Həmin mülkiyyətdən biri də ittiham verilən illərdən qabaq alınıb. Oğlunun adına qeyr- yaşayış binası var, o da 2000-ci ildə alınıb. O ev də "Rabitəbank" girovdadır. Lənkəranda torpaqlar var, Sabunçuda torpaqlar var, onlar dövlətin mülkiyyətindədir. Bacıların da əmlakı həbs qoyulub. Hətta Şamaxıda bu ailəyə aidiyyatı olmayan adamın evinə həbs qoyulub. Xahiş edirik ki, bu əmlakların üzərindən həbs götürülsün. Sonra bunlardan bəziləri sataq dövlətə olan ziyanı ödəyək. Burdan dövlət qazanacaq".

Namazalı Məmmədovun və Anar Mustafayevin vəkilləri vəsatət verərək iş üzrə yenidən ekspertiza keçirilməsini istəyiblər.

Namazalı Məmmədovun vəkili həmçinin qeyd edib ki, ittihamda olan rəqəmləri tutuşduranda 1 milyon 410 min manatdan çox fərq yaranır: "Düzgün hesablanmır. Ona görə yenidən ekspertiza keçirilməlidir. Həmçinin orda rəy verən Maliyyə Nazirliyin nümayəndələri məhkəmədə dindirilsin".

Hakimlər kollegiyası əmlaklarla bağlı vəsatətə hökm zamanı qiymət veriləcəyini bildirib, ekspertiza ilə bağlı məsələlər baxılmamış saxlanılıb, ev dustaqlaqlığı ilə bağlı vəsatət təmin edilməyib.

Bayram Vəliyevin vəkili məhkəməyə heyətinə etiraz edib. O bildirib ki, Bayram Vəliyev məhkəmədə çıxış etmək, nəsə demək ixtiyarında deyil: "Məhkəmənin bu vəziyyətdə aparılması qanunsuzdur".

Digər təqsirləndirilən şəxslər, həmçinin, Vidadi Zeynalov və onların vəkilləri həmin vəsatəti müdafiə etməyərək, məhkəmənin mülahizəsinə buraxılması istəyib.

Bu zaman xərəkdə uzanan Bayram Vəliyev üzünü digər təqsirləndirilənlərə tutaraq onları ittiham edib: "Niyə müdafiə etmirsiz? Çünki şərəfsizsiniz. Pulu siz yemisiz e, ona görə səsiniz çıxmır. Mənim heç bir günahım olmadan oturmuşam yanınızda, qeyrətsizlər".

Hakimlər kollegiyası müşavirə edərərək, vəsatətin əsassız sayıb və baxılmamış saxlayıb.

Məhkəmə prosesi martın 29-a davam edəcək.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Ana Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar