«QAÇQINKOM» - «KAPİTALBANK» SUİ-QƏSDİ - Məcburi köçkünlərə Novruz «töhfəsi»

Deməli belə… Allahdan gizli deyil, bəndədən niyə gizli qalsın ki? Dəfələrlə rəsmi səviyyələrdə bəyan olunub - Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi koçkün var. Bunların təxminən, 400 min nəfəri Ermənistan deyilən ərazidən qovulub, 600 min nəfəri isə Qarabağdan məcburi köç edib…

Azərbaycan dövləti qaçqın və məcburi koçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istitqamətində mütəmadi olaraq müvafiq addımlar atıb və hələ də atmaqdadır. Bunlardan biri də sözügedən kateqoriya insanlara «çörəkpulu» adlandırılan müavinətin verilməsidir ki, 20 ildən artıq bir müddətdə davam edir. Məbləği isə zaman-zaman artırılıb - indi adambaşına 20 manat təşkil edir. Nə demək olar? Olmayan yerdən bu da bir dəstəkdir - nəfəslikdir…

Heyhat! Nə yazıq ki, bəzi məmurlar - irili-xırdalı, pisniyyət vəzifə sahibləri sözügedən «çörəkpulu»nu zavallı kateqoriya insanların «əlindən almaq» (və ya verilməsini ləngitmək) üçün çeşidli fırıldaqlara əl atırlar. Bu pullar ünvanına çatanda isə həmin bədxahlar sanki yasa batırlar…

Məlumdur ki, ötən ilin sonunda dövlət başçısı qaçqınlara (məcburi köçkünlərə) verilən «çörəkpulu»nu kommunal xidmətlər üçün nəzərdə tutulmuş məbləğlə (adambaşına 16 manat!) birləşdirib və beləliklə, bu ödənişlərin məbləğini adambaşına 36 manat müəyyən edib. Fəqət, bundan sonra xeyli maraqlı proseslər başladı…

«Qaçqınkom» siyahıları təzələyirəm» deyərək, fevral ayı üçün nəzərdə tutulan məbləği ödənişə yönəltmədi və elan elədi ki, fevral-mart ayları üçün müavinətlər birlikdə veriləcək…

İki gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir elan yapdı ki, bəs, bütün pensiyalar üçün maliyyə vəsaiti tam həcmdə müvafiq ünvanlara köçürülüb. Konkret halda, ölkədə bu ünvan hələlik «KapitalBank»dır - ödənişlər bu bankın plastik kartları vasitəsilə həyata keçrilir. Düzü, nazirliyin bu operativliyi, bu fonda «Qaçqınkom»un susması məni xeyli qayğılandırdı və fikirləşdim ki, bayramqabağı nə isə nəhs bir zad baş verəcək . Verdi də…

İndi də başqa bir «oyun» oynayırlar - «KapitalBank»ın bankomatlarında pul yoxdur! İnsanlar bayramqabağı, «qoyun sürüsü» kimi şəhərin bir başından o biri başına «yürüş» etsələr də, evlərinə cibi və əli boş qayıtmalı olurlar! Mən bə onlardan biri…

Bu gün şəhərin müxtəlif ünvanlarında - Yeni Günəşlidəki «Ballı Market» deyilən dükanın yanında, «Həzi Aslanov» metrostansiyasının içində və «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığındakı «Bəhruz Nuriyev-104» ünvanında yerləşən 4 bankomata «baş vurdum». İnsafla desəm, bankomatlar bir müştəri olaraq məni xeyli lütfkarlıqla salamladılar və daxılda pul olmadığı üçün məndən üzr də istədilər. Bəs necə? Axı bu «mehriban bankomat»ları bizlər düzəltməmişik! Amma onların daxılına pul qoymaq və ya qoymamaq bizim bankların «müstəsna hüququdur». Konkret halda, bu dəfə «KapitalBank» daxıla pul qoymamaq hüququndan xeyli qəddarlıqla istifadə etmişdi. Bəs necə, axı qarşıdan Novruz bayramı gəlir - gərəkdir ki, hansı üsulla olur-olsun, insanların kefinə soğan doğrasınlar axı…

Bu məqamda, rəhmətlik Qasım bəyin məşhur şeirini xatırlamalı oldum: «Bayram oldu, heç bilmirəm neyləyim…».

Beləliklə, bir daha aydın oldu ki, dövlətin qaçqınlara (məcburi koçkünlərə) verdiyi müavinət pulunu verməməklə, sözügedən ünvanlar növbəti dəfə təxribata əl atmış olublar. Bunun adı kriminaldır, canım, təsadüf yox! Təsadüf olsaydı bankomatların birində pul olmasa da 3-5-də olardı…

O biri tərəfdən, «Qaçqınkom»un siyahı düzəltməyi nə üçün 2 ay çəkməlidir? Bu, bircə günün işidir…

Beləliklə, «Qaçqınkom»-«KapitalBank» tandemi qaçqınların (məcburi koçkünlərin) 2017-ci il Novruz bayramını beləcə «töhfələdi». Üzləri «ağ» olsun… «qazan qarası kimi».

Bütün bunlardan sonra, mən bir köçkün olaraq, müvafiq dövlət qurumlarına (antikorrupsiyaçılara, dövlət təhlükəsizliyi xidmətinə və s.) üz tuturam və bu kriminalı araşdırmağı onlardan xahiş edirəm…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar