“Ramil Usubov söz vermişdi... ” - Rauf Arifoğlu

“Ziya Məmmədovun yaxın qohumu jurnalistin həyatına sui-qəsd sifarişi verib və ortada video görüntülüər var”

Bu gün Nəqliyyat naziri Ziya Məmmədov “Unikal” qəzetinə verdiyi müsahibədə jurnalist Fərahim İlqaroğlunun Aynar Məmmədov tərəfindən döydürülməsi ilə bağlı yayılan iddialara münasibət bildirib. Ziya Məmmədov müsahibəsində Daxili İşlər Nazirliyinə, polisə qarşı ciddi bir ittiham irəli sürüb. Belə ki, Ziya Məmmədov istintaq zamanı idmançı Tural Bayramovdan təzyiq altında Aynar Məmmədovun adının çəkilməsinin istənildiyini vurğulayıb.“Qafqazinfo” kifayət qədər ağır olan bu ittihamla bağlı zərərçəkən tərəf olan “Yeni Müsavat “ qəzetinin baş redaktoru Rauf Arifoğludan münasibət öyrənib.

- Rauf bəy, bu məsələ başda nazir Ramil Usubov olmaq şərtilə polis orqanlarına qarşı ciddi bir ittihamdır. Bəs siz döyülən tərəfin nümayəndəsi olaraq necə fikirləşirsiniz?

- Ziya Məmmədov doğrudan özü bu müsahibəni veribsə, bu, kifayət qədər sensasional və etirafedici bir müsahibədir. Mənim özümü də təəccübləndirdi. Ziya Məmmədovun bu müsahibəsi həm istintaq, həm də mətbuata xüsusilə zərərçəkən kimi “ Yeni Müsavat” a böyük töhfədir. Demək Ziya Məmmədov indiyə qədər istintaqa məlum olamayan məqamlardan danışır. Qeyd edir ki, idmançı Aynar Məmmədovun adını çəkib. Amma bizdəki dosyelərə baxdıqda Feyruz Termişi adında idmançı, Fərahimi döyən və hazırda həbsdə olan şəxs heç kimin adını çəkməyib. Yalnız digər başqa idmançı Aynar Məmmədovun dostu Tural Bayramovun adını çəkir. Və bizim də neçə vaxtdır ki davamız ondan ibarətdir ki, bizdə olan məlumatlar və şübhələr Aynar Məmmədova gedib çıxır. Lakin nəyə görəsə istintaqda onun adı keçmir. Lakin Ziya Məmmədov etiraf edib ki, əvvəla Aynar Məmmədovu istintaqa çağırıblar və dindiriblər. Və qeyd edir ki, hər kəsi dindirə bilərlər. İkincisi də etirafla qeyd edir ki, idmançı Aynar Məmmədovun adını çəkib. Bu idmançı mən belə başa düşdüm ki, Feyruz Termişi deyil, Tural Bayramovdur. Çünki Feyruz Termişi hazırda həbsdədir və özünün deməsinə görə Aynar Məmmədovu tanımır. Onu tanıyan Tural Bayramovdur.

Belə bir məlumatı ictimailəşdirdiyi üçün mən Ziya Məmmədova xüsusi təşəkkür edirəm. Eyni zamanda onun müsahibəsindəki xüsusi bir məqama inandığımı bildirirəm. Mən əminəm ki, Ziya Məmmədovun bu sui-qəsddən və jurnalisti döyülməsi sifarişindən xəbəri yoxdur. Mən əminəm ki , onun qardaşı Elton Məmmədovun da bundan xəbəri yoxdur. Bu bir gəncin özbaşına, düşünülməmiş verdiyi bir qərardır. Öz aləmində jurnalisti cəzalandırmaq istəyib. Və buna görə də zərbəni və zərəri Ziya Məmmədov və Aynarın atası, deputat Elton Məmmədov çəkirlər. Bu baxımdan mən müsahibənin digər yekun hissəsindəki qınaq və iddiaları istərdim ki, hörmətli Ziya müəllim öz yaxın qohumuna, qardaşı oğluna yönəltsin. Heç kim ona qarşı kampaniya aparmır. Heç kim ona qarşı montaj videoları ortaya qoymur. Onun yaxın qohumu jurnalistin həyatına sui-qəsd sifarişi verib. Və ortada da video görüntülüər var. Bu bir cinayətdir və bu cinayət təbii ki, cəzasız qalmamalıdır.

- Sizcə, idmançıya kim təzyiq edə bilər ki?

- Mən Daxili İşlər Naziri ilə görüşmüşəm. O bu versiyanı mənlə görüşəndə ümumiyyətlə yaxına buraxmırdı. O inanmır ki, nazirin qohumlarından kimsə sifariş verib. Buna baxmayaraq istintaqı genişləndirəcəyinə və ədalətli aparacağına söz vermişdi. Və Aynar Məmmədovun adının istintaqda olmasını isə onu dəvət etdiyi İstintaq idarəsinin rəisi söyləməyib. Bu artıq ciddi ittihamdır. Amma bizə yönəlik ittiham deyil. Daxili İşlər Nazirliyinə, istintaqa yönəlmiş ittihamdır. Buna görə də Daxili İşlər Nazirliyi bu ittihama cavab verməlidir.

- Elə mən də onu demək istəyirəm ki, siz də razılaşırsınız ki, bu çox ağır ittihamdır...

- Bəli, çox ciddi ittihamdır. Və mənə məlum olmayan bir xüsusatdır. Yəni, hətta əgər belədirsə və Aynar Məmmədovun adı çəkilibsə, mən bundan çox sevinirəm. Deməli, istintaq ədalətli və doğru gedir. Və cinayəti törədən, sifarişi verən müxalifətçinin də, nazirin də oğlu olsa cəzalandırılmalıdır. Amma Ziya Məmmədovun ortaya atdığı bu ittiham ciddi olduğu üçün müvafiq instansiya cavab verməlidir. O mənim mandatıma aid olan ittiham deyil.

- Siz düşünmürsünüz ki, Məmmədovlar ailəsinin ümumilikdə mətbuatda gedən yazılara sərt təpki verməsinin nəticəsi olaraq bu tipli yazılar ortalığa çıxıb. Söhbət təkcə Fərahim İlqaroğlunun döyülməsindən getmir...

- Ziya Məmmədovun müsahibəsi nə onun, nə də Aynarın xeyrinə deyil. Adekvat qeyri-vəziyyətə uyğundur və əslində bizim döyülən jurnalistimizin, medianın xeyrinə böyük informasiyalar verilib. Və eyni zamanda da Ziya Məmmədov hakimiyyətin əsas nazirlərindən biridir. O Daxili İşlər Nazirliyini ittiham edir. Bu ittihamın səbəbi nədir, onu başa düşə bilmirəm. Əgər ortada bir cinayət varsa və bir neçə idmançı bu cinayətə qarışıbsa həmin idmançılar da Aynar Məmmədovun rəhbərlik etdiyi federasiyanın işçilərdirsə, altını çizərək deyirəm “işçilərdirsə”, yəni hesab et ki “ Yeni Müsavat” ın əməkdaşını Aynar Məmmədovun iki əməkdaşı döyüb, yəni bu dərəcədə məsələ aydındır. Heç burda başqasını suçlamağın mənası yoxdur.

Digər tərəfdən Məmmədovlara, onların klanına, aillə üzvlərinə qarşı yazılan yazıların heç biri əsassız və qərəzli deyil. Hamsında faktlar var. Yəni o faktları başqa nazir, başqa icra başçısı başqa məmur övladı törədəndə ondan da yazılır. Və siz özünüz də şahidi oldunuz ki, yazıldı. İndi onlar ortada yoxdur. Ortada bunlarınkılardır. Bunlar da şakşakalı, hay-küylü gecə həyatını və başqa əyləncəni çox sevirlər. Ona görə də həddindən artıq çox ortada material buraxırlar. O material da jurnalistika , qəzet, yeni media üçün əvəzolunmaz bir nəsnədir. Biz təbii ki, onlarla işləyirik. Bu materiallar da işıqlandırılmalıdır.

Qeyd edək ki, Nəqliyyat naziri Ziya Məmmədovun yuxarıda qeyd olunan ittihamı ilə bağlı “Qafqazinfo” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə də müraciət edib. Nazirlik bu məsələni araşdırır və gün ərzində onların münasibəti də saytımızda işıqlandırılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar