PREZİDENT SEÇKİLƏRİNDƏ TELESAXTAKARLIQ- TƏHLİL

Xüsusi xidmət orqanları görüşləri izləyir, qeydə alır, iştirakçıları müəyyən edib sonra tədbirlər görmək üçün analiz edirlər

Azərbaycanda ilk dəfə prezident seçkilərində təşviqata rekord qısa müddət - 22 gün ayrılıb. Bu rəqəm seçki dairələrinin sayından 6 dəfə azdır. Sonuncu prezident seçkilərində - 2008-ci ilin oktyabrında təşviqat 60 gün çəkmişdi.

Təşviqata ayrılan müddətin azaldılmasına nə seçkilərə ictimai maraq, nə də ictimai maraq nöqteyi-nəzərindən bəraət vermək olmaz. Seçkilər hakimiyyətin mənbəyi olan xaqlın konstitusiya ilə ayrılan müəyyən müddətdə dövlət başçısı seçmək üçün yeganə və başlıca imkanıdır.

22 gün xalqı bu imkandan məhrum edir, bu hüququ hakimiyyət qəsb edir və seçkiləri 9 mlyonluq əhali üçün farsa və ya növbəti 5 illik fors-majora çevirir.

Təşviqat kampaniyası üçün təkcə vaxt yox, prezidentliyə namizədlərin mövqe və platformasının yayım vasitələri də vacib şərtdir.

İctimai əhəmiyyətli informasiya ictimai proseslərin öyrənilməsində və dərk edilməsində vətəndaşların ehtiyacını təmin edən informasiyadır. Vətəndaşların qərar qəbul etməsi və hərəkətləri informasiyanın doğruluq və obyektivlik dərəcəsindən asılıdır. Yalan informasiya və ya şərh yanlış nəticə və qərarlara gətirib çıxarır, onların ardınca yanlış praktik addımlar və hərəkətlər gəlir və mənfi nəticələr, dövlət miqyasında isə dramatik vəziyyət yaranır.

Xüsusi xidmət orqanlarının müşahidəsi altında seçicilərlə görüş

c-3Beləliklə, 22 gündə bir çox rayonda seçicilərlə görüş keçirmək mümkün deyil. Söhbət bir neçə görüşdən gedə bilər. Orta statistik seçici mitinq də daxil belə görüşlərə də gəlməkdən çəkinir. Müxalif liderlə belə görüşlər şəxsiyyətə ciddi təhdid yaradır – dövlət qulluqçuları iş yerini itirə, sahibkarlar ziyana düşə, tələbələr ali məktəbdən qovula bilər. Xüsusi xidmət orqanları görüşləri izləyir, qeydə alır, iştirakçıları müəyyən edib sonra tədbirlər görmək üçün analiz edirlər.

Mərkəzi Seçki Komissiyasının açıq havada görüş üçün ayırdığı yerlər ümumən belə tədbirlər üçün yararsız olur və zibilliyi xatırladır. Amma bu yerlərin hakim partiyaya dəxli yoxdur, onlar görüşləri istədikləri yerdə, çox vaxt rayon İH-lərinin qarşısında keçirilər. Müxalifətin vahid namizədinin qapalı yerlərdəki görüşünə isə hakimiyyət ara qarışdırmaq və tədbirləri pozmaq üçün agentlər göndərir. Mingəçevir və Bakıda bu, baş verib.

Televiziya milli maraqlara qarşı

Azərbaycan reallığında namizədlərin əsas təşviqat vasitəsi televiziyadır. O, bütün ölkə ərazisini əhatə edir və dünyaya əvəzedilməz ailə pəncərəsi olaraq qalır. İnternet irəli çıxıb yüz minlərlə auditoriya toplasa da, onlayn media hələ seçkiləri izləmə və onlarda iştirak üzrə ictimai marağı təmin etmək səviyyəsində deyil. Üstəlik, internet əsas seçki layı olan obıvatellərin yox, əhalinin aktiv, kreativ hissəsinin informasiya mənbəyidir.

Onu da nonsens adlandırmaq olar ki, telekanallar namizədlərin debatı üçün efir vaxtı ayrmır, halbuki bu fikir mübadiləsi ictimai maraq doğurur, televiziyaların kommersiya marağına da cavab verir. İctimai Televiziyada 22 gün üçün hər namizədə 54 dəqiqə vaxt ayrılıb. Namizədlər aparıcı ilə bir masa arxasında əyləşir, aparıcı onlara çıxış vaxtı verir və Cəmil Həsənliyə hücumlara yardım edir.

Debatların birinci hissəsi göstərdi ki, ssenariyə əsasən, namizədlərin hər biri Həsənlini əsas çıxış xəttindən yayındırmalı, ona mənəvi təzyiq göstərməli, cəmiyyətə dezinformasiya verməlidir. Rollar belə bölünüb:

1.hakim partiyanın namizədinin təmsilçisi uğurlardan danışır, müxlifətin tənqidini rədd edir və onu hörmətdən salır. Konstruktiv namizəd adlandırılan namizədlərin funksiyaları belə bölünüb:

2. müxalifətin tənqidi, hakimiyyətin nailiyyətlərinin müdafiəsi və vəziyyətin yaxşılaşdırılmasına dair öz mülahizələri,

3. hakimiyyətin tənqidi və öz platformasının təqdimatı,

4. hakimiyyəti yüngül, müxalifəti sərt tənqid,

5. hakimiyyəti sərt tənqid, müxalifəti yimşaq tənqid,

6. müxalifətin təhqir edilməsi və tənqidi,

7. müxalifətin kəskin təhqir edilməsi,

8. müxalifətin tənqid və təhqir edilməsi, özünün reklamı,

9. platformanın təqdimatı, hakimiyyətin və müxalifətin tənqidi.

Seçki prosesinin iştirakçılarının seçilməsinin planlı olduğunu iki fakt sübut edir:

1. Hakimiyyətə müxalif kimi təqdim edilən sözdə konstruktiv namizədlər «debatlarda» Milli Şuranın namizədi Cəmil Həsənliyə müxaliflik edirlər.

2. Onların iştirakı uğur nöqteyi-nəzərdən formal xarakter daşıyır, çünki heç biri İlham Əliyevin elektoratından, etirazçı elektoratdan, hətta seçicilərin laqeyd hissəsindən cüzi dəstəyə bel bağlaya bilməzlər. Belə namizədlərin psevdomüxalif xarakterini İlham Əliyevin şəxsi tənqidinə yol verməmələri, hökumətin ünvansız tənqidi də göstərir, hərçənd onların hamısı müxtəlif sahələrdə ciddi problem olduğunu etiraf edir və hətta onu tənqid edirlər.

Namizədlərin təqdimatı forması debat adlansa da, əslində Cəmil Həsənlinin hakimiyyət və şəxsən Əliyevə qarşı çıxış və ittihamlarının qarşısının alınması üçün formatdır. Nəticədə belə alınır ki, müxalif namizəd seçicilərə müraciət üçün 54 dəqiqəyə, qalanları 486 dəqiqəyə malik olur. Ümumən namizədlərin teleauditoriya ilə yeganə mümkün ünsiyyət formatı ölkədəki vəziyyəti obyektiv təqdim etmək yox, dezinformasiya və seçiciləri çaşdırmaq vasitəsidir. Başqa telekanallarda ya seçki mövzusu tamamilə yoxdur, ya da verilişlər müxalifəti tənqid və ləkələmə üslubunda qurulub.

Onu da qeyd etmək lazımdır ki, teledebatlar neçə illərdən sonra televiziya tamaşaçılarının müxalifətin fiktini öyrənmək və namizədlərin şəxsində hakimiyyətin vəkillərinin qara şərhləri əsasında müxalifətin varlığından xəbər tutduğu yeganə yerdir.

Bir qədər tarixə ekskurs

2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bütün telekanallar müxalifət və vətəndaş cəmiyyəti aktivləri üçün bağlandı və onların fəaliyyətində qanunvericilik və hətta etik normalar kobud şəkildə pozulur.

Azərbaycanda istər dövlət, istərsə də ictimai və özəl telekanalların fəaliyyəti ''Televiziya və radio yayımı haqqında'' qanunla tənzimlənir. Bu qanunun 32-ci maddəsinin 32 .0.2.1 bəndinə əsasən, bütün telekanallarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalı;

- 32.0.4 bəndə əsasən, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;

- 32.0.3 bəndə əsasən, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır;

- 40.2.4 bəndə əsasən, insanların şəxsi həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşılmalı;

- 40.2.5 bəndə əsasən, yayım zamanı peşə etikasına riayət edilməlidir (2003-cü ildə qəbul edilən Azərbaycan Jurnalistlərinin Peşə Etikası Məcəlləsi);

- nəhayət, 40.2.9 bəndə uyğun olaraq, informasiyanın qərəzsizliyi və tərəfsizliyi təmin edilməlidir.

Qanundan göründüyü kimi, telekanallar yad fikirliliyə dözümsüzlük nümayiş etdirməməli, siyasi spektrə eyni efir vaxtı ayırmalı, vətəndaşları təhqir etməməlidir.

Onu da vurğulamaq lazımdır ki, İctimai Televiziya da ölkənin başqa rəsmi qəzetləri kimi müxalifətlə mübarizə prosesinə cəlb edilib. Başqa sözlə, hakim Yeni Azərbaycan Partiyası vergi ödəyicilərinin hesabına neçə illərdir özünü təbliğ etdirir.

Hökumətyönlü KİV və telekanallarda plüralizmin olmaması, müxalifətin nüfuzdan salınması adi praktikaya çevrilib. Hələ elə bir hal olmayıb ki, dövlət başçısı sözdə də olsa, telekanal rəhbərlərini və ya rəsmi KİV-i qərəzlilik və ya qeyri-obyektivliyə görə qınasın. Heç olmasa seçki ərəfəsi dövlətin birinci şəxsi operativ olaraq işə qarışıb bu sahədə qayda yaratmalı idi. Praktikada başqa şey baş verir: Əliyev dövlət başçısı statusundan istifadə edib seçki kampaniyasında özünü təbliğ etdirir və müxalifət və vətəndaş cəmiyyəti təmsilçilərinə ləkə yaxmaq üçün şərait yaradır. Məlum deyil, Əliyev belə tapşırıq veribmi? Bunun audio və ya yazılı sübutu yoxdur. Amma hökumət yığıncaqlarından birində o, bəyan etdi ki, belə şəxslərə Azərbaycan cəmiyyətində yer yoxdur. Bunu “bütün azərbaycanlıların” prezidentinin tərəfgir mövqeyi kimi anlamaq olar.

Prezident iyunun 7-də prezident seçkiləri öncəsi müxalifətə kompromissiz müharibə elan etdi. YAP-ın partiya-təsərrüfat fəalları qarşısında onun çıxışı müxalifətin ünvanına belə rəy və ifadələrlə zəngin idi: «o vaxtkı antimilli satqın hakimiyyət», «antimilli qüvvələr», «xain, satqın qruplaşmalar».

Əsas opponentlərə divan tutmağa çağıran və seçkiöncəsi prosesin dinc və sivil inkişafına heç bir ümid yeri qoymayan sitatlar maraqlıdır: «Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır. Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur»… «Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda baş verir, hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar»… «Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş “liderlər” tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ ki, axıra qədər dərk etməmişlər».

Prezidentin bu iyul tezisləri namizədlərin çoxu tərəfindən teledebatlarda, mitinq və yığıncaqlarda müxalifətə qarşı səsləndirildi.

Ölkədə televiziya siyasətini prezidentin tənzimlədiyinə şübhə yoxdur. Bunun çox sadə sübutu var. Azərbaycan prezident respublikasıdır. Dövlət başçısı hakimiyyət ierarxiyasında hüquqi üstünlüyə malikdir. Telekanalların fəaliyyəti dövlət tərəfindən lisenziyalaşdırılır. Yalnız dövlət telekanalların fəaliyyətinə icazə verir və onlara nəzarət edir. Əvvəla, teleradioşirkətlərə radiotezlik lisenziyasını Radiotezkliklər üzrə Komissiya verir. Bu quruma zarafatla “generallar komissiyası” deyilir. Buraya güc və başqa qurumların rəhbərləri daxildir. İkincisi, radioteleyayıma lisenziyanı Milli Televiziya və Radio Şurası verir. Şura dövlət başçısının sərəncamı ilə yaradılıb və onun Əsasnaməsini də dövlət başçısı təsdiq edib. Prezident həmçinin MTRŞ-nin parlament tərəfindən təklif edilən 9 üzvünü təsdiq edir.

Milli Televiziya və Radio Şurası haqqında Əsasnaməyə görə, bu orqan televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılıb. Şura televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləməli, yayım zamanı ictimaiyyətin maraqlarını qorumalı, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməli, teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verməli, yayım kanalları (tezlikləri) resurslarından səmərəli istifadə olunmasına; uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməməsinə; terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə; reklamın ''Televiziya və radio yayımı haqqında'' qanunla tənzimlənməsinə nəzarərt etməlidir. Yəni qanuna hörmət etməyən telekanalı cəzalandırmaq, lisenziydan məhrum etmək üçün müvafiq orqan da var. Amma o təkcə fəaliyyətsiz deyil, öz hərəkətsizliyi ilə dövlət başçısı seçimi də daxil ictimai maraqlara ciddi ziyan vuran telekanalların qanunsuz hərəkətlərini ört-basdır edir.

Çaşdırma və saxtalaşdırma

Faktik olaraq bu gün seçicilərin çaşdırılması və informasiya saxtakarlığından danışmaq olar. İnsanlar yanlış rəylər əsasında qərar qəbul etməyə təhrik olunur. Amma demək olmaz ki, Azərbaycan gerçəkliyinin rəsmi şərhi ictimai şüurda üstünlük təşkil edir. Hakimiyyətin bir çox ölkələrdəki kimi sivil, vicdanlı debatlardan qorxusu, dürüst və obyektiv informasiyanın lokallaşdırılması cəhdləri hakim rejimin ictimai ovqatdan xəbərdar olduğunu göstərir. Müxalifətin məhdud müraciətləri və dövlətin irimiqyaslı yalanlarına baxmayaraq cəmiyyət hakim elitanın tərəfində deyil.

Turan Analitik Xidməti

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar