QLOBALLAŞMANIN SONU! - "2016-cı ildə tərəzinin gözü bilateralistlərə tərəf əyildi"

Donald Tramp “İlk öncə Amerika” şüarını car çəkir. ”Brexit”in tərəfdarları “İlk öncə Britaniya” – deyə, bəyan edirlər. Le Pen və onun Milli Cəbhəsi “Hər şeydən öncə Fransa” qışqırır. Vladimir Putinin Kremlində isə “Hər şeydən öncə Rusiya” deyirlər. Milli suverenliyə yönələn bu cür diqqət fonunda qloballaşma bizim günlərdə hardasa məğlubiyyətə düçar olmuş kimi görünür.

Ümumiyyətlə, tam olaraq bu gün qloballaşma ilə anti-qlobalizm arasında mübarizə getmir. Ancaq hal-hazırda dünya tarixi inteqrasiyanın iki modeli arasındakı rəqabətin ortasında qalıb. Modelin biri internasionalizm və çoxtərəfli yanaşma (multilateralizm), digəri isə imperializm və ikitərəfli münasibətlər (bilateralizm) prinsiplərinə dayanır. Dünya bütün müasir tarix ərzində onlar arasında var-gəl edib.

1945-ci ildən başlayaraq bu günə kimi internasionalistlər-multilateralistlər üstünlükdə olublar. Onlar qlobal ictimai rifaha təkan verəcək əməkdaşlıq və çoxtərəfli institutların yaradılması, sülh, təhlükəsizlik, maliyyə sabitliyinə çağırışlar ediblər. Həmin model dövləti ümumi normaları, konvensiyaları və müqavilələri yerinə yetirməyə məcbur edərək, milli suverenliyi məhdudlaşdırır.

2016-cı ildə tərəzinin gözü milli suverenliyi əsl məqsəd bilən bilateralistlərə tərəf əyildi. Bilateristlərə görə milii dövlətə kənardan gələn xarici məhdudiyyətlər nə qədər az olarsa daha yaxşıdır və sülh, təhlükəsizlik böyük dövlətlər arasındakı balans nəticəsində meydana gəlir. Bu model güclüyə mane olmur və zəifləri cəzalandırır.

19-cu əsrin böyük hissəsi internasionalizm ilə imperializmin hibridindən ibarət inteqrasiya prosesi olub. Həmin dövrdə azad ticarət ehkama dönmüşdü, kütləvi miqrasiyaya stimul yaradılırdı, dövlət isə yeni qlobal normalar qəbul edirdi. 1864-cü ildə döyüş meydanındakı yaralılara və xəstələrə yardım olunması ilə əlaqədar Birinci Cenevrə konvensiyası imzalandı. Bilateral imperializmin ən ikrahdoğurucu təcəssümü, Afrikanın Avropa dövlətləri tərəfindən eksklüziv mülk kimi bölünməsi oldu.

Bilateralizm bəşər tarixinin ən amansız dövründə hökmranlıq edib. 1914-1945-ci illərdə milli yüksəlişə doğru can atılması dağıdıcı iqtisadi rəqabətə və kütləvi zorakılığa səbəb oldu. Uol-Stritin 1929-cu ildəki çöküşü, onsuz da çətinliklə ayaq üstə duran beynəlxalq nizam qaydalarını birdəfəlik qoparıb atdı. Ölkələr bir-bir izolyasiyaya doğru yuvarlanmağa başladılar. 1933-cü ildə dünya ticarətinin həcmi 1929-cu ilin səviyyəsinin üçdə biri qədər azaldı.

Rasizmdən qidalanan və əhali artımı qorxusu qarşısında qlobalizm yırtıcıya döndü: Qüdrətli dövlətlər qonşularına və tərəfdaşlarına ya qeyri-bərabər ticarət müqavilələrini sırıyırdılar və ya da sadəcə olaraq onların torpaqlarını zəbt edirdilər. 1931-ci ildə Yaponiya Mancuriyaya göz dikməyə başladı və orada marionetka dövlət qurmaq qərarına gəldi. 1937-ci ildə isə Yaponiya Çinə soxuldu.

Elə məhz həmin ruhda da SSRİ özünün yaxın xarici ilə davranmağa başladı. Nasistlər öz zəif qonşularından birinə sırınmış müqaviləni imzalatdırır, digərini isə sadəcə işğal edirdilər; onlar üçün tevton sakinləri üçün slavyan torpaqlarının boşaldılması əsl məqsəd sayılırdı.

1941-ci ildə bilateralizmin qoluzorluluğu ABŞ prezidenti Franklin Delana Ruzvelti və Britaniya baş naziri Uinston Çörçili Atlantik xartiyası yaratmağa məcbur etdi. Bu planda müharibədən sonrakı quruluş bəyan edirdi ki, azadlıq dinc həyat üçün məhvər daşıdır və bilateralizm mütləq cilovlanmalıdır. Bundan sonra hər hansı bir ərazinin zəbt olunması yolverilməzdir. Rüsumlarla şantaja son qoyulur, dənizlər isə azaddır.

Atlantik xartıyası və müttəfiqlərin İkinci Dünya Müharibəsindəki qələbəsinin nəticəsi ”Yeni qlobal kurs” oldu. Beynəlxalq qaydalar və institutlarla razılaşan dövlətlər müharibədən sonrakı iqtisadi sıçrayışda iştirak edə bildilər. Çoxtərəfli prinsiplər əsasındakı bu qlobalizm eksperimentinin mərkəzi Avropa inteqrasiyası oldu. Avropadakı xroniki münaqişə zonası sayılan Fransa və Almaniyanın barışmasından sonra, Avropa nümunəvi əməkdaşlıq regionuna çevrildi. Milli suverenliklərin məhdudlaşdırılması qlobal ticarətin, sərmayənin və miqrasiyanın sayəsində müharibədən sonrakı çiçəklənməni təmin etdi. Milyardlarla insan yoxsulluqdan çıxdılar. Nisbətən dinc bir vəziyyət yarandı.

Lakin görünür ki, indi ”Yeni qlobal kurs” özünü tükəndirib. Hədsiz çox insan dünyanın itizamsız, qarışıq, riskli, məyusedici və təhlükəli hala gəldiyi qənaətindədir. Bu isə Atlantik xartiyasının müəlliflərinin güman etdikləri ilə birbaşa ziddiyyət təşkil edir. 1980-ci ildən sonra qlobal inteqrasiya, dövlətlərin daxilindəki bərabərsizliyin yüksəlməsi ilə müşayiət olunmağa başladı. Hərçənd ki, təhsilli kosmopolitlər üçün böyük şəhərlərdə imkanların üfüqləri genişləndi, ancaq milli sosial müqavilələrin demontajı başlandığı üçün ölkə daxilindəki vətəndaşlar arasında ictimai bağlar zəiflədi.

Qlobal fərqlər yuyulub gedib. Bu isə yalnız daxili parçalanmanı dərinləşdirir. Beləliklə də bilateralistlərin səhnəyə qasırğalı şəkildə qayıtmasına şərait yaranıb. Rusiya prezidenti Vladimir Putin kimi liderlər cınahlardan hücüm çəkərək suverenlik əzələlərinin qaytarılmasına can atırlar. İndi isə əsas aparıcı ölkələrdə onların tərəfdarları peyda olublar.

Özünün inauqurasiyasından iki gün sonra Tramp bəyan edib ki, İran neftini ələ keçirmək üçün ABŞ üçün yeni imkanlar açılacaq. Sonra o, ABŞ-ı Trans-Sakit okean ticarət əməkdaşlığı müqaviləsindən çıxarıb. Bundan başqa Tramp Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFTA) şərtlərinə yenidən baxacağını bildirib. Çox çətinliklə imzalanmış Paris iqlim müqaviləsinin gələcək müqəddəratı indi böyük sual altındadır.

Bu arada isə 1840-cı illərdən dünyaya azad ticarəti bəxş etmiş Böyük Britaniya təklikdə inkişaf etmək qərarına gəlib. Nəticədə Atlantik xartiyası üzrə köhnə müttəfiqlər milli suverenliyi qlobal ictimai rifahdan üstün tuturlar.

Hazırda dünyanın diqqəti Fransaya və oradakı prezident seçkilərinə yönəlib.

Ortaya müharibədən sonrakı bütün çoxtərəfli sistemin mərkəzi olmuş və Avropa inteqrasiyasını irəliyə aparan fransız-alman mühərrikinin normal işi qoyulub. May ayındakı seçkilərdə Le Penin qələbəsi Avropa Birliyinin məhvi anlamına gələ bilər. Bu halda Almaniya kansleri Angela Merkel sökülüb-dağılan dünya nizam qaydasının sonuncu dayağı kimi qalacaq.

1945-ci ildən sonra Almaniya internasionalizm sayəsində hamıdan daha çox dəyişən ölkə olub. Gələcəkdə Almaniya çoxtərəfli əməkdaşlıqdan uzaqlaşan Fransa, Böyük Britaniya, Rusiya kimi ölkələrlə əhatə oluna bilər.

Gəlin belə bir səhnə təsəvvür edək: Le Penin qələbəsindən bir neçə gün sonra “Böyük yeddilik” Siciliyanın Taormina şəhərindəkı təmtəraqlı oteldə toplaşıblar. Kanada və ABŞ NAFTA məsələsi barəsində mübahisə edirlər. Böyük Britaniya “Brexitə” görə Fransa və Almaniya ilə çəkişir. Yaponiya baş tutmayan Trans Sakit okean əməkdaşlığı üzündən laxlayır. Bəli, onlar özlərinin qlobal öhdəliklərindən imtina etdikləri belə bir vaxtda Siciliya yaxınlığındakı dalğalarda tamamilə dolmuş qayığın aşması nəticəsində qaçqınlar boğulurlar. Bax, bu ötüb keçən qloballaşma dövrünün nekroloqudur.

(“Project Syndicate”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar