Azad olunan Quba məhbuslarından biabırçı tələb

"Onlardan İlham Əliyevə minnətdarlıq etmələrini tələb edirlər"

Bu adamları tutublar, cinayətkar elan ediblər, indi də onlardan İlham Əliyevə minnətdarlıq etmələrini tələb edirlər. Quba Rayon Prokurorluğuna çağırırlar ki, gəlin bizim yanımızda telekanallara danışın, deyin ki, sağ olsun prezident, bizi həbsdən buraxdı. İlham Əliyevin bu adamların minnətdarlığına ehtiyacı var?” Bu sözləri “Yeni Müsavat”a 2012-ci ildə Qubada baş verən məlum olaylara görə həbs olunanlardan birinin vəkili verib. Vəkil deyib ki, minnətdarlıq nitqi söyləməyəcək şəxslər problemlə qarşılacaqları ilə hədələnir.

Qeyd edək ki, 27 sentyabrda 1 mart Quba hadisələrini törətməkdə ittiham edilərək həbs edilən iki məhbus Ali Məhkəmənin qərarı ilə şərti azadlığa çıxıb. Təqsirləndirilən Habil Əliyev və Səfər Qəribov azad ediliblər. Həbsdə qalan digər 8 Quba məhbusu seçkilərdən öncə azadlığa buraxılacaq.

İlham Əliyev Quba səfərində olarkən yerli icra başçısı prezidentdən Quba məhbuslarının azadlığa çıxarılmasını xahiş edib. Prezident buna razılıq verib. Bundan sonra icra başçısı Mübariz Ağayev məhbusların qohumlarını icra hakimiyyətinə çağıraraq onlara deyib ki, həbsdə qalan 10 nəfər seçki öncəsi azad olunacaq. O bildirib ki, Quba hadisələrini törədən şəxslər kənarda qalıb, həbs olunanlar günahsızdırlar.

Qeyd edək ki, 2012-ci ilin dekabrında Quba rayon Məhkəməsi Səfər Qəribova 5 il, Habil Əliyevə 5 il 6 ay həbs vermişdi. Quba məhbusları Cinayət Məcəlləsinin 186.2.1. (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2. (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 233 və 315.2 (xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirdilər. Oktyabrın 1-də daha bir Quba məhbusunun azad olunacağı da gözlənir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar