ELMAN RÜSTƏMOV BANKININ SƏHMLƏRİNİ SATIRBiznesini idarə edənləri də dəyişir? – Yeniləndi

Dərc olunub: 29/03/2017 - 16:59

elman (1)

Xəbər verdiyimiz kimi, 28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib və yığıncaqda nizamnamə kapitalının 20 milyon manat artırılması haqqında qərar yektilliklə qəbul edilib. Həmçinin 28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni Sədri vəzifəsinə təyin edilib. O, Elçin Quliyevi əvəz edib. Qeyd edək ki, indiyədək Elçin Quliyev bankda ikinci ən böyük paya malik olan səhmdar idi.

Mətbuatda olan ən son məlumata görə, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir.

043_3620_01_b

Ən böyük səhmdarın nümayəndəsinin bankda bir nömrəli vəzifədən uzaqlaşdırılması Bankda səhmdar paylarının dəyişəcəyinə işarə edir.

“Marja”nı bank dairələrindən əldə etdiyi məlumata görə, bankın səhmdar kapitalında DEG-in payı artacaq. Həmçinin banka yeni səhmdar cəlb edilir. Qeyri-rəsmi məlumata görə, həmin şəxs “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Teymur oğlu Əhmədovdur.

1490780114

Devalvasiyalardan sonra Azərbaycanın bir çox bankları kimi “Bank Respublika” ASC-nin də zərəri artmış və bu səbəbdən məcmu kapitalı aşağı düşmüşdür. Nəticədə bankın kapitalının artırılmasına ehtiyac yaranmışdı. Dünən “Bank Respublika”nın səhmdarları Bankın bazarda qalmaqda israrlı olduğunu nizamnamə kapitalının 20 milyon artırılması ilə nümayiş etdirdilər. Lakin diqqəti cəlb edən kapitalda ən böyük paya malik olan Quliyevlər ailəsinin Bankın rəhbərliyindən uzaqlaşdırılmasıdır. Bu, Quliyevlər ailəsinin yeni 20 milyon manatlıq kapital artırımında iştirak etməyəcəyinə, artırımın əsasən yeni səhmdar tərəfindən həyata keçiriləcəyinə işarədir.

Qeyd edək ki, “SƏBA” ASC də Quliyevlər ailəsinin nəzarətindədir. Natiq Quliyev “SƏBA” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.

1477057931_sas

“Bank Respublika” ASC-nin mətbuat xidmətindən “Marja”ya bildirildi ki, yeni səhmdar tərkibi haqqında hazırda onlarda məlumat yoxdur. Səhmdar tərkibi haqqında məlumat 2017-ci ilin 1-ci rübünün yekunları barədə maliyyə nəticələri ilə birlikdə ictimaiyyətə açıqlanacaqdır.

Ancaq yazı capa getdikdən sonra Bank Respublikadan Fərhad Əhmədovun səhmdar olacağı barədə  məlumatı təkzib ediblər. “Rusiyada yaşayan azərbaycanlı milyader Fərhad Əhmədovun “Bank Respublika”nın səhmdarı olduğu barədə yayılan məlumat şaiyədir. Nizamnamə kapitalının 20 milyon manat artırılması bankın mövcud səhmdarlarının vəsaitləri hesabına təmin ediləcəkdir. Almanlar daxil, mövcud bütün səhmdarlar nizamnamə kapitalının artırılmasına qərar veriblər. Banka yeni səhmdar cəlb olunmur.”-deyə  “Marja”ya Bank Respublikadan bildirilib.

Bankda ən böyük paya malik olan Quliyevlər ailəsinin rəhbərlikdən kənarlaşması isə, banka yeni menecmentin dəvət olunması ilə bağlanılıb. Quliyevlərin Bankın Müşahidə Şurasının üzvləri kimi fəaliyyətlərini davam etdirəcəkləri bildirilib.

“AzPolitika.info” onu da qeyd edir ki,  2017-ci ilin yanvarın 3-də “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Həmin vaxt bankdan verilən məlumata görə, Şuranın qərarına əsasən İdarə Heyətinin sədri Xədicə Həsənova tutduğu vəzifədən kənarlaşdırılıb. Müşahidə Şurasının üzvü Asəf Namazov isə İdarə Heyətinə sədr təyin olunub.

Onu da qeyd edək ki, adıçəkilən bankın əsl sahibinin Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov olduğu bildirilir. Elə bu səbəbdən də son 2 ildə özəl bankların üstünü alan “qara buludlar” sözügedən bankdan yan ötüşə bilib. E. Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail olub.

Ancaq görünür  ölkədə yaranmış maliyyə problemləri “Bank Respublika” ASC-dən də yan keçməyib. Mümkündür ki, bankın xaricdən kapital əldə etmək, dövriyyəni sabit saxlamaq imkanları aşağı düşüb. Bundan çıxış yolu kimi də bankın səhmlərinin bir hissəsi satıla bilər. Baxmayaraq ki, bankdan verilən məlumatda kapitalın mövcud səhmdarlar hesabına artırılacağı bildirilib. Ancaq Azərbaycanda bu cür alqı-satqıların gizli aparılması ənənəsinin mövcud olduğunu da  yaddan çıxarmaq olmaz.  Xüsusən də, bank yüksək vəzifə sahibinə məxsus olduqda…  

Onu da qeyd edək ki, Bankda ən böyük paya malik olan Quliyevlər ailəsi  Elman Rüstəmovun   biznesini etibar etdiyi (bəzi məlumatlara görə qohumudurlar-red.) adamlar kimi tanınıb. Məlumatlı mənbənin “AzPolitika.info”ya bildirdiyinə görə, “Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan  Natiq  Quliyev qardaşları Elçin və Namiq Quliyevlə birlikdə  Elman Rüstəmovun  Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə edirlər . Bura Rüstəmova aid bəzi maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı  və sair aiddir.

Elçin Quliyevin “Bank Respublika” ASC-nin birbaşa rəhbərliyindən kənarlaşdırılmasına gəlincə isə, mənbə bunun Quliyevlərin Elman Rüstəmovun inamını sarsıdacaq əməllərə yol verməsi ilə bağlı ola biləcəyini ehtimal edir. Bu artıq başqa yazının mövzusudur.

Yazıdakı iddialarla bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Vaqif
AzPolitika.info


loading...




Fikrinizi bildirin