RUSLAR NƏ ÜÇÜN KÜÇƏLƏRƏ ÇIXDILAR? - Rusiya rəhbərliyinin iki yolu var

Müxalifət rusiyalıların Krımın ilhaqından sonra millətçilik təbliğatı ilə iflic edilmiş passivliyini sındırmağı bacardı

Bazar günü Rusiyada keçirilən etirazlar bütün ölkəni bürüdü. Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxt Moskvadakı nümayişlərə, təxminən səkkiz min nəfər çıxıb. Rusiyalılar korrupsiyaya qarşı etiraz ediblər.

Narazılığın katalizatoru bir neçə həftə öncə baş nazir Dmitri Medvedyevin mülkləri ilə bağlı dərc olunmuş məlumatlar olub. Bu isə hakimiyyətin yuxarılarındakı korrupsiyanın miqyasını nümayiş etdirir. Kreml təhqiqat aparılmasından imtina etməklə rusiyalıları qəzəbləndirib.

Hərçənd ki, Rusiya və Belarusdakı nümayişlərin baş vermə səbəbləri fərqliydi, amma onların ümumi tərəfləri var. Belarus və Rusiyadakı etirazlar ideoloji və siyasi səbəblərdən alovlanmayıb. İnsanları küçələrə azadlıq və demokratiya şüarları deyil, öz pul kisələri barəsindəki həyəcanlı düşüncələri tökdü. Rusiyalılar və belaruslar ölkələrindəki korrupsiyanı, iqtisadiyyatın səmərəsiz idarə edilməsini, hakimiyyətin tamahkarlığını və məmurların xalq üzərindəki təkəbbürünü gördükləri üçün son altı ilin ən böyük aksiyasına çıxmışdılar.

Belarus və Rusiyadakı nümayişlər bu ölkələrin rəhbərlərini qəflətən yaxaladı. Reaksiya standart oldu. Belaruslara nisbətən Rusiya hüquq-mühafizə orqanları nümayişçilərə qarşı o qədər də sərt davranmasalar da, ancaq boş da dayanmamışdılar. Polis yüzlərlə nümayişçini saxlayıb. Onların içərisində etiraz aksiyalarının təşkilatçısı və müxalifətin lideri Aleksey Navalnı da var.

- Putinin narahatçılıq keçirməsinin səbəbi var

Etirazın qarşısı alınıb, amma Rusiya hakimiyyətinin narahatlıq keçirməsi üçün səbəb öz yerində qalıb.

Birincisi - nümayişlər bütün Rusiyanı əhatə edib. İnsanlar liberal, ziyalı və müxalif Moskvada deyil, həmçinin böyük sənaye, proletar şəhərlərindəki mərkəzi meydanlara da çıxmışdılar. Həmin şəhərlərdə indiyədək aşağı sinfin və narazı gənclərin yox, Kremlə loyal olan iri müəssisələrin (əsəsən dövlət) həmkarlar təşkilatının səsi çıxırdı.

İkinci səbəb - müxalifətin effektivlik nümayiş etdirə bilməsidir. Aleksandr Navalnı və onunla əlaqəli olan dairələr bütün ölkə üzrə strukturlar qurmaq üçün son aylar titanik əmək sərf ediblər. Ən vacibi isə bu işləri görərkən minlərlə korrupsiya faktları aşkarlayıblar.

Onların diqqətini təkcə nazirlərin və Kreml məmurlarının Mosvadakı işləri deyil, həmçinin əyalət miqyaslı lokal tarixçələr də cəlb edib. Navalnı tərəfdarları faktları toplayaraq onları ictimailəşdiriblər.

Lakin bu heç də asan olmayıb, çünki KİV-lərə çıxışı kəsilmiş müxalifətin rusiyalılarla əlaqə kanalları azdır. Ona görə də sosial şəbəkələrdən istifadə qalır ki, bu da məhdud səviyyədədir. Belə ki, məsələn, “facebook”da etiraza çağrış hakimiyyət tərəfindən təqibə məruz qalmaq deməkdir. Ancaq Rusiyada əmindirlər ki, korrupsiya dövləti başdan ayağa bürüyüb. Ona görə ki, bu problemlə hər bir rusiyalı qarşılaşır. Hamı məmurların var-dövlətini görür və son üç-dörd ildir ki, durmadan aşağı düşən öz yaşayış səviyyələrini onların həyat səviyyəsi ilə müqayisə edirlər.

Kreml üçün üçüncü problem etirazların mənbəyinin hardan qaynaqlanmasıdır. Baş nazirin ətrafındakıların korrupsiya əməlləri ilə bağlı Navalnının hazırladığı material, etiraz aksiyalarının partlamasının qığılcımı olub.

İndiyədək Kremlin nisbətən liberal sifəti hesab edilən Dmitri Medvedyev əvvəllər ciddi hücumlar üçün hədəf olmayıb və Vladimir Putinin müxalifətdəki bəzi düşmənləri hətta onu müsbət qiymətləndirirdilər. Navalnı baş nazirin dəbdəbəli rezidensiyasının fotolarını dərc edərək, Medvedyevlə bağlı fondların köməyi ilə büdcdən böyük miqdarda pulların necə çıxarılması sxemini göstərib. Navalnı və parlamentdən kənar bütün müxalifət üçün Medvedyev hücum çəkiləcək ideal hədəfdir. Müxalifət Kremldə cazibədar adamın olmadığını sübut edə bildi və göstərdi ki, Putin kimi baş nazir də korrupsiyalaşmış sistemin elementlərindən biridir.

- Müxalifətin uğuru. Bəs sonra?

Müxalifət rusiyalıların Krımın ilhaqından sonra millətçilik təbliğatı ilə iflic edilmiş passivliyini sındırmağı bacararaq, uğur qazana bilib. Böyük etiraz aksiyaları Kremli həyəcanlanmağa məcbur edib.

Bu həyəcanı, hakimiyyətin gələn il keçiriləcək prezident seçkiləri ilə əlaqədar yarana biləcək böhrana hazırlaşmağa çalışması faktı da gücləndirir. Hazırda Rusiya rəhbərliyinin iki yolu var. Onlar liberal müxalifətə seçkilərdə məhdud şəkildə iştirak etməyə imkan verə bilər, yəni, məsələn, Aleksey Navalnının namizədliyi irəliyə sürülə bilər (Əlbəttə ki, o, əvvəlcədən məğlubiyyətə məhkumdur).

Amma əgər nümayişlər kritik həddə çataraq hədsiz kütləviləşərsə və tez-tez baş verərsə, onda hakimiyyət digər variantı seçərək, müxalifətə qarşı sərt tədbirlər həyata keçirə bilər. İndiyədək Rusiya rəhbərliyinin necə fəaliyyət göstərdiyini nəzərə alaraq, belə güman etmək olar ki, onlar ikinci ssenarini seçəcəklər.

(“Newsweek”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar