“OXUYA VƏ YAZA BİLMİRƏM..." - Tanınmış biznesmendən maraqlı etiraf

Bu gün Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə naxçıvanlı oliqarx, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov ifadə verib.

"Şərur İnşaat" tikinti şirkətinin rəhbəri olan İ.Axundov "MTN işi"ndə zərərçəkmiş şəxslərdən "Azərtikinti ATF" şirkətinin rəhbəri Azər Quliyevin epizodu üzrə dinlənilib.

Bildirək ki, Azər Quliyev bir neçə il əvvəl vəfat edib. İndiki məhkəmədə onu hüquqi varisi təmsil edir. Dələduzluqda təqsirləndirilən A.Quliyev 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bir neçə il sonra həbsxanada vəfat edib. Quliyev Akif Çovdarov və adamları tərəfindən hədə-qorxu gəlinərək həbs edildiyini deyib.

"Şərurlu İsfəndiyar" istintaqda nə deyib?

Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində istintaqa ifadə verən Axundov deyib ki, mərhum iş adamı Azər Quliyevi 2007-ci ildən tanıyır, sonuncu ilə ədavəti və düşmənçiliyi olmayıb.

Onun dediklərinə görə, 2007-ci il tarixdə Azər Quliyevlə "Orxan" MMC-nin direktoru Əlizadə Alim Bəhro oğlu arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq "Orxan" MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə çoxmərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, "Azərtikinti ATF" MMC isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.

Müqaviləyə əsasən, “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev "Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində "Babək-94" MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb.

İş adamı ifadəsində bildirib ki, bundan sonra həmin faktlara görə istintaq orqanı tərəfindən araşdırmalar aparılıb. Təxminən 2008-ci ilin əvvəllərində "Orxan" MMC təsisçisi olduğu "Şaiq" MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta tərəfindən ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf etdiyi vəsaitdən təxminən 800 min manat artıq olub.

İsfəndiyar Axundov onu da deyib ki, bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və Azər Quliyev tikintidən uzaqlaşdırılıb. "Şaiq" MTK tərəfindən həmin binalarda tikinti işləri davam etdirilərək tikinti başa çatdırılıb, Azər Quliyevin isə barəsində istintaq olunan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib. Azər Quliyev barəsində cinayət işi üzrə istintaq başa çatdırıldıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Azər Quliyev törətmiş olduğu əməllərə görə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

İ.Axundov qeyd edib ki, "Orxan" MTK deyil, MMC olub. Həmin cəmiyyətin Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmayıb. MMC Naxçıvan MR-da yaradılmaqla orada Ədliyyə Nazirliyində 21.11.2003-cü ildə qeydiyyatdan keçib. Cəmiyyətin təsisçisi Şərur rayonu Düdəngə kənd sakini İbrahimov Asəf Səfəralı oğlu olub. Cəmiyyətin başqa təsisçisi olmayıb, icraçı direktor isə Əlizadə Alim Bəhro oğlu təyin edilib.

Biznesmen söyləyib ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-nin sifarişi ilə tikilməyib.

İsfəndiyar Axundovun bu gün dedikləri...

"Şərurlu İsfəndiyar" bu gün şahid kimi çağırıldığı məhkəmədə tamamilə fərqli fikir bildirib. Əvvəlki ifadəsini təkzib edib. O, deyib ki, istintaqda dediklərindən xəbəri yoxdur. Çünki o, nə yaza, nə də oxuya bilir.

İ.Axundovun dedikləri: "Mən orta məktəb qurtarmamışam. Oxuya və yaza bilmirəm. Müstəntiq vəkilimin dediklərini yazıb. Mən də imzalamışam. Müstəntiqə gedəndə dedim ki, necə məsləhətdirsə, münasibdirsə elə də yazaq. İstintaqda yazılanlardan xəbərim yoxdur".

İş adamı istintaqa ifadəsini təsdiq etmədiyini, Akif Çovdarov və digərləri ilə heç bir əlaqəsinin olmadığını bildirib. Növbəti məhkəmə iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar