"MƏHKƏMƏLƏRDƏ 280 MİN İŞ VAR" - Problemli kreditlərə dair ŞOK statistika  

Vahid_Ehmedov1465308874

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Mərkəzi Bankı haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prossessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini tənqid edib.

Millət vəkili bildirib ki,   ölkədə vaxtı keçmiş kreditlərin həcmi artaraq 1,5 mlrd. manata çatıb. O, problemli kreditlərin həcminin azalması ilə bağlı fikirlərlə razılaşmadığını qeyd edib: "Vaxtı keçmiş kreditlərin həcmi 1,5 milyard manata çatıb. İndi deyəcəksiniz ki, müəyyən qədər azalma var. Problemli kreditlərdə ona görə azalma var ki, bank sektoru faktiki kredit vermir. Banklar deyir ki, 65 yaşından yuxarı insan kredit götürə bilməz. Bu, hansı qanunda yazılıb? Bəlkə onun 1000 manata ehtiyacı var? Deyirlər ki, Palatadan göstəriş var. Bundan başqa, əgər müştərinin məvacibi 300 manatdırsa, 600 manatdan artıq kredit verilmir. Niyə artıq məbləğdə kredit verilməməlidir ki? Bankların qeyri-qanuni hərəkətləri var. Banklardan kredit götürmək qeyri-mümkündür... ".

Deputat İlham Əliyev də bankların fəaliyyətindən narazılığını ifadə edib. Onun sözlərinə görə, banklar insanları "şirnikləndirib müqavilə imzalatdırırlar" və sonradan böyük problemlər yaranır: "Banklar müqavilələri dəyişdirməyib. Hazırda standart müqavilələrdən istifadə olunur".

İradlara münasibət bildirən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə öz növbəsində qeyd edib ki, yüksək gəlirlilik dövründə banklarda izafi gəlirlilik olub: "Həmin dövrdə məsuliyyətsiz borclanma var idi. Düzdür, bununla bağlı qınaqlar haqlıdır. Biz məsuliyyətsiz borclanmanın qarşısını almaq üçün kreditlərdə insanların aylıq ödənişlərinin gəlirlərə nisbətinin nəzərə alınmasını məqsədəuyğun hesab etdik. Ümumiyyətlə, borcları birdən-birə bağışlamaq olmaz. Çünki, bunun mənbəyində banklarda yatırılmış əmanətlər qalır. Kreditlər ödənilmədiyi təqdirdə banklardakı əmanətlər geri qaytarmaq mümkün deyil. Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır. Millət vəkilləri bəyan etdilər ki, 3 il 4 ay qanun çərçivəsində proses uzanır. Mən isə bankın əmanətçisiyəm. Bank da deyir ki, mən krediti sənin qardaşına vermişəm, o isə ödəmir. Mən məhkəmələri günahlandırmıram. Məhkəmələrdəki işlərin bir qismi obyektivdir, bir qismi isə subyektivdir. Bəzi insanlar, biznes subyektləri krediti ödəməkdə çətinlik çəkir. Amma subyektiv hallar da var. Bütün bunlar hüquqi müstəvidə həll olmalıdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar