Müstəqilliyin çətin yolu

Sərdar CƏLALOĞLU

Bu gün Rusiyadan gələn təhdidlərin tarixi kökləri nədən qaynaqlanır?

Azərbaycanın Rusiya tərəfindən işğalına səbəb rus-ingilis və fransız dövlətlərinin geopolitik maraqlarının toqquşması, Türkiyə ilə müttəfiqlik cəhdlərinin alınmaması, Azərbaycan xanlarının xəyanəti, seperatizm, hərbi islahatların başa çatdırılmaması

olmuşdur

Azərbaycan xalqı 28 may 1918-ci ildə öz istiqlaliyyətini elan etməklə Rus imperiyasından azad olduğunu və müstəqillik yolu tutduğunu bütün dünyaya elan etmişdir. Bəs Azərbaycan necə Rusiya əsarətinə düşmüşdür? Bu gün Rusiyadan gələn təhdidlərin tarixi kökləri nədən qaynaqlanır? Ruslar qonşu xalqlardan nə istəyir? Bir daha başqa xalqların əsarətinə düşməmək üçün nə etməliyik?

Müstəqilliyin əbədi və sarsılmaz olması üçün hər bir Azərbaycan vətəndaşının bu sualların dəqiq cavablarını bilməsi vacibdir. Bu yazıda Azərbaycan istqlal tarixinə retrospektiv nəzər salmaqla, milli geopolitikanın bəzi məqamlarına diqqəti cəlb etməyi məqsədə müvafiq hesab edirik.

XIX əsrin astanasında Yaxın Şərqdə Azərbaycan türk sülalərinin güclü imperiyası hələ də öz mövcudluğunu Qacariyyə adi ilə qorumaqda idi. Qacariyyə İmperiyasi İran, Azərbaycan, Əfqanıstan, qismən Hindistan və Ərəbistan coğrafiyasında hakim idi. Qacariyyə ilə nəinki regional, hətta kontinental güc kimi dünya siyasətində rol almış və onunla uzaq imperiya dövlətləri də ciddi maraqlanır və onunla müttəfiq olub öz düşmənlərinə qarşı birgə mübarizə aparmağa səy edirdilər. Qacariyyənin önəmi ilk növbədə Hindistan üzərindəki əlverişli strateji mövqeyi və Rus imperiyası üçün ciddi təhdid təşkil etməsi ilə bağlı idi. Dünyanı bölüşdürmək istəyən, xüsusən Hindistanı tutmaq və Rus imperiyasına qarşı vuruşmaq istəyən istənilən dövlət, təbii olaraq, ilk növbədə Qacariyyəyə üz tuturdu.

XVIII əsrin əvvəllərində İngiltərə Hindistanın işğalını genişləndirməyə cəhd edirdi. Napoleonun hakimiyyətə gəlişi ilə fransızlar dünya siyasətində önə çıxdi və İngiltərə öz planlarını təxirə salmağa məcbur oldu. Lakin Napoleonun məğlubiyyətindən sonra İngiltərə yenidən təşəbbüsü əl aldı və Hindistanda mövqelərini möhkəmləndirməyə başladı. İngiltərənin güclənməsi onun Hindistanla qonşu olan Qacariyyəyə qarşı diplomatik və işğal siyasəti aparmağa həvəsləndirdi. Əslində İngiltərənin Qacariyyəni işğal etmək cəhdi nəzarətində olan Hindistanı Rusiya və Fransadan qorumaq məqsədi güdürdü. Bu baxımdan Qacariyyənin ingilis və fransız maraqlarının təmin edilməsində rolu artmaqda idi.

Qacariyyənin digər bir əhəmiyyəti onun Avropanın ən ciddi düşmənlərindən biri olan Osmanli İmperiyasi ilə sərhəd olmasında idi. Beləliklə, bir tərəfdən Rusiya, bir tərəfdən Orta Asiya, bir tərəfdən Hindistan, o biri tərəfdən Osmanlı ilə sərhəddə olması Qacariyyənin geopolitik rolunu əvəzsiz etmişdir.

Qacariyyə Aga Məhəmməd şah dönəmində dövlətin mərkəzləşdirilməsi məqsədi ilə üsyankar feodalları susdurmaq üçün hərbi yürüşlər təşkil edirdi. Belə yürüşlərdən biri də Qacariyyənin Şəmşəddin bölgəsini mütəmadi talan edən və Rus imperiyası ilə gizli əlaqə saxlayan vassal dövlət kimi Gürcüstana olmuşdur. Rus maraqlarına xidmət etdiyindən Gürcüstana görə Rus imperiyasi II Ekaterinanın çarlığı dövründə Qacariyyə ilə müharibəyə başlamış və rus qoşunları Dərbəndə və Bakıya kimi irəliləməyə müvəffəq olmuşdur. Rusların məqsədi Aga Məhəmməd şah Qacarın yerinə onun qardaşını taxta çıxarmaqla Qacariyyədən gələn təhlükələri dəf etmək idi. Lakin II Ekaterinanın ölməsi və I Pavelin taxta çıxması ilə rus qoşunları geri qayıtmışdır.

1797-ci ildə Aga Məhəmməd şah Qacar xarici düşmənlərin fitvası ilə qətlə yetirildikdən sonra, taxta Qardaşı Fətəli şah çıxmışdır. Fətəli şah Qacariyyənin xarici siyasətində dəyişiklik etmədən İngiltərə və Fransadan yardım almaqla rusları işğal etdikləri Zaqafqaziyadan qovmağa cəhd edirdi. Lakin Bonopartın məğlubiyyəti Fransanın Qacariyyədə nüfuzunu xeyli zəiflətdi. Odur ki, Qacariyyə Rus imperiyasına qarşı mübarizədə müttəfiq axtarışlarını davam etdirməyə məcbur olmuşdur. Bu mənada Osmanlı Türkiyəsi ilə saziş bağlamaq üçün diplomatik səylər göstərilirdi. Amma bundan əvvəl Rus-Türk müharibəsində Qacariyyənin Türkiyəyə dəstək verməməsi və Bağdad Paşalığı üzərində olan konfliktə görə Türkiyə Qacariyyə ilə ruslara qarşı sazış bağlamaqdan imtina etmişdir.

Qacariyyə ilə müttəfiq olan İngiltərə Fətəli şahı Əfqanıstana yürüş etməyə təhrik etməklə öz maraqlarını təmin etməyə cəhd edirdi. İngiltərə Qacariyyəni təsirə salmaq istiqamətində diplomatik səylərini də gücləndirirdi. Nəticədə 1801-ci ildə Qacariyyə ilə İngiltərə arasında ticarət sazişi imzalandi. Bu saziş Əfqanıstana qarşı İngilis-Qacariyyə ittifaqını təmin edirdi. Digər tərəfdən, ingilislər Hindistanla bağlı rus- fransız təhlükəsini şişirdərək Fətəli şahı özləri ilə daha sıx müttəfiq olmağa təhrik edirdilər. Fətəli şahın da ingilislərlə müttəfiqlikdə öz xüsusi maraqları vardı. Belə ki, ruslar tərəfindən işğal edilmiş Qacariyyə ərazilərinin Gürcüstanı, Dağıstanı və digər əraziləri geri qaytarmaq istəyirdi. Buna görə də 1804-cü ildə Fətəli şah Rusiyaya müharibə elan etdi. Bu müharibədə Şah ingilislərdən təchizat dəstəyi almağa cəhd etmişdir. Lakin ingilislər vəd etdikləri köməyi verməyi ləngitdilər və müharibə Qacariyyənin əleyhinə nəticələndi.

I Pavel ingilislərlə pozulmuş münasibətləri bərpa etməklə Qacariyyəni təkləməyə və Azərbaycan torpaqlarının işğalını genişləndirməyə başladı. Belə bir şəraitdə Napoleon bir tərəfdən rus-türk ittifaqını dağıtmağa, digər tərəfdən Qacariyyə ilə müttəfiqlik sazişi imzalamağa cəhd etdi və buna nail oldu. Rus-türk müharibəsinin başlaması ilə Napoleonla Fətəli şah arasında Rusiyaya qarşı müttəfiqlik sazişi imzalandi. Bu sazişə görə Napaleon Rusiyanı işğal etdiyi Gürcüstanı azad etməyə vadar etməli idi. Buna paralel Napoleonun səfirləri Türk-İran ittifaqını yaratdılar ki, bunun nəticəsində 18 iyun 1807-ci ildə ruslar Arpacay döyüşündə türklərə qalib gələ bilmədi. Napoleon həm də Qacariyyə ordsunda hərbi islahatları həyata keçirməli idi. Əvəzində Şah fransız qoşunlarını öz ərazisindən Hindistan sərhədlərinə buraxmali və Əfqanıstandan Ost-İndiya kompaniyasının mülklərinə hücüm etməli idi.

Fransa general Qardanın başçılığı altında ruslara və ingilislərə qarşı Qacariyyəyə kömək məqsədi ilə hərbi islahatlara və silah istehsalına başlamışdır. Bununla paralel fransızlar Gürcüstanan Rusiyadan alınıb Qacariyyəyə qaytarılması müqabilində Qacariyyədən bir ada və ticarət güzəştləri əldə edirdi. Bu ərəfədə ruslar fransızlarla Tilziat sazişi imzalamışdılar. Həmin sazişin imzalanması ilə fransızların ruslarla bağlı verdikləri vədin yerinə yetirilməsi zərbə altına düşmüşdür. Bununla yanaşı, ruslarla müttəfiqlik müqaviləsi imzalamış fransızlar Qacariyyəni ruslarla müharibəyə təhrik etdilər.

Fransızlar bununla kifayətlənməyərək ruslarla birlikdə Türkiyəni parçalamağa və Hindistana birgə yürüş etməyə razılaşdılar. Fransızların məqsədi Rusiyanın və Qacariyyənin diqqətini Hindistana cəlb etməklə Avropanı işğal etmək idi. Amma rus carı Dağıstanın, Gürcüstanın yenidən Qacariyyəyə qaytarılması məqsədi güdən Rus-Qacariyyə müharibəsi başlatmaq cəhdlərindən narazi idi. Bu da Napoleonu Qacariyyəyə verdiyi vədlərdən geri çəkilməyə vadar etdi. Bundan sonra ingilislər Qacariyyəni Rusiya ilə müharibəyə təşviq etməyə cəhd etdilər. Nəticədə Gürcüstan çaricası ruslara qarşı üsyan etdi, ingilislər Qacariyyə ordusuna 50 top, 12 min tüfəng verib ruslarla sülh müqaviləsi imzalamağa imkan vermədilər. 1812-ci ildə rus-türk və ingilis-rus müqavilələrinin imzalanması ilə Rusiyanın Qacariyyə üzərində üstünlüyünü təmin etdi. Buna baxmayaraq şahzadə Abbas Mirzə ingilislərdən kömək alacağına və Rusiyanın Napoleonla müharibədə zəifləyəcəyinə ümüd edərək, ruslarla saziş imzalamaqdan imtina etdi. İngilislər ruslarla fransızlara qarşı, Qacariyyə ilə ruslara qarşı müttəfiqlik sazişi imzalamaqla ikili oyun oynayırdi. Belə bir şəraitdə Rus imperiyası ilə faktiki təkbətək qalan Qacariyyə müharibədə uduzdu və 1812-ci ildə Aslandüzdə ingilislər yaranmış vəziyyətin öz maraqlarına uyğun olmadığını anlayaraq Abbas Mirzəyə sülh müqaviləsi imzalamaq üçün, ruslara isə təslimçi sülhün şərtlərini yüngüllləşdirmək üçün təzyiq etməyə başladılar. Ruslar bundan imtina etdi, 1813-cü ildə Qarabağın Gülüstan kəndində Qacariyyənin Gürcüstan, Dağıstan və bəzi Azərbaycan xanlıqlarından imtina etməsi şərti ilə sülh müqaviləsi imzalandı. Rusiya həm də Xəzərdə ordu saxlamaq hüququ əldə etdi.

Bağlanmış müqavilə ingilislərin maraqlarını təhlükə altına saldığından onlar yenidən Qacariyyə ilə ruslara və əfqanlara qarşı müqavilə imzaladılar. İngilislər bunun müqabilində Rusiyanı “Gülüstan” müqaviləsinə yenidən baxmağı məcbur edəcəyini, Qacariyyənin daxili işlərinə və Əfqanıstanla konfliktə müdaxilə etməyəcəyinə, Qacariyyənin ordusunu təchiz edəcəyini və hərbi islahatlar keçirəcəyini öz üzərinə götürürdü.

Qacariyyə rus işğalını həzm edə bilmirdi. Ona görə də işğal olunmuş əraziləri azad etmək üçün yenidən ingilislərin təhriki və kömək vədləri ilə Rusiyaya qarşı müharibəyəyə başladı. 1827-ci ildə Abbas Mirzənin başçilığı altında rus işğalına qarşı başlanmış müharibə Rusiyanın qələbəsi ilə başa çatdı. Qacariyyənin məğlubiyyətinin başlıca səbəbi İrəvan və Qarabag xanlarının seperatizmi və orduda hərbi islahatların başa çatdırılmaması olmuşdur, hansı ki, bu xanlar rus qoşunlarını öz qalalarına buraxmaqla onların qorunmasını təmin etmişdilər. Ruslarla aparılan danışıqları Qacariyyə üçün asanlaşdırmaq məqsədilə ingilislər yenidən dövriyyəyə girmişlər. Lakin 1828-ci ildə başlanmış rus-türk müharibəsi ingilislərin səyini heçə endirmişdir. Bu müqavilə əsasında İrəvan və Naxçıvan xanlıqları da ruslar tərəfindən işgal edilmişdir. “Türkmənçay” müqaviləsinə görə Qacariyyə əvvəllər əsir götürdüyü gürcüləri, ruslari və erməniləri Rusiyaya verdi. Bundan əlavə ruslar Türkiyə və İrandan 140 min ermənini İrəvan xanlığına və Qarabağa köçürdü. Hansı ki, bundan əvvəl bütün Qacariyyənin ərazisində dağınıq şəkildə 8 min nəfər erməni yaşayırdı. Bununla Türkiyə və Qacariyyəyə qarşı ruslar Zaqafqaziyada erməni kartını işə saldı və onların bu siyasəti Ermənistan dövlətinin yaradılması ilə nəticələndi.

01 avqust 1914-cü ildən başlayan birinci Dünya Müharibəsi və 12 mart 1917-ci ildə Rusiyada başlayan feodal burjua inqilabı nəticəsində çar hakimiyyətdən getdi, müvəqqəti hökumət elan edildi. Bunun ardınca Oktyabr İnqilabi nəticəsində Leninin başçılığı ilə hakimiyyətə gələn bolşeviklər “Anneksiyasız və kontribusiyasiz” sülh ideyası ilə çıxış etdi. Sülh haqqında dekretdə deyilirdi: “Anneksiya və yad ərazilərin tutulmasını... hökumət (sovet hökuməti S.C.) böyük və ya güclü dövlətə - nə vaxtsa güclə birləşdirilməsindən, bu dövlətin sərhədlərində saxlanan xalqların nə dərəcədə inkişaf etmiş və ya geridə qalmasından asılı olmayaraq, güclə birləşdirilmiş və ya güclə bu dövlətin sərhədlərində saxlanmasından asılı olmayaraq, nəhayət bu xalqların Avropada və ya uzaq okeanların arxasında yaşamasından asılı olmayaraq - kicik və ya zəif xalqların dəqiq, aydın və könüllü iradə ifadə etməsi və arzusu olmadan birləşdirilməsini nəzərdə tutur”.

Bundan sonra rus sovet hökuməti 15 noyabr 1917-ci ildə “Rusiya xalqlarının hüquqları haqqında deklorasiya” elan etdi. Bu deklorasiya “Rusiya xalqlarının bərabərliyi və suverenliyini, milli imtiyazların məhdudiyyətlərin ləğv edilməsini, Rusiya xalqlarının öz müqəddəratını təyinetmə hüququnu və Rusiyadan ayrılıb öz müstəqil dövlətini yaratmaq hüququnu elan etmişdir”.

3 dekabr 1917-ci ildə Xalq Komissarları Sovetinin “Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” müraciəti yayıldı. Həmin müraciətdə müsəlman xalqları öz milli həyatlarını azad və maneəsiz (Rusiya tərəfindən-S.C) qurmağa çağırılırdı. Nəhayyət sovet hökuməti Qacariyyənin (artıq İran adlanmağa başlanmşdı - S.C) və Türkiyənin bölünməsi ilə bağlı bütün gizli sazişləri ləğv etmiş İrandan və Türkiyədən rus qoşunlarını geri çağırmışdır.

Bu dekretlərin verilməməsi ilə Çar Rusiyasının müharibə və işğal you ilə öz sərhədlərinə qatdığı və uzun illər öz əsarətində saxladığı br çox xalqlara, o cümlədən Azərbaycan xalqına milli müqəddəratını təyin etmək hüququnu tanımışdır. Hansı ki, xalqımız 28 may 1918-ci ildə öz müstəqiliyini elan etmişdir. Lakin iki ildən sonra Sovet Rusiyası Çar Rusiyasının siyasətini davam etdirərək Azərbaycana 11-ci “Qızıl Ordu”nu yeritdi və müstəqil Azərbaycanı qan içində boğaraq yenidən işğal etdi.

Bütün bunlar göstərir ki, Azərbaycanın Rusiya tərəfindən işğalına səbəb rus-ingilis və fransız dövlətlərinin geopolitik maraqlarının toqquşması, Türkiyə ilə müttəfiqlik cəhdlərinin alınmaması, Azərbaycan xanlarının xəyanəti, seperatizm, hərbi islahatların başa çatdırılmaması

olmuşdur.

Bu gün də bölgədə müxtəlif güclərin maraqları zaman-zaman toqquşmaqdadır. Müstəqilliyimizin qorunması, suverenliyin möhkəmlənməsi hər şeydən əvvəl geopolitik incəlikləri nəzərə almaqdan, Azərbaycan dövlətinin Azərbaycan xalqının maraqlarına prioritet verməsindən, kənar güclərin geopolitik oyunlarında iştirakdan imtina etməkdən, Qardaş Türkiyə ilə müttəfiqliyi durmadan gücləndirməkdən və ən vacibi ordu islahatlarını dövlətin bir nömrəli vəzifəsi kimi başa çatdırmaqdan keçir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar