"Heç kəsin ixtiyarı yoxdur ki, milyonlarla Qərbi azərbaycanlını təhqir etsin" - TƏDBİR

Azərbaycan Qaçqınlar Cəmiyyəti Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanlıların soyqırımı: dünən və bu gün” mövzusunda tədbir keçirib. Qaçqınlar Cəmiyyəti İdarə Heyəti üzvlərinin, qaçqınların və məcburi köçkünlərin nümayəndələrinin, Qeyri Hökumət Təşkilatları rəhbərlərinin, mütəxəssislərin iştirak etdiyi həmin tədbirdə son iki yüz ildə xalqımızın məruz qaldığı soyqırım və deportasiyaların tarixi və mərhələləri ətrafında müzakirələr aparılıb.

Qarşıdan gələn 2018-ci ilin Azərbaycanın parçalanmasının və İrandan, Türkiyədən ermənilərin Qafqaza köçürülməsinin hüquqi-siyasi əsasını qoyan Türkmənçay müqaviləsinin 190 illiyinin, 1918-ci il soyqırımının 100 illliyinin, 1948-1953-cü illər deportasiyasının 70 illiyinin, 1988-ci il deportasiyasının 30 illiyinin tamamlandığı il olduğuna xüsusi diqqət yetirilmiş, bu ildönümlərinin keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli deyib: "Nazirlər Kabineti tərəfindən erməni işğalı nəticəsində soydaşlarımıza dəymiş ziyanın hesablanması ilə bağlı İşçi qrupu yaradılmışdı. Bu İşçi qrupu üç il ərzində qaçqınlara dəymiş ziyanın qiymətləndirilməsi ilə məşğul olub və bu gün işini başa çatdırıb. Bizim dəfələrlə müraciət etməyimizə baxmayaraq, Ermənistan qaçqınlarına dəymiş ziyanın hesablanması prosesi aparılmadı. Bu, Nazirlər Kabinetinin Qərbi azərbaycanlılara qarşı xəyanətidir! Bu qiymətləndirilmə aparılsaydı, sabah beynəlxalq məhkəmələrdə təzminat tələb oluna bilərdi. Məqsəd nədir?

Digər məsələ. Bu yaxınlarda bəyanat yaymışdıq. Elə bir vəziyyət yaratmışıq ki, artıq başqaları da bizi təhqir etməkdən çəkinmir. Əsli-kökü bilinməyən türkiyəli iş adamı Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımızı erməni adlandırıb. İki iş adamının iqtisadi münaqişəsi nəticəsində zərbə bizə dəyir. Birinin Qərbi Azərbaycandan olmasına digəri işarə edərək bildirir ki, İstanbulda doğulan ermənilər türkdür, amma Ermənistanda doğulan azərbaycanlılar ermənidir. Belə məsələlərə nə qədər münasibət bildirmirik, bir az da üstümüzə ayaq açırlar. Ən pis tərəfi də budur ki, özünü ictimaiyyətə hüquq müdafiəçisi kimi təqdim edən Aslan İsmayılov bütün Qərbi azərbaycanlıların erməni adlandırılmasına seyriçi mövqe tutur. Danışdırdığı adam bu sözü deyir və o da bunu qəbul edir, susur, sonradan isə təkzib eləməyə cəhd göstərir.

Ermənistanda doğulan qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun hüquqlarını müdafiə edən Aslan İsmayılovla bağlı hüquq-mühafizə orqanlarına, ölkə başçısı İlham Əliyevə müraciət ediləcək. Heç kəsin ixtiyarı yoxdur ki, böyük bir toplumu - milyonlarla Qərbi azərbaycanlını özünün şəxsi maraqlarına görə təhqir etsin. Belələri öz cavabını almalı və öz yerini bilməlidir".

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə çıxışında deyib: "1988-ci ildən mən də qaçqınlıq həyatı yaşamışam. Hər bir təşkilatın bir istiqaməti vətənpərvərliyə, deportasiyaya yönəlməlidir. Bu gün təkcə tarixi söhbət aparmamalıyıq. Bir çox türk iş adamları var ki, onlar özləri o zaman Qərbi Azərbaycanda soyqırıma, deportasiyaya məruz qalıblar. Türkiyəyə köçüblər. Çox yaxşı olar ki, biz onları dəvət edek ki, bu məsələlərə onlar da münasibət bildirsin, onların dəstəyini istəyək. Onlar gəlib-gedirlər, hansısa işlər görürlər, amma bu məsələ həll olunmur. "

Dünya Azərbaycanlıları Konqresinin İcra aparatının rəhbəri, BDM sədrinin birinci müavini Samir Adıgözəlli çıxışında Qərbi azərbaycanlıların təhqir olunmasına münasibət bildirib: ""Emre piliç" şirkətinin rəhbərinin gəlib Bakıda belə bir açıqlama verməsi çox ciddi məsələdir. Bəlkə də həmin o adam qanmayıb, başa düşməyib ki, Ermənistanda doğulmaq nə deməkdir. Orada doğulub, yaşayıb, bir əsrdə 3 dəfə qaçqın düşüb, deportasiya olub, ev-eşiklərini itiriblər. Amma bunu Aslan İsmayılov başa düşməli idi. Ömür Oralın sözünü kəsməli idi. Niyə bəzi insanlar bu qədər şəxsi maraqlarını, maddi maraqlarını qorumaqla məşğuldurlar? Biz də mediada Aslan İsmayılovun mövqeyini, bu hərəkətini ciddi şəkildə qınamışıq. Bu şirkətin ortağı ermənidirsə, bu sağlam ermənidir və ya qeyri-sağlam ermənidir, fərqi yoxdur, bu ermənidir. Türkiyə vətəndaşıdır, hara vətəndaşıdır, fərqi yoxdur. İş adamına yaraşmır ki, bu gün torpaqlarımızın işğal olduğu vaxtda, anaların gözü yaşlı vaxtda ermənilərlə əməkdaşlıq etsin.

Beynəlxalq Diaspora Mərkəzi Qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun vəkili Aslan İsmayılovla bağlı “Türkiyə İş Adamları Birliyi”nə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib. Azərbayacana yumurta ixrac edən bu türk şirkətinin ermənilərlə əməkdaşlığı, şərik çalışması sənədlərlə sübuta yetirilib. İndi bu ermənilərin qazandığı pulun ASALA terror təşkilatına getməməsi nə məlum? Biz, Qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun vəkili Aslan İsmayılovla bağlı “Azərbaycan-Türkiyə İş Adamları Birliyi”nə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişik! Bu məsələyə münasibət bildirilməlidir. Biz biznes məsələsinə qarışmırıq. Amma şirkətin bir hissəsi erməni olduğu üçün biz bu işə qarışacağıq."

Tədbirin sonunda müzakirə olunan məsələlər barədə ölkə Prezidenti cənab İlham Əliyevə və əlaqədar dövlət qurumlarına müvafiq Müraciətlər qəbul olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar