“ƏKS TƏQDİRDƏ DAŞ-DAŞ ÜSTƏ QALMAZDI...” - Prezident

"Son illər ölkədə ordu quruculuğu ilə bağlı mühüm tədbirlər görülüb". Bunu prezident İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə bağlı hərbçilərlə görüşündə deyib.

Prezident bildirib ki, ordunun maddi-texniki bazası və döyüş potensialı gücləndirilib. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: “Əks təqdirdə daş-daş üstə qalmazdı”.

Bundan sonra da ordumuzun gücləndirilməsinə böyük diqqətin göstəriləcəyini, ordunun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyətin olmadığını deyən ali baş komandan işğal olunmuş torpaqlara qayıdacağımıza və orada Azərbaycan bayrağının dalğalanacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev silahlı qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıb.

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək"-prezident İlham Əliyev hərbçilərlə bu günkü görüşündə deyib.

Dövlət başçısı bildirib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi: "Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək".

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır: "Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir".

İlham Əliyevin sözlərinə görə, aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. “Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur»-prezident deyib.

“Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir.Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır”, - deyə dövlətimizin başçısı bildirib.

Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyətin yarandığını vurğulayan Prezident İlham Əliyev deyib: “Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.

Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüşündə bildirib.

Prezident, Ali Baş Komandan İlham Əliyev deyib ki, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa edib: "Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar