“Hökumət bütün ağırlığı sahibkarların və istehlakçıların…” – Qubad İbadoğlu

Dərc olunub: 31/03/2017 - 22:53

qubad ibadoglu“Manatın məzənnəsində sabitləşmə gedir. Çünki pul qıtlığı yaratmısınız. Ölkədə kredit verilmədiyindən real sektor inkişaf etmir. Biz bunun əziyyətini 2-3 aydan sonra görəcəyik”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Mərkəzi Bankı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Banklar haqqında” qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prossessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O, vurğulayıb ki, bank sektoru bizim ən ağrılı yerimizdir: “Bizim iradlarımız həddən artıq böyükdür. Baxın, məhkəmələrdə bizim insanlar nə qədər əziyyət çəkir. İnsanlar məhkəmələrin qapılarında dayanır. Bu prosesi axıra çatdırmaq lazımdır. Pulu sıxıb saxlamaqla real sektor, qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil”.

Bəs, görəsən iqtisadçılar bu haqda nə düşünür? Manatın məzənnəsinin sabitləşməsinin səbəbi məhz manat qıtlığının yaradılmasıdırmı? Əgər belədirsə, bunun iqtisadiyyat üçün nə kimi mənfi təsirləri ola bilər?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Qubad İbadoğlu da vurğuladı ki, Vahid Əhmədovun fikirlərində həqiqət var: “Bu günlərdə Azərbaycanda həm sənaye istehsalında tənəzzül gedir, həm də digər sektorlarda böhran yaşanır. Bütövlükdə işsizliyin artmasının, iqtisadi aktivliyin aşağı düşməsinin, alıcılıq qabiliyyətinin azalmasının əsas səbəbi məhz dövriyyədə manatla olan pul kütləsinin azalmasından qaynaqlanır. Bu gün bu bir əks dollarlaşma effekti yaratsa da dövriyyəyə yalnız əmək haqları və pensiyalar girir. Bu da gecikdirilməklə həyata keçirilir. Bu vəsaitlər də əsasən istehlaka yönəldiyindən dollara tələbatı artırmır. Dollar alışında zəiflik hiss olunur. Yalnız bu məqsədlə sözügedən iqtisadi siyasətə rəvac vermək, gələcək baş verəcək riskləri nəzərə almaq qabiliyyətinin olmamasından irəli gəlir”.

Q. İbadoğlu hesab edir ki, iqtisadiyyatın kiçilməsi həm büdcə səviyyəsində, həm ümumdaxili məhsul səviyyəsində, həm də digər göstəricilər baxımından dayanıqlı iqtisadi inkişaf tələblərinə ziddir: “Buxovlayıcı monitor siyasət yeritməklə, məhdudlaşdırıcı fiskal tənzimləmə mexanizmi istifadə etməklə dövriyyədə pul kütləsini azaldaraq ona daha asan nəzarət etmək imkanlarına malik oluruq. Bu son nəticədə əsas hədəflərdən biri olan inflyasiyanın da aşağı düşməsinə gətirib çıxarmalı idi. Ancaq baş verənlər onu göstərdi ki, bu siyasətin əsas hədəflərindən biri olan inflyasiya bu gün Azərbaycanda əvvəlki illərlə müqayisədə daha da yüksəlib. Çünki yanvar-fevral aylarında istehlak qiymətlərində 12,5 faiz artım olub. Halbuki ötən dövrdə 11,7 faiz olub. Halbuki dolların ucuzlaşmasından sonra inflyasiya əvvəlki dövrlə müqayisədə aşağı düşməli idi. Deməli bu siyasət inflyasiyanı hədəfləsə də, buna nail ola bilmir. Əksinə digər iki problem yaradır. İqtisadi aktivliyi aşağı salır və alıcılıq qabiliyyətini azaldır”.

İqtisadçı hesab edir ki, bu siyasət eyni zamanda ixracat potensialının imkanlarını zəiflədir: “Bu gün Azərbaycanda manatın məzənnəsinin möhkəmlənməsi siyasəti yalnız idxalatçıların maraqlarına xidmət edir. Bu nə sənayeçilərin , nə də ixracatçıların marağına cavab vermir, əksinə ziddiyyət təşkil edir. Lakin təəssüflər olsun ki, Azərbaycanın maliyyə bazarına nəzarət edən institutlar bu metoda üstünlük veriblər və təkcə bu siyasət ilə Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq niyyətindədirlər. Ancaq mənim fikrimcə, böhran dövründə Azərbaycan iqtisadiyyatında məcmu təklifi stimullaşdırmaq lazımdır. Bu isə o deməkdir ki, daha çox sərmayə qoymaq lazımdır. Daha çox kredit qoyuluşu həyata keçirmək lazımdır”.

Qubad İbadoğlunun sözlərinə görə, hökumət prosesin bütün ağırlığın sahibkarların və istehlakçıların üzərinə qoyur: “Düzdür, indi Mərkəzi Bankın manevr imkanları azdır. Mərkəzi Bank yalnız pul kütləsi ilə əməliyyatlar aparmaqla proseslərə təsir etmək imkanına malikdir. Çünki ölkədə səhm bazarı yoxdur, qiymətli kağızlar bazarı yoxdur, investisiya fondlarının fəaliyyəti zəifdir. Ona görə də hökumət dövriyyədə olan pul kütləsini azaltmaqla və ya artırmaqla dolların məzənnəsinə təsir göstərməyə çalışır.

Bildiyiniz kimi, uçot dərəcələri ilə də proseslərə təsir etmək mümkün deyil. Amma istənilən halda bu siyasət düzgün siyasət deyil. Bu siyasətə üstünlük verilməsinin səbəbi isə odur ki, bunun ağırlığını əhali və sahibkarlar daşıyır. Prosesin əsas yükünü istehlakçılarla sahibkarlar arasında bölüşdürüblər. İstehlakçılar hələ ki bu yükü daşımaq iqtidarındadır deyə hökumət ağırlığı onların üzərinə qoyur. Bu mənada sahibkarların da, investorların da xərcləri artır. Bu da təbii ki, müəyyən dövrə qədər davam edə bilər. Müəyyən dövrdən sonra bu xərclərin artımı da həm sahibkarlar, həm də istehlakçılar üçün ciddi problem yaradacaq”.


loading...

Fikrinizi bildirin