Diplomat Xarici işlər naziriliyini məhkəməyə verir

Xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini icra etmiş İlqar Qurbanov Azərbaycan Xarici İşlər Nazirliyini məhkəməyə verib.

AzadlıqRadiosuna bu məlumatı diplomatın bacısı, sabiq millət vəkili Gülnarə Qurbanova ayrıca məktubla çatdırıb.

Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə üz tutan diplomat «işburaxma müddəti üçün əməkhaqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi»ni istəyir.

Məktubda qeyd olunur ki, 2012-ci ilin fevralında Azərbaycanın Çexiyadakı səfirliyinə müşavir-elçi vəzifəsinə göndərilən İlqar Qurbanov nazir Elmar Məmmədyarovun əmri ilə 2012-ci il oktyabrın 1-dən vəzifəsindən geri çağrılıb.

Gülnarə Qurbanova deyir ki, diplomatik işçilər üçün uzunmüddətli xarici ezamiyyət qanuna görə ən azı 3 il olsa da, İlqar Qurbanovun «uzunmüddətli» ezamiyyəti bir neçə ay çəkib. Ezamiyyətdən qayıtdıqdan sonra 11 il çalışdığı «xüsusi tapşırıqlar üzrə səfir» vəzifəsinə də bərpa etməyiblər:

«İlqar Qurbanov 11 ildən çox bir müddətdə Azərbaycan Xarici İşlər Nazirliyinin «xüsusi tapşırıqlar üzrə səfir» vəzifəsini icra edib. Nazirin əmrində 2012-ci il oktyabrın 1-də onun Çexiyadan geri çağrılması göstərilib. Diplomat bu əmrə əsasən Bakıya qayıdıb və elə oktyabrın 1-də katibliyə gedərək nazirin adına ərizə yazıb və 2001-ci ildən 2012-ci il fevralın 1-dək nazirlikdə çalışdığı «xüsusi tapşırıqlar üzrə səfir» vəzifəsinə bərpa edilməsini istəyib. Artıq bir il ötsə də, onun ərizəsinə indiyədək cavab verilməyib».

Gülnarə Qurbanova qardaşının Azərbaycan Xarici İşlər Nazirliyində 20 ildən çox çalışdığını və ölkə üçün onlarca diplomat hazırladığını vurğulayır:

«XİN Kollegiyası Əsasnaməsinin müəllifidir. Kollegiya yaranan ilk gündən Çexiyaya ezam olunanadək oranın məsul katibi olub. Təbii ki, belə bir işçi, başqa bir ölkədə çoxdan xaricə səfir göndərilər və ya ən azı, Bakıda tutduğu vəzifədən iki pillə aşağı bir vəzifədən (müşavir-elçi vəzifəsi nəzərdə tutulur – red.) təcili geri çağrılıb evdə işsiz oturmazdı. Hətta çağrıldığı halda da ezam olunmadan əvvəlki vəzifəsinə bərpa olunardı. Amma bizim harada yaşadığımızı hər gün yadımıza salırlar».

XİN-İN MÖVQEYİ

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu məsələdə hər hansı problem görmür və bildirir ki, xarici ölkədən ezamiyyətdən qayıdan bütün diplomatlar qanun çərçivəsində eyni prosedurdan keçir:

«Xaricdən ezamiyyətdən qayıdan şəxs, təbii ki, Xarici İşlər Nazirliyinə bərpa olunması ilə bağlı ərizə yazıb müraciət edir və bu müraciətlərə baxılır».

İlqar Qurbanov ötən əsrin 60-cı illərində Sovet Azərbaycanının rəhbərlərindən birinin – Şıxəli Qurbanovun oğludur. Tanınmış yazıçı-dramaturq olan Şıxəli Qurbanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi çalışdığı dövrdə Novruz Bayramının ilk dəfə dövlət səviyyəsində keçirilməsinə nail olmuş və xalqın böyük rəğbətini qazanmışdı. Ailəsi onun ölümünü məhz bu xidmətiylə əlaqələndirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar