“Mitinqə görə Müsavatın qıcıqlanması yanlış hərəkətdir” - Sərdar Cəlaloğlu

serdar02“Azərbaycan Demokrat Partiyası mitinq keçirməyi düşünmür. Mitinq təşkil edəndə insanlar könüllü gəlməyi arzulamayanda əlavə maliyyə xərcləməli olursan. Bizimsə imkanlarımız azdır, yəqin Milli Şuranın müəyyən mənada imkanları var ki, hər il aksiya keçirirlər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADR) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədrinin fikrincə, mitinq keçirmək üçün sosial təklif olmalıdır: “Vaxtilə Azərbaycanda o qədər mitinq keçirmişdik ki, mitinqlərdən yorulmuşduq. Görsəm ki, doğrudan da tərəfdarlarımız, üzvlərimiz kütləvi şəkildə küçəyə çıxıb öz iradəsini bilavasitə bildirmək istəyir, əlbəttə, mitinq təşkil etmək vəzifəm olacaq. Mitinqlərə müəyyən vəsait sərf etməklə keçirmək praktikası dünyada məşhurdur. Kütləvi aksiyalar üçün müəyyən vəsait sərf edib adamları meydana yığırlar. Şəxən mənim özümün də maliyyə imkanlarım olsa, böyük aksiyalar keçirərəm”.

O, aprelin 9-da keçirilməsi planlaşdırılan Milli Şuranın mitinqinə qoşulmaqla bağlı hər hansı müraciətin olmadığını qeyd edib: “Qanuna görə, siyasi partiyaların öz üzvlərinin hüquqlarını məhdudlaşdırmağa ixtiyarı yoxdur. Üzvlərimiz və tərəfdarlarımız istənilən aksiyada azad şəkildə iştirak edə bilərlər. Onların iştirakına nə partiya məsuliyyət daşıyır, nə də biz qadağa qoyuruq. Sadəcə, mənim iştirakım düzgün olmaz. Demokratiyanın belə bir prinsipi var, qərarları kim verirsə, o da icra eləməlidir. Qərar verənlər yəqin öz güc və potensialını hesablayıb, ictimai rəyi öyrənib, lazımi təbliğat işi aparıblar. Ona görə də bizim mitinqdə iştirakımıza ehtiyac yoxdur”.

Sərdar Cəlaloğlu Müsavat Partiyasının Milli Şuranın mitinqinə reaksiyasının partiyalararası rəqabətlə bağlı olduğunu deyib: “Mitinqə on min adam da çıxsa, buna Milli Şuranın elektoratı kimi baxmaq olmaz. İnsanlar Qarabağ və ya sosial-iqtisadi məsələlər, eləcə də öz qayğıları ilə bağlı aksiyalara gələ bilər. Bizdə məşhur söz var, camaat yasa gələndə hərə öz ölüsünə ağlayır. Mitinqə də hərə öz qayğılarına görə gəlir, mitinqi təşkil edənlərin reytinqinə və siyasi maraqlarına görə yox! Müsavat Partiyasının qıcıqlanması yanlış hərəkətdir. Öz üzvlərimizə də söyləmişik ki, aksiyalarda müstəqil şəkildə iştirak edə bilərlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar