“MANAT XEYLİ MÜDDƏT SABİT QALACAQ” – “Bədbin proqnozların əsası yoxdur”

Dərc olunub: 04/04/2017 - 10:43

“Xarici valyutaya tələb minimuma enmiş vəziyyətdədir”

manatBir çox ekspertlər Novruz bayramı sonrası və ya mart ayının sonunda manatın məzənnəsində kəskin ucuzlaşma baş verəcəyi ilə bağlı proqnozlar verirdilər. Lakin hazırkı məzənnə onu deməyə əsas verir ki, bu proqnozlar özünü doğrultmadı. Hazırda manatın dollara qarşı məzənnəsi 1.72 -dir.

Bəs görəsən, bundan sonra da manatın məzənnəsi möhkəmlənməkdə davam edəcəkmi? Manatın kursu ilə bağlı arxayınlaşmağa dəyərmi?

Bu sualları cavablandıran ekspert Pərviz Heydərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda sərbəst maliyyə bazarı olmadığından manatın məzənnəsi ilə bağlı bədbin proqnozların əsası yoxdur: “Əvvəla, diqqət yetirsəniz, manatın məzənnəsi ilə bağlı bədbin proqnozlar verənlərin indi səsləri çıxmır. Sanki ”qurbağa gölünə daş atmısan”… Çünki onların əsaslandıqları arqumentlər cəfəng fikirlərdən başqa bir şey deyildi. Bu adamlar hələ də manatın real bazar dəyərini – məzənnəsini tapmalı olduğundan danışırlar. Söhbət hansı bazardan gedir, aydın deyil. Məlumdur ki, bizdə sivil bazar iqtisadiyyatı mexanizmi fəaliyyət göstərən ölkələrdə olduğu kimi müvafiq maliyyə bazarı mövcud deyil. Üstəlik, real olaraq, iqtisadi aktivlik sıfır vəziyyətindədir. Manat real bazar dəyərini harda və necə tapmalıdır?”

407525845Pərviz Heydərov manatın möhkəmlənməsi fikri ilə də razılaşmır: “Məsələ, sadəcə olaraq, belədir: Birincisi, xarici təsirlər, yəni neftin qiyməti, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə, əsas ticarət tərəfdaşlarımızda devalvasiya prosesləri səngiyib və bununla əlaqədar olaraq da təzyiqlər azalıb. İkincisi, məlum olduğu kimi, hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini xeyli dərəcədə dəyişib. Üçüncüsü, ölkədə pul-kredit siyasəti daha da sərtləşdirilib. Üstəlik də bank sektoru da hazırda ”iflic vəziyyətində” olduğundan real sektoru onsuz da maliyyələşdirə bilmir. Dördüncüsü, valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilib. Söhbət Mərkəzi Bankın bu ilin yanvarın 12-dən valyuta hərraclarının keçirilməsi qaydalarını növbəti dəfə dəyişdirməsindən, yəni onu daha yeni formaya doğru təkmilləşdirməsindən, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tətbiq olunan mənfi və müsbət 4 faizlik marjanı da ləğv etməklə manatın “tam üzən məzənnə” rejiminə keçidini təmin etməsindən gedir. Beşincisi də, ölkədə dollarizasiya prosesi də zirvə nöqtəyə çatdığından xarici valyutaya tələb minimuma enmiş vəziyyətdədir”.

İqtisadçı Pərviz Heydərov hesab edir ki, manat hələ bir müddət hazırkı məzənnə ətrafında sabit qalacaq: “Odur ki, manatın sanki hətta bahalaşmağa doğru start götürdüyü nəzərə çarpmaqdadır. Lakin bu, aradabir qeydə alınan tempdir, yəni müvəqqəti ”qığılcımlardır”, bütövlükdə valyuta bazarında vəziyyət sabit xarakter daşımaqdadır. Və bu mənzərə hələ xeyli müddət dəyişməz olaraq qalacaqdır…”








loading...


Fikrinizi bildirin